Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Məxməri inqilab” Qarabağa keçir - Saakyan rejimi  devrilə bilər



Mübariz Əhmədoğlu: “Onlar həm  Dağlıq Qarabağdakı rejimi devirmək, həm də Ermənistandakı siyasi vəziyyəti qarışdırmaq gücünə malikdir”

Bako Saakyanın rəhbərlik etdyi separatçı  rejim  Dağlıq Qarabağda “məxməri inqilab”ın baş verəcəyindən narahatlıq keçirir. Bu barədə Ermənistanın “Jamankx” qəzeti  məlumat yayıb. Mənbə  qondarma respublikanın siyasi dəhlizlərindən aldığı xəbərlərə əsasən qeyd edir ki, Samvel Babayan həbsdən çıxdıqdan sonra Xankəndinə  qayıdıb “məxməri inqilab” təşəbbüsü ilə çıxış edə bilər. Xatırladaq ki, Samvel Babayan 1995-1999-cu illərdə Dağlıq Qarabağdakı cinayətkar rejimin “müdafiə naziri” olub. 2000-ci ildə Dağlıq Qarabağın uydurma prezidenti Arkadi Qukasyanı devirməyə cəhddə ittiham edilərək 14 il müddətinə həbs edilib. 2004-cü ildə əfv  edilərək azadlığa buraxılıb. 

2017-ci ilin mart ayında qaçaqmalçılıq yolu ilə  Gürcüstandan Ermənistana "İqla" tipli portativ zenit-raket kompleksi  gətirməkdə ittiham olunan S.Babayan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanıb. 2017-ci ilin noyabr ayında isə Ermənistan məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. 

Samvel Babayan saxlanılan vaxt  apreldə keçiriləcək parlament seçkiləri kampaniyasında sabiq Ermənistan müdafiə naziri Seyran Ohanyan, sabiq xarici işlər nazirləri Raffi Hovhannisyan və Vardan Oskanyanın daxil olduğu Ohanyan-Raffi-Oskanyan  seçki blokunu təbliğ edirdi. Ona görə də onun adı Ermənistanda siyasi məhbuslar  sırasına daxil edilib. Əgər S.Babayan siyasi məhbus kimi azadlığa buraxılarsa, Dağlıq Qarabağa qayıdaraq Bako Saakyanı devirməyə çalışacağı istisna edilmir.  Son vaxtlar Ermənistanda Qarabağ klanının hakimiyyətdən devrilməsi  prosesin zəncirvari şəkildə Dağlıq Qarabağa keçməsi ehtimalını artırıb. Bu isə Serj Sarkisyana yaxınlığı ilə seçilən Bako Saakyanın əyləşdiyi postdan qovulması ilə nəticələnə bilər.    

Dağlıq Qarabağdakı separatçı rejim Samvel Babayanın sabitliyi pozacağından qorxur və rəsmi İrəvandan onlar üçün başağrısına çevrilməyəcəyinə dair  qəti təminat almaq istəyir. “Təhlükə ondadır ki, hazırda İrəvan tərəfindən buna heç bir dəstək yoxdur”-mənbə belə qeyd edir. 

Məsələni cebhe.info-ya şərh edən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu Dağlıq Qarabağ ermənilərinin  Bako Saakyana qarşı “məxməri inqilab”a qalxmasını real hesab edir: “Ermənistanda Serj Sarkisyana qarşı baş verən “məxməri inqilab”ın bünövrəsi əslində Dağlıq Qarabağda qoyuldu. Ermənistan əhalisindən əvvəl Dağlıq Qarabağdakı ermənilər Serj Sarkisyan hakimiyyətindən narazı idi. Nə qədər paradoks olsa da Dağlıq Qarabağ erməniləri Serj Sarkisyanın yalan danışdığını anladılar. Onlar bildi ki, Serj Sarkisyan Dağlıq Qarabağın müstəqilliyini təmin edə bilməyəcək. Azərbaycan çox güclüdür və hərbi yolla Dağlıq Qarabağı azad edəcək.  Onlar Serj Sarkisyanı məcbur edirdilər ki, əgər güc yolu ilə Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyini təmin edə bilmirsənsə, o halda buna danışıqlar yolu ilə nail olmalısan. Yəni Qarabağ klanının rəhbərliyini Azərbaycanla danışıqlara getməyə vadar edirdilər. Ona görə də Dağlıq Qarabağ erməniləri arasında Sarkisyandan narazılıq xeyli müddət idi meydana çıxmışdı.

Son iğtişaşların belə möhtəşəm olmasının bir səbəbi də Qarabağ klanının Serj Sarkisyana qarşı çıxması oldu. Qarabağ ermənilərini liderləri bəyan etdilər ki, xalq ayağa qalxsa biz Ermənistan əhalisinə dəstək verəcəyik. Hazırda  da Dağlıq Qarabağda ciddi narahatlıq var. Dağlıq Qarabağda iğtişaşlar çoxdan başlaya bilərdi.  Dağlıq Qarabağdakılar Nikol Paşinyanı Qərb hakimiyyətə gətirib, bu Rusiyanın etirazına səbəb olduğuna görə, ola bilsin ki, yeni baş nazir ehtiyatlı mövqe tutduğunu düşünür. Nikol Paşinyan hakimiyyətini sabitləşdirəndən sonra  Azərbaycanla anlaşmaya nail ola bilməsə, Dağlıq Qarabağ erməniləri mütləq ayağa qalxacaq. Onlar həm  Dağlıq Qarabağdakı rejimi devirəcəklər, həm də Ermənistandakı siyasi vəziyyəti qarışdırmaq gücünə malikdir.  Samvel Babayan bu prosesdə bir epizoddur.  Dağlıq Qarabağ erməniləri Bako Saakyandan xilas olmaq istəyir. Saakyan diktatordur və əhali ondan bezib. Erməni icmasının kifayət qədər sosial problemləri var.

Qeyd edim ki, Dağlıq Qarabağda binalar tikilib və həmin mənzilləri  əhaliyə yüksək faizlə satıblar. Əhali həmin mənzillərin pulunu ödəyə bilmir. Hamısı banka borcludur. Bank borcu Dağlıq Qarabağda çox ciddi problemə çevrilib. Ona görə də Ermənistanda “məxməri inqilab” baş verəndə Bako Saakyan İrəvana  daxil ola bilmədi və Levon Ter-Petrosyanla görüşdü. İndi Dağlıq Qarabağda narazılıq inqilab həddinə çatıb, amma  lider yoxdur. Görünür, Samvel Babayanı potensial  lider hesab edirlər. Samvel Babayan  olmasa da  Dağlıq Qarabağ erməniləri Nikol Paşinyandan narazıdırlar. Xüsusilə də onun təyinatlarına etiraz edirlər. Paşinyanın David Tonoyanın müdafiə naziri təyin etməsi  Qarabağ erməniləri arasında çox narazılığa səbəb olub. Çünki ermənilər bilir ki, aprel təxribatını David Tonoyan Qərbin göstərişi ilə törədib. Rusiyanın da Tonoyana münasibəti mənfidir.  Bu baxımdan, Rusiya nə vaxtsa erməniləri cəzalandıracaq. Deməli, Samvel Babayan olmasa da bir başqasının liderliyi altında Dağlıq Qarabağ erməniləri öz narazılığın nə vaxtsa  ortaya qoyacaqlar”. 

Politoloq onu da bildirdi ki, Nikol Paşinyan Dağlıq Qarabağ erməniləri arasında yüksək siyasi nüfuza malik deyil. Paşinyan yalnız Azərbaycanla münasibətləri normallaşdırmaqla Dağlıq Qarabağ ermənilərin nəzərində nüfuz qazana bilər. 

Müşfiq Abdulla
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений