Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Azərbaycanla bağlı həddindən çox ağır dönəmlər başlayacaq” – HƏRBİ EKSPERT



Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Soçi şəhərindən qayıtdıqdan sonra Amerikanın İrəvandakı səfiri Riçard Milzin təkidi ilə görüşüb. Bu görüş iki ölkədən daha çox Türkiyə və Azərbaycanla bağlı bir sıra məqamları ilə diqqəti cəlb edir.

Cebhe.info xəbər verir ki, hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov görüşü şərh edərkən qarşıda Azərbaycanı çətin və mürəkkəb hadisələrin gözlədiyini anonsunu verib.

O bildirib ki, ABŞ və Rusiya arasında Paşınyanı öz orbitlərində saxlamaq uğrunda çox qızğın mübarizə gedir:

“Bu erməni quldurbaşı da çalışır ki, vəziyyətdən maksimum istifadə etsin. Yəqin ki, istifadə edəcək və məqsədlərinə tam da olmasa, müəyyən mənada nail olacaq. Bu münasibətlərin Azərbaycan üçün ən təhlükəsi və risklisi Qarabağla bağlı olan məsələdir. Uzun illərdir dediyimiz, yazdığımız və həyəcanla dilə gətirdiyimiz qorxulu hadisələr deyəsən, yavaş-yavaş tam açıq müstəvidə özünü göstərir. Böyük güclər, başda Rusiya və Amerika, hələ üstəlik Fransa da Azərbaycana Qarabağla bağlı elə bir "kompromis təklif" təklif edəcəklər ki, sadəcə, mat qalacağıq.

Dünən Paşinyanın Amerika diplomatı ilə görüşdə ən çox vurğuladığı məsələ, Ermənistanın guya iki "düşmən dövlət" - Türkiyə və Azərbaycan arasında qalması və hər mənada əziyyət çəkməsi faktını önə çıxartmasıdır. Həyasız erməni 3 gün bundan qabaq Soçidə Rusiya prezidenti Putinə diferambalar səsləndirirdisə, dünən Amerikadan daha böyük maliyyə və mənəvi dəstəkləri gözlədiyini dilə gətirib. İnanıram ki, 2018-ci ilin yaxın aylarında Ermənistanın hazırkı faktiki ağası və rəhbəri Paşinyan Trampın yanına çağırılacaq və ona bütün qaldırılacaq məsələlər ilə bağlı lazım olan qarantilər veriləcək. Qəribə səslənsə də, deyə bilərəm ki, Azərbaycanla bağlı həddindən çox ağır dönəmlər başlayacaq. Buna indidən hazır olmaq gərəkdir və Xarici İşlər Nazirliyi səviyyəsində qabaqlayıcı addımlar atılmalıdır”.

Ekspert qeyd edib ki, bir həftə öncə Türkiyə dövləti ABŞ-ın səfirliyini Qüdsə köçürməklə bağlı səsləndirdiyi etiraz bəyanatlarına, nəhayət ki, dünən Azərbaycan XİN öz etirazını bildirdi:

“Əziz diplomatlar, məgər 3-5 gün sizin üçün o qədər çətindir ki, siz bu işləri bu qədər ləng edirsiniz? Axı, çevik diplomatiya bir qədər fərqli anlayışdır. Azdan-çoxdan hərbi-siyasi təhsilimiz var və dünyada gedən prosesləri izləyir təhlil edirik. Amma, Azərbaycan XİN-nin elə boşluqları var ki, onlar haqqında sadəcə açıq yazmaq istəmirəm. Onu sadəcə "fil qulağında yatmış diplomat və ya diplomatlar" edə bilərdilər, necə ki, etdilər”.

Üzeyir Cəfərli bildirib ki, Paşinyanın yaramaz və cinayətkar Serj Sarkisyandan da çox radikal və proqnozlaşdırılmayan bir adam olması, gün kimi aydındır:

“Qarabağla bağlı onun edə biləcəyi isə, "küçə adamı" olmasına rəğmən çox qorxulu və təhlükəlidir. Kim deyir ki, o heç nə edə bilməyəcək?! Məncə, onun addımlarını düzgün proqnozlaşdıra bilmirlər. Elə dünən Amerika səfiri də yəqin ki, ona öz dövləti adından bəzi təminatları və qarantiyaları səsləndirib. Ən böyük qarantiyanı isə o bu il Vaşinqtonda yüksək səviyyədə keçiriləcək ABŞ hərbi-siyasi rəhbərləri ilə görüşdə alacaq. Buna qətiyyən şübhəniz olmasın. Ay ATƏT belə edəcək, BMT elə edəcək... Hamısı, (ifadəmə görə üzr istəyirəm) əski parçalarıdır. Hansılarının ki, zir-zibillərini biz silib-süpürürük. Bir qədər sərt alındı, amma söhbət Azərbaycan dövlətinin və dövlətçiliyin, xalq və millət kimi varlığımızın qalıb-qalmamasından gedir. Bu isə, hər şeyin fövqündə qalan məsələdir”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений