Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Azərenerji” qiyməti ucuzlaşdıracaq?- “Əksinə…”



“Azərenerji” qiyməti ucuzlaşdıracaq?- “Əksinə…”

“Azərenerji” İrana elektrik enerjisi satışına başlayır. Aprelin 12-də “Azərenerji” ASC ilə İranın Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti “TAVANİR” arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilə imzalanıb. Sənədi “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev və “TAVANİR” şirkətinin idarə heyətinin sədri A. Kordi imzalayıb. Müqaviləyə əsasən cari ilin iyun ayından etibarən təcrid olunmuş (ada rejimində) Muğan və Astara bölgələri üçün “Azərenerji” ASC-dən 180 MVt həcmində elektrik enerjisinin idxalı prosesinə başlanacaq.

Bundan başqa, görüşdə Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birləşdirilməsi prosesinin həyata keçirilməsi üçün üçtərəfli görüşün  2018-ci ildə aprelin 26-da Bakıda keçirilməsi razılaşdırılıb. Eləcə də İran-Azərbaycan-Gürcüstan elektrik enerjisi dəhlizinin inkişafına dair geniş fikir mübadiləsi aparılıb və üçtərəfli görüşün keçirilməsinin vacibliyi bildirilib.
“Azerenerji”nin xaricə elektrik enerjisi satması ondan xəbər verir ki, ölkə daxilində istehsal artıb. İdxala tələbatın azalması daxili istehsalın artması hesabına yaranır. Təbii ki, istehsalın artması, büdcə daxilolmalarına və proqnozlara müsbət təsir edir. Maraqlıdır, həm gəlirlərin, həm də istehsalın artması daxili bazarda qiymətlərə təsir edəcəkmi?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, İranla Azərbaycan arasında elektrik enerjisinin mübadiləsi infrastrukturu çoxdan var: “İran tərəfi zaman-zaman Naxçıvana elektrik enerjisinin ötürülməsini təşkil edirdi. Bunun əvəzində Azərbaycan elektrik enerjisini İrana qaytarırdı. İki ölkə arasında belə bir mübadilə və infrastruktur qurulmuşdu. İndi bunun daha da inkişaf etdirilməsi və İrana əlavə elektrik enerjisinin satılması üçün işlər görülür. Yəqin ki, infrastrukturun da yenilənməsi olacaq. Yəni, təhlükəsizliklə bağlı transformatorların qurulması və s. kimi bir sıra proseslərə start veriləcək. Həmişə xaricə satılan elektrik enerjisi daxili bazardan baha olur. Qiymətlər açıqlanmasa da, hər halda məntiqlə ehtimal etmək olar ki, daxili bazardan daha baha olacaq. Xarici bazara satılan elektrik enerjisinin qiymətlərinin daxili bazara təsirləri birbaşa olmasa da, gələcəkdə dolayı yolla qiymətlərə təsiri  mümkündür”.

Ekspertin sözlərinə görə, Azərbaycanda kommunal xidmətlərin qiymətləri daxili siyasət tənzimlənir: “Adətən kredit verən beynəlxalq təşkilatların əsas tələblərindən biri daxili bazarda kommunal xidmətlərin liberallaşması və ya özəlləşdirmənin həyata keçirilməsi, yaxud da qiymətlərin daha da yüksəldilməsi olur. Ola bilər ki, bununla əlaqədar gələcəkdə kommunal xidmətlərin qiymətlərində bahalaşmaya doğru dəyişikliklər olsun. Kommunal xidmətlərin ucuzlaşmasını düşünmürəm. Çox təəssüf ki, Azərbaycanda belə bir praktika və president də yoxdur. Son illərdə kommunal xidmətlərdə qiymətlərin ancaq artımını görmüşük. Buna görə də ucuzlaşma ilə əlaqədar hansısa bir addımın atılacağını düşünmürəm.

Son zamanlar dünya bazarında neftin qiymətinin artması, əhaliyə verilən təbii qazın, elektrik enerjisinin, suyun maya dəyərinə də təsir edir. Nəzərə almaq lazımdır ki, modul stansiyalarımız ya mazutla, ya da neftlə işləyir. Hər iki məhsulun qiymətinin artması, maya dəyərinin də artmasına səbəb olur. Ola bilər ki, bir müddət sonra kommunal xidmətlərdə bahalaşma dalğası olsun. Yaxın gələcəkdə bunun olacağını düşünmürəm, çünki sonuncu qiymət artımından çox az zaman keçib. Amma 2019-cu ildə, yaxud 2020-ci illərdə növbəti dalğanın olması ehtimalı çox yüksəkdir”.

“Azərbaycanda ən çox ixracatın artımı təbii qazda olub”

Natiq Cəfərli elektrik enerjisini resurs iqtisadiyyatının bir növü olduğunu vurğulayıb: “Elektrik enerjisinin özü enerji sektoruna aiddir və onun hasilatında enerji daşıyıcılarından istifadə olunur. Bunu qeyri-neft sektoru kimi təqdim etmək doğru deyil. Elektrik enerjisi kimi məhsulu satmaq daha sərfəlidir, nəinki xammal şəklində neft məhsulları satmaq. Bu nöqteyi-nəzərdən elektrik enerjisinin ixracatı daha sərfəlidir. Maraqlıdır ki, son iki ildə Azərbaycanda ən çox ixracatın artımı təbii qazda olub. Faiz etibarı ilə götürsək bir neçə dəfə artıb.

Amma bunun qeyri-neft ixracatı kimi təqdim olunması doğru deyil. Bu da resurs iqtisadiyyatının bir növüdür. Azərbaycan qiymət dəyişikliklərinin fəsadlarını həmişə görüb. Vəziyyət indi bir qədər düzəlib. Çünki dünya bazarlarında resurslarda Azərbaycana sərf edən qiymət koridoru formalaşıb. Rəsmi məlumatlara görə bu ilin ilk 3 ayında qeyri-neft sektorunda ixracatda birinci yeri qızıl tutub. Əslində hərfi mənada qeyri-neft sektorudur, amma qlobal götürsək bu da resurs iqtisadiyyatının bir növüdür”.

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений