Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Azərbaycanda bir silləyə görə heç kim valideynlik hüququndan məhrum edilmir” - MÜSAHİBƏ



1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. 

Cebhe.info bu günlə əlaqədar olaraq Azərbaycan Uşaqlar Birliyi nəzdində yaradılmış "Uşaq sığınacağı"nın direktoru Dadaş Əhmədovla müsahibəni təqdim edir:

- İndiki dövrdə uşaqların ən çox hansı hüquqları pozulur? 
-Hazırda  ən çox valideynlərin uşaqları istismar etməsi onların hüququnu pozur. Uşaqların küçədə xırda alverlə məşğul olması, ayaqqabı boyaması, işləməsi onların istismar olunması və ən əsas mövcud olan problemlərdən biridir. Təəssüf ki, bu hal hər il artmaqdadır.

- Cəmiyyətimizi narahat edən məsələlərdən birinə toxundunuz. KİV mövcud vəziyyəti tez-tez ictimailəşdirir. Ancaq valideynlərin razılığı ilə şadlıq evlərində işləyən, reklamlarda çəkilən uşaqlardan isə danışmırıq. Bunların hər ikisində də uşaq əməyindən istifadə olunur. Maraqlıdır, qanunda uşaqların reklamlarda rol alması və ya televiziya verilişlərinə çəkilməsi ilə bağlı məsələyə toxunulubmu?
- Onlar ola bilər ki, uşaqlar sosial layihələrdə iştirak edib, reklamlarda çəkilsinlər. Bunun qarşılığında onlar ödəniş ala bilirlər. Ancaq bəzən elə olur ki, uşaqlara verilən  rollarda onlara uyğun olmayan hərəkətlər olur. Bu da onların psixologiyasının pozulmasına gətirib çıxarır. Bu məsələ diqqətdə olmalıdır.

- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəyi əsasında 2017-ci ildə 9 uşaq (6 qız, 3 oğlan) əcnəbi vətəndaşlar tərəfindən övladlığa götürülüb. Əcnəbi vətəndaşlar tərəfindən övladlığa götürülən uşaqların taleyi ilə dövlət maraqlanırmı?
- Bəzən əcnəbi vətəndaşlar uşaqları götürüb apardıqdan sonra onları istismar edə bilirlər. Buna məsul olan qurum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Onlar mütəmadi olaraq uşaqlarla əlaqədə olmalı, onların haqlarının qorunmasının, psixoloji və ya cinsi istismara məruz qalmalarının qarşısını almalıdır. Övladlığa götürən ailə ilə əlaqədə qalıb, daimi monitorinqlər keçirməlidir.

- Xarici ölkələrdə bəzən uşağa bir sillə vuran şəxs  valideynlik hüququndan məhrum edilir. Bəs bizim ölkədə bu proses necə gedir?
- Azərbaycanda sillə vurmasına görə inanmıram ki, kimsə valideynlik hüququndan məhrum edilsin. Əgər uşağa qarşı zorakılıq davamlı olarsa, İcra hakimiyyətlərinin daxilində komissiyalar var ki, onlar bu məsələni qaldırıb, məhkəməyə müraciət edə bilərlər. Təcrübədə bu proses özünü nadir hallarda göstərir.

- 18  yaşına qədər olan uşaqlar valideynlərindən imtina etmək hüququna malikdirlərmi?
- Xeyr. Onlar yalnız müvafiq komissiyaya müraciət edə bilər. Komissiya isə bu faktı araşdırdıqdan sonra işi məhkəməyə daşımalıdır. Yekun məsələ məhkəmədə qaldırılıb, valideynin valideyn hüququndan məhrum olması ilə bağlı qərar qəbul edə bilər.

- Bəzən elə olur ki, valideynin imkanı düzəlir və uşağı yenidən uşaq evindən götürüb evə gətirir. Bu proses necə gedir?
- Uşaqların ən yaxşı yeri valideynlərinin, doğmalarının yanı, ailələridir. Əksər vaxtlarda elə imkan səbəbindən uşaqlardan imtina edilir. Ailənin vəziyyəti yaxşılaşarsa, uşaq onun yanına qaytarıla bilər. Buna nəzarət edib, tam əmin olduqdan sonra övlad ailəyə geri qaytarılır. Geri qaytarıldıqdan sonra isə uşağın taleyinin necə olmasına, ailə vəziyyətinə nəzarət edilməlidir.
Bütün uşaqların daima ailələrinin yanında olması arzusu ilə fidanları təbrik edirik.

Hicranə İsmayılova








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений