Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev: "...Borclar silinə bilər"- MÜSAHİBƏ



Bu günlərdə 14 nazirlik və 12 büdcə təşkilatının "Azəriqaz"a 32 milyon manat borcunun olması barədə xəbər vermişdik. Qeyd edək ki, sözügedən məlumat "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib. Adları açıqlanmayan 14 nazirlik və 12 büdcə təşkilatı hansılardı? Borc ödənilməyəcəyi  təqdirdə hansı addımlar  atılacaq? Həmin borcun silinməsi mümkündürmü?

“Cümhuriyət” qəzeti bu və digər məsələlərlə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyevə sorğu ünvanlayıb. Əkbər Hacıyevin imzası ilə “Cümhuriyət”in  sorğusuna cavab göndərilib.

Cebhe.info sorğunu təqdim edir.

- “Azəriqaz”a borclu olan 14 nazirlik və 12 büdcə təşkilatları hansılardır?

- Nəzərinizə çatdırırıq ki, istər nazirlik və büdcə təşkilatları, istərsə də əhali kateqoriyasına aid olan istehlakçılar haqqında informasiyalar, eləcə də istifadə olunmuş təbii qazın həcmi və dəyəri haqqında məlumatlar təbii qazın alqı-satqısına dair bağlanmış müqaviləyə əsasən hər iki tərəfin razılığı olmadan açıqlanmır.

- “Azəriqaz” tərəfindən həmin təşkilatlara borcun ödənilməsi ilə bağlı rəsmi müraciət olunubmu?

- Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında qərarına əsasən əhali və qeyri-əhali abonentləri istifadə edilmiş təbii qazın dəyərini tam ödəmədikdə, həmçinin debitor borclarla bağlı təşkilat və ya vətəndaşa yaranmış borcun tam ödənilməsi üçün “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xəbərdarlıq edilir.

-  Borc ödənilmədiyi təqdirdə hansı addımların atılması planlaşdırılır?

- Birlik və istehlakçı arasında təbii qazın alqı-satqısına dair bağlanmış müqavilənin şərtlərinə əsasən tərəflər arasında yaranmış mübahisəli məsələlər qarşılıqlı müzakirə edilməklə, eyni zamanda Azərbaycan Respublikasının müvafiq qanunları çərçivəsində həll edilir.

- Həmin nazirlik və təşkilatların borcu silinə bilərmi?

- Bildiyiniz kimi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 29 dekabr 2009-cu il tarixli “Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi barədə” fərmana əsasən əhali kateqoriyasına aid istehlakçılar üzrə yığılmış debitor borclar silinib. Gələcəkdə ölkə başçısı tərəfindən qeyd edilən nazirlik və təşkilatların borclarının silinməsi barədə fərman imzalanarsa, həmin borclar silinəcəkdir.

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений