Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“ASAN Xidmət” varsa: Paralel işləri görən qurumlar ləğv olunmalıdır



Ölkə prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN həyat” Kompleksinin açılış mərasimində deyib ki, 2019-cu ilin sonuna qədər ölkədə daha 20 “ASAN xidmət” Mərkəzi fəaliyyət göstərəcək: “Biz çalışmalıyıq ki, gələcək illərdə ölkəmizin hər bir yerində “ASAN xidmət” mərkəzləri olsun. Eyni zamanda, gələn il 5 mərkəzin tikintisinə start veriləcəkdir və 2019-cu ildə onların açılışı nəzərdə tutulur. Biz istəyirik ki, 2019-cu ilin sonuna qədər ölkəmizdə 20 “ASAN xidmət” Mərkəzi fəaliyyət göstərsin.Beləliklə, “ASAN” bütün bölgələrə gəlir, hər bir vətəndaşa çox gözəl xidmət göstərir.“ASAN”ın öz davranış qaydaları var”.

Prezident həmçinin bildirib ki, gələn il Mingəçevir, Şəki və İmişli şəhərlərində “ASAN xidmət” Mərkəzinin açılışı nəzərdə tutulur. Bütün bunları nəzərə alsaq gələn il ölkədə fəaliyyət göstərən “ASAN xidmət” Mərkəzlərinin sayı 20-yə çatacaq. Məlumdur ki, Azərbaycanın bu layihəsi ictimaiyyət və bir sıra dövlətlər tərəfindən yüksək qiymətləndirilib. Məsələn, Fransa Respublikasının Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincent Plase 3 saylı “ASAN xidmət” mərkəzi ilə tanışlıq zamanı, “Azərbaycanda “ASAN xidmət” modeli uğurla fəaliyyət göstərir. Biz də Fransada belə bir elektron hökumət xidməti yaratmağa çalışırıq.“ASAN xidmət”in səyyar avtobus modelini Fransanın üç regionunda tətbiq etmək istəyirik”-deyə qeyd edib.

Bu gün ölkə vətəndaşlarının demək olar ki, böyük bir hissəsi məhz “ASAN xidmət”dən istifadə edir.Şəxsiyyət vəsiqələri, ümumvətəndaş pasportları, mülk çıxarışları, alqı-satqı və bir çox digər sənədlərin alınması məhz “ASAN xidmət” tərəfindən verilir.Ancaq paralel olaraq digər aidiyyatı qurumlar da bu fəaliyyəti göstərir.Məsələn, ümumvətəndaş pasportunu “ASAN xidmət”lə yanaşı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi də (OVİR) verir.İki eyni qurumun fəaliyyət göstərməsinə nə ehtiyac var?

Digər tərəfdən, “ASAN xidmət” fəaliyyətə başladıqdan sonra bir sıra nazirlik və komitələrin səlahiyyət və hüquqlarının azaldılması, “ASAN xidmət”in fəaliyyət sferasına daxil olan bütün əməliyyatların həmin qurumlardan alınacağı gözlənilirdi.Hesab edilirdi ki, bununla həm də korrupsiya və rüşvətin qarşısı aınacaq.Amma həmin qurumlar hələ də durur.Ümumiyyətlə, ekspertlər hesab edir ki, korrupsiya və rüşvətə yol açan bütün qurumlar ləğv olunmaldır və onların bütün funksiyaları “ASAN xidmətə” verilməlidir.

Milli Məclisin üzvü Fazil Mustafa “Cümhuriyət” qəzetinə şərhində digər qurumların səlahiyyətlərinin “ASAN xidmət”ə verilməsinin vacib olduğunu deyib:

“Bütün səlahiyyətlər “ASAN xidmət”ə verilməlidir. Çünki oxşar səlahiyyətli, eyni işi görən qurumların ləğvi vacibdir.Bu həm də dövlət büdcəsinin vəsaitlərinə də qənaət etmək mənasına gəlir.Çox təəssüf ki, bu istiqamətdə bir çox məsələlər hələ ki, həllini tapmayıb.Bu çox acınacaqlıdır. Amma hər halda biz çalışmalıyıq ki,  “ASAN xidmət”in funksiyalarının daha effektli olduğunu əsas gətirərək, digər qurumların səlahiyyətlərinin ona verilməsinə çalışaq”. Fransanın bu modelin tətbiqindən sonra bir sıra nazirliklərinin ləğv olunması haqqında iddiaları səslənirdi. Deputat bu məsələyə ritorik tərzdə münasibət bildirib: “Fransa bunu eləsə, mümkündür. Biz Fransadan qabağa düşə bilmərik axı.Gərək Fransa etsin, sonra biz edək”.

Vilayət Muxtar

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений