Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Akula Akif”in qurbanı olan iş adamının ailəsi ölümlə hədələnir



Aprelin 11-də Şəhidlər xiyabanında özlərini yandırmağa cəhd edən Yasamal rayon sakinlərinin problemləri hələ də həll edilməyib. İllərdir ki, məmurlar tərəfindən başlarına olmazın müsibətlərin gətirildiyini iddia edən Sevda Süleymanova və Elmidar İsmayılov onlarınəlində alətə çevrildiklərini deyiblər.

Bu dəfə “Cümhuriyət” qəzetinə müraciət edən şikayətçilər bildiriblər ki, süründürməçilikdən artıq təngə gəliblər. Bu azmış kimi indi də onları ölümlə hədələyir, rahat yaşamağa imkan vermirlər: “Çıxış yolumuz qalmayıb artıq. Bu yol intihar idi, ona da cəhd etdik. İmkan verilmədi ki, cəhdimizi başa çatdıraq. Ciddi yanıq xəsarətləri aldıq. Amma bu yaralar problemimizn yanında kölgədə qalır.

Bu ölkədə bizi dinləyən və görən tapılacaqmı? 5 ildir ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin qurbanına çevrilmişik. Nə haqlı müraciətlərimizə baxan, cavab verən tapılır, nə də azad, rahat nəfəs almağa imkan verilir. Məmurların biganəliyindən yorulmuşuq. Kimə, hara şikayət ediriksə, faydası yoxdur. Hansı yola baş vuraq, bilmirik. Ölsək, rahatlığa çıxacaqlarmı? Bu qədər də müraciətləri görməzlikdən gəlmək olmaz axı...Prezidentdən başqa hər kəs bizim haqlı problemlərimizi bilir . Minlərlə quruma problemlə bağlı fakt əsasında müraciətlər göndərmişik. Ölkənin cavabdeh nazirləri və məmurları ilə görüşmüşük. Nəticə yoxdur. Sifariş və xüsusi maraqlar səbəbindən qəbulunda olduğumuz məmurlar da şikayətlərimizə göz yumur. Onlara yanlış məruzə olunur , məsələnin əsl mahiyyəti düzgün çatdırılmır”.

“Kimə neyləmişik?”

Sevda Süleymanova və Elmidar İsmayılov deyib ki, son vaxtlar rahatlıqları pozulub. Ard-arda təhdid və təzyiqlərə məruz qalırlar. Hətta ölümlə hədələnirlər: ”Bilmirik bütün bunların arxasında kimlər dayanır? Biz haqlı şikayət edirik və ədalətin bərpasına çalışırıq. Günahsız insanları çirkli əməllərə vəsilə etmələri bəs deyil, hələ bir bizi də incitməyə başlayıblar. Azad və rahat yaşamaq haqqımızdan da məhrum olmuşuq. Nə qədər səhərləri səksəkədə açmaq olar? Kimə neyləmişik?”

Sevda Süleymanova iddia edib ki, həyat yoldaşı Süleymanov Qüvvətəli Hacıbaba oğlunu heç bir günahı olmadan keçmiş milli təhlükəsizlik nazirinin sağ qolu sayılan “AKULA” ləqəbli Akif Mustafayev tora salıb. A.Mustafayevin və “AFİNA” MMC tikinti şirkətinin təsisçilərinin məqsədi Q.Süleymanovun həmin tikintiyə qoymuş olduğu külli miqdarda pulunu və əmlaklarını əlindən almaq, eləcə də ailəsini həyatda məhv etmək olub. Elə bu səbəbdən də 2013-cü ildə iş adamı həbs edilib: “Artıq 4-il 6 aydır ki, həyat yoldaşım qeyri-qanuni cəza çəkir. Nə cənab prezidentin vermiş olduğu humanist qərarları yoldaşıma şamil edirlər , nə də əfv edirlər, nə də aministiyaya salırlar. Əksinə, həm onun, həm də ailəsinin taleyi ilə oynayırlar. Mən günahsız cəza çəkən həyat yoldaşıma azadlıq istəyirəm. Bu həyatda başqa istəyim yoxdur, mal-mülk , heç nə istəmirəm. Sadəcə, yoldaşım azadlığa çıxsın. Bütün əmlaklarımızı əlimizdən qeyri-qanuni alıblar . Ali Məhkəmənin qərarı və geriyə dönüşlə Yasamal rayonu Z.Xəlilov ev 69 mənzildə qeyri yaşayış sahəsini udmuşam. Orada da, kiçik bir zirzəmidə məni rahat yaşamağa qoymurlar”.

Təhdidlərlə davam...

Elmidar İsmayılov isə qeyd edib ki, 2014-cü ildə özü və atası İsmayılov Məhərrəm keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş Xüsusi Təyinatlılar İdarəsinin “Qartal” məxfi qurumunun 5 nəfər əməkdaşları tərəfindən ölümcül şəkildə döyülüb. O, yol qəzasına görə atası Məhərrəm İsmayılovun protez ayağının sındırılmasından, atasına köməyə gedərkən özünün də ölümcül şəkildə döyülməsindən gileylidir: “Qartal” məxfi qurumunun 5 nəfər əməkdaşı tərəfindən ciddi xəsarət almaqla yanaşı, həm də mənəvi ziyana məruz qalmışıq. Bu azmış kimi öz sifarişləri ilə işdən atılmışam. Ailəlikcə təzyiq altındayıq. Şikayətlərimizı 5 ildir ki düzgün araşdırıb, düzgün qiymət verməyən hüquq-mühafizə orqanları, indi də bizi təzyiq və təhdidlərə məruz qoyublar.

Şikayətçilər onu da əlavə ediblər ki, prezident seçkiləri ilə bağlı keçirilən debatlardan birində problemləri ilə bağlı bir neçə namizədlə də görüşüblər. Məqsəd namizədlər tərəfindən onların səsinin yuxarı instansiyalara çatdırlması olub. Millət vəkili, həmçinin o məqamda namizəd olmuş Zahid Oruc hər iki şikayətçinin məsələsini dinləyərək, onların müraciətini YAP-ın sədr müavini - icra katibi Əli Əhmədova çatdırıb.

Parlamentdən Prezident Administrasiyasına...

Zahid Oruc “Cümhuriyət” qəzetinə açıqlamasında bunu təsdiq edib:

“Həmin şikayətçilər obyektiv olaraq məsələnin təsvirini versələr, deməlidirlər ki, parlamentdə onları ən çox dinləyən, fikirlərinə dəyər verən, müvafiq qurumlardan onların haqqını tələb edənlərdən biri olmuşam. O məsələnin təfərrüatları belə son detallarına qədər mənə bəllidir. Həqiqətən də, Elmidar İsmayılovun başına keçmiş MTN nümayəndələri olmazın əziyyətlər gətiriblər, haqları tapdalanıb, qanunsuzluğa məruz qalıb. Bundan ötrü də müxtəlif dövlət orqanlarının nümayəndələri onları qəbul edərək prokurorluq orqanlarına şikayətləri ilə bağlı müraciətlər göndəriblər, eləcə də həmin şəxslərlə bəzən əlaqələndirmələr təmin olunub ki, sözügedən şəxs öz haqqına çatsın. Uzun müddətdir ki, onlar problemin çözülmədiyini görüb, müxtəlif aksiyalara əl atmalı olublar ki, səsləri eşidilsin.

Bu haqda geniş məlumatlıyam və telefon vasitəsilə də mənə bir neçə dəfə problemlərini çatdırıblar. Mən çox təəssüf edirəm ki, onları qəzaya uğradan, bədən xəsarəti yetirən adamlar hansısa bir şəkildə vətəndaşın reablitasiyası üçün həm mənəvi, həm də fiziki şəkildə vurduqları ziyanların maddi cəhətdən ödənməsi yönündə addımlar atmayıblar. İlk növbədə prokurorluq və məhkəmə orqanlarının borcudur ki, o yöndə addımlar atsın və qarşı tərəfi məsuliyyətə, cavabdehliyə cəlb etsin, o barədə də qərarlar verilsin. Bu halda parlament üzvü və hökumətin o sahə ilə bağlı olmayan rəsmisinin üzərinə də yük düşməyəcəkdi, problem ictimailəşib o idarəçiliyin nöqsanı kimi də görünməyəcəkdi. Halbuki cavabdeh qurumlar addım atmadığı halda, problem şaxələnir, digər strukturları əhatə edir və onların da qarşısında belə problem yaranır. Hər iki şəxsin şikayətləri barədə müraciətlərin müxtəlif rəhbər şəxslərə ünvanlamışam. Mənə təyin etmək çox çətindir ki, Sevda Süleymanovanın həyat yoldaşı gerçəkdən də bir mənzilin bir neçə şəxsə satılmasında iştirak edib, yoxsa MTN-nin hansısa bir quraşdırılmış əməliyyatınınmı qurbanına çevrilib... Onu müəyyənləşdirmək üçün çox sadə metodlar mövcuddur. Növbəti yeni xüsusatlar üzrə MTN-nin keçmiş cəlladlarından yeni iddia qaldıra bilərdilər və bundan ötrü yenidən məhkəmə keçirilərdi. Həqiqətən də sözügedən qadının başına gələn əziyyətlərin də əvəzi ödənilə bilərdi. Bu məsələnin media məkanında ictimailəşməsi, hakimiyyəti bu və ya digər formada tənqid edənlərin, istəməyənlərin əlinə əlavə əsaslar verir. İctimai Televiziyada debatlar zamanı hər iki şəxs mənə müraciət etmişdi və şikayətlərinin mütləq Əli Əhmədova çatdırılmasını istəyirdilər. Bu məsələni ona şəxsən təqdim etmişəm.

O insanların sonrakı mərhələdə Əli Əhmədovun köməkçisi tərəfindən dinlənilməsi və problemlərinə aydınlıq gətirilməsi yönündə də addım atılması barədə məlumatlıyam. Hətta ondan da məlumatlıyam ki, o adamlar seçkiqabağı təşviqat çərçivəsində keçirilən teledebatdan sonra şəxsən Əli müəllimlə görüşmək üçün ona yaxınlaşıblar. Bir daha müraciət edirəm ki, məsələdə məhkəmə orqanları real addımlar atmalıdırlar. Bəzi qurumlar isə sanki onların dərdlərinə yanırlar kimi davranıb onları qurbanlığa çevirmək məqsədi güdürlər. Ona görə də bu olmasın deyə müvafiq qurumlar aydınlıq gətirməlidirlər”.

Qeyd edək ki, sözügedən şikayətçilər Əli Əhmədovun köməkçisi Mahir Abbasəliyevlə görüşərək şikayətlə bağlı məktublarının baş nazirin müavininə təqdim olunmasını xahiş ediblər.

Məktubun taleyi?

Məsələ ilə bağlı Mahir Abbasəliyev “Cümhuriyət” qəzetinə açıqlmasında həmin məktubun indiki taleyindən xəbərsiz olduğunu deyib:

“Mətbuat xidməti ilə əlaqə saxlayın O, sizə dəqiq araşdırıb məlumat verəcək. O məktubun indiki taleyi ilə bağlı məlumatım yoxdur. Mənim işim tamam başqadır. Mən burda işlər idarəsinin müdiriyəm”.

Xatırladaq ki, Sevda Süleymanovanın həyat yoldaşı Qüvvətəli Süleymanov keçmiş MTN-nin sabiq naziri Eldar Mahmudovun sağ əli Akif Mustafayevin sifarişilə 21.10. 2013-cü il tarixində qeyri-qanuni həbs olunub. Qadının iddiasına görə, sifarişin məqsədi yoldaşının “AFİNA” MMC və “OMAKS” MTK-ya qoyduğu təqribən 8 milyon manat pulunu və 6 mənzilini əlindən almaq olub.

Digər şikayətçi Yasamal rayon sakini Elmidar İsmayilov və onun ailəsi keçmiş Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlılarının qurbanına çevrilib. İsmayılovlar ailəsi 3 ildir ki, çarəsiz durumda qalıb. Haqlarını tələb etdiklərinə görə isə ona və ailəsinə qarşı təzyiqlərin ardı-arası kəsilmir. Üz tutmadıqları, müraciət etmədikləri dövlət qurumu qalmayıb.

A. Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений