Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“Azərbaycan evi” bağlanır- Pul tapılmasa…



Səfər Sadiqi: “Azərbaycan hökuməti maliyyə yardımını dayandırsa, çətin vəziyyətə düşəcəyik”

Danimarkada Azərbaycan səfirliyi yoxdur. Bu da iki ölkə arasında sıx münasibətlərin qurulmasında müəyyən problemlər yaradır.

 “Cümhuriyət”in suallarını Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi cavablandırıb.

“Birlik yaratsaq, bu, türk dünyasının uğuru olar”

-Səfər bəy, Danimarka-Azərbaycan “Vətən” Cəmiyyəti nə zaman yaranıb və fəaliyyəti dövründə hansı uğurlara imza atıb?

- Danimarka-Azərbaycan “Vətən” Cəmiyyəti 2007-ci ildə yaradılıb və artıq 10 ildən artıqdır ki, fəaliyyət göstərir. Bu fəaliyyət nəticəsində bizi həm Azərbaycanda, həm də Avropada tanıyırlar. Ümumiyyətlə, cəmiyyətin fəaliyyəti nəticəsində dünyaya çıxmışıq. Erməni lobbisi, Ermənistan səfirliyi və ermənisevər deputatların tələbi ilə Danimarka parlamentində “soyqırım” məsələsi gündəmə gəlmişdi. Biz buna qarşı “Türkdilli Millətlər Cəmiyyəti” olaraq birləşdik və qondarma soyqırıma qarşı fəaliyyətə keçdik. Danimarkanın öz arxivindən 1911-ci ildə Daşnaksütyun Partiyasının verdiyi qərarları tapdıq və deputatların hər birinə göndərdik. Təsəvvür edin ki, bu gün Danimarkanın iqtidarı solçuların əlindədir və bu gün Avropa Türkiyəyə qarşı sərt siyasət aparır. Bu gün Türkiyəyə qarşı aparılan siyasəti dəstəkləyən Danimarka hökuməti bizim təqdim etdiyimiz sənədlərdən sonra “soyqırım” iddiasını ləğv etdi və onun bir daha gündəmə gəlməməsi üçün qanun qəbul edildi. Bu bizim ən böyük uğurumuz idi. Digər tərəfdən də ABŞ-da fəaliyyət göstərən erməni lobbisi Kopenhagendə soyqırım abidəsi qoymaq istəyirdi. Biz buna qarşı çıxdıq və uğurlu fəaliyyətimizin nəticəsində Kopenhagen bələdiyyəsinin verdiyi qərarı ləğv elətdirdik. 

Bütün bunlar onu göstərir ki, bütün türk xalqı bir olmalıdır. Ümumiyyətlə, türkdilli xalqlar bütün Avropa ölkələrində birlik yaratsalar, bu bütün türk dünyasının uğuru olar.

-Nə Danimarkanın Azərbaycanda, nə də Azərbaycanın Danimarkada səfirliyi yoxdur. Bu istiqamətdə hansı işlər görürsüz?

-Bu barədə bizim müəyyən təkliflərimiz var. Hətta “Vətən” cəmiyyəti adından Azərbaycan prezidentinə məktub göndərmişdik. İngiltərədə olan Azərbaycan səfirliyi Danimarkada olan işləri də görür. Yəni, viza və digər məsələlərlə bağlı problemləri həll etmək üçün Azərbaycanın Londonda olan səfirliyinə müraciət edirik. Azərbaycanın Londondakı keçmiş səfiri Fəxrəddin Qurbanov bizim “Vətən” Cəmiyyətinə çox kömək edirdi. İndiki səfir Tahir Tağızadə də bizə dəstək verir. Biz o, zaman da prezidentə göndərdiyimiz məktubu Fəxrəddin Qurbanova vermişdik. Məktubda da göstərmişdik ki, Danımarkada Azərbaycan səfirliyinin açılması zəruridir. Bu, diasporanın fəaliyyətinə də müsbət təkan verə bilər.

-Çıxışınızda bildirdiniz ki, biz erməni lobbisi ilə yanaşı, həm də müxalifətlə mübarizə aparırıq.

Əslində burada müxalifət bizim işimizə heç cür maneə yarada bilməz, heç onların buna qüvvəsi də çatmaz. Biz onlardan qat-qat güclüyük. Sadəcə olaraq, bir nəfər gedib Azərbaycan əleyhinə məqalə verir, həmin qəzetlər də heç bir dəqiqləşdimə aparmadan həmin yazını çap edir. Bu da Azərbaycanın imicinə zərbə vurur. Bizim fəaliyyətimiz nəticəsində heç bir müxalif qüvvə Kopenhagendə etiraz mitinqi təşkil edə bilməyib. Biz də buna imkan verə bilmərik. Çünki Azərbaycanı Danimarkada biz təmsil edirik. Sözsüz ki, hər bir ölkənin özünün problemləri var. Amma bizim fəaliyyətimiz əsasən Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, 1 milyon qaçqınımızın olması və BMT-nin məlum 4 qətnaməsinin icra olunmasını gündəmə gətirməkdən ibarətdir. Müxalifət isə o, insanlardır ki, heç özləri öz dediklərinə inanmırlar.

“Qəzetlərdə Azərbaycana qarşı həqiqətə uyğun olmayan məlumatlar yayılır”

-Danimarka hökuməti tərəfindən sizə qarşı təzyiqlər olurmu?

-“Vətən” Cəmiyyəti Danimarkada rəsmi qeydiyyatdan keçmiş təşkilatdır. Danimarka demokratik ölkədir və bizə qarşı da heç bir təzyiq göstərmir. Əksinə, hər zaman bizə dəstək verirlər. Fəaliyyətimizin uğurlu nəticələrə nail olması üçün hər zaman bizə dəstək olurlar. Biz bu mənada Danimarka hökumətindən çox razıyıq. Əlbəttə, Danimarka parlamentində Azərbaycana qarşı olan, ermənisevər millət vəkilləri də var. Elə hallar olur ki, ölkə qəzetlərində Azərbaycana qarşı həqiqətə uyğun olmayan məlumatlar yayılır. Biz həmin qəzetlərə hər zaman reaksiya göstəririk. Onlara qarşı faktlarla sübut edirik ki, qəzetdə gedən məlumatlar yanlışdır. Qəzetlər də sonradan rəsmi təkzib verirlər. Onu da qeyd etmək lazımdır ki, Danimarkada Azərbaycana qarşı işləyən erməni səfirliyi və iki güclü erməni təşkilatı var. Həmçinin Danimarkada erməni lobbisi də güclüdür.

“Ermənilər bunu toy-bayram kimi qeyd edəcək”

-Cəmiyyətin fəaliyyəti üçün Azərbaycan hökumətindən sizə dəstək verilirmi?

-Azərbaycanın Diaspora ilə İş üzrə Dövlət Komitəsi bu günə qədər bizə yardım edib. Biz Danimarkada Azərbaycanın siyasətini dəstəkləyirik. Bu gün Kopenhagendə fəaliyyət göstərən “Azərbaycan Evi” bağlanmaq üzrədir. Çünki bizə bu günə qədər Diaspora Komitəsi yardım edirdi, ancaq artıq o, yardımlar dayanmaq üzrədir. Yardımlar ayrılmasa, biz çox çətin vəziyyətə düşəcəyik. “Azərbaycan Evi”nin bağlanması xəbəri təsəvvür edin ki, bütün Danimarka mətbuatında yayılacaq. Bunu   erməni cəmiyyətləri, səfirliyi toy-bayram kimi qələmə verəcəklər. Bu isə Azərbaycanın imicinə toxunacaq. Azərbaycan hökumətindən xahiş edirəm ki, Diaspor ilə İş üzrə Dövlət Komitəsi tərəfindən bizə yardım olunsun və “Azərbaycan Evi”nin fəaliyyəti davam etdirilsin. Çünki “Azərbaycan Evi”ndə ana dili, musiqi, şahmat məktəbi fəaliyyət göstərir. Bu məktəblərə azərbaycanlılarla yanaşı danimarkalı uşaqlar da gəlir. Bu da bizim dostluğumuzu göstərir. Biz həmçinin “Azərbaycan Evi”ndə gənclərə toy, yubileylər, ad günləri edirik. Bu Azərbaycan diasporunun, lobbisinin inkişafına böyük dəstəkdir. 

“Ən böyük arzumuz Azərbaycanın birləşməsidir”

-Güneyli mühacirlərlə çox böyük bağlarınız var. Bu gün güneyli mühacirlərin nümunə göstərdiyi Məmi Sadiqinin oğlusuz. İran hökumətinin azərbaycanlılara qarşı yürütdüyü siyasəti necə dəyərləndirirsiz?

-İranda yaşayan 35 milyon azərbaycanlının milli hüquqları pozulur. Azərbaycan dilində heç bir məktəbin, universitetin olmaması 35 milyon insanın hüquqlarının pozulması deməkdir. Doğrudur, İran hakimiyyəti bir sıra addımları ilə demokratik görüntü yaratmaq istəyir. Lakin bu yetərli deyil. Urmiya gölünün qurumasının qarşısının alınması ilə bağlı tədbirlər görülmür, azərbaycanlıların məskunlaşdığı ərazilərə yetəri qədər vəsait ayrılmır. Bu gün Güney Azərbaycan kəndlərində soydaşlarımız çox acınacaqlı durumda yaşayırlar. Bu problemlər milli iradə gücə çevriləndə həllini tapa bilər. Bizim də ən böyük arzumuz Cənubi və Şimali Azərbaycanın birləşməsidir.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений