Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“Bakı-Tibilisi-Qars dəmiryol xəttinin rentabelliyini təmin etmək ilk onillikdə mümkün olmayacaq” - EKSPERT



İxrac mallarının 5,9, idxal mallarının 20 faizi dəmiryol nəqliyyatı ilə daşınır.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2017-ci ilin yanvar-avqust aylarında Azərbaycan dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 110 ölkəyə məhsul ixrac olunub, 173 ölkədən idxal edilib. Bu dövr ərzində xarici ölkələrlə 12,5 milyard ABŞ dolları məbləğində, o cümlədən 7,2 milyard dollarlıq ixrac və 5,3 milyard dollarlıq idxal əməliyyatları aparılıb. İdxal mallarının 62,9 faiz avtomobil, 20,0 faizi dəmiryolu, 10,5 faizi hava, 5,5 faizi dəniz nəqliyyatı vasitələri ilə gətirilmiş, 1,1 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilib. Bu o deməkdir ki, bu ilin 8 ayında yalnız 1 milyard 60 milyon dollarlıq idxal malları dəmiryolu ilə gətirilib.

2017-ci ilin yanvar-avqust aylarında ixracın 84,1 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilib, 7,2 faizini avtomobil, 5,9 faizini dəmiryolu, 2,0 faizini hava, 0,8 faizini dəniz nəqliyyatı vasitələri ilə göndərilmiş məhsulların dəyəri təşkil edib. Belə olan halda da bu ilin 8 ayında xarici tərəfdaşlara yalnız 426 milyon 157 min dollarlıq ixrac məhsulu dəmir yolu ilə göndərilib.

Cebhe.info xəbər verir ki, iqtisadçı-alim Qubad İbadoğlu bildirib ki, idxal və ixrac əməliyyatlarında dəmiryolu ilə daşınmanın payının az olması xarici ticarətdə məhsulların struktur göstəriciləri ilə bağlıdır:

“Belə ki, Azərbaycanın ixrac məhsulunun əsasən xam neftdən ibarət olması və onun da boru kəmərləri vasitəsilə nəql edilməsi, idxal mallarının isə ölkəyə əsasən Rusiya və Türkiyədən avtomobil nəqliyyatı vasitəsilə daşınması dəmiryol nəqliyyatının rolunu xeyli aşağı salır. Bakı-Tibilisi-Qars (BTQ) dəmiryol xəttinin işə düşdüyünü nəzərə alaraq daşınmaların strukturunda dəmiryol nəqliyyatının xeyrinə dəyişiklik edilməsi üçün bu sektorda daşınma xidmətləri, tarifləri və standartları beynəlxalq tələblərə uyğunlaşdırılmalı, dəmir yol nəqliyyatının texniki təchizatı və orta sürət göstəriciləri yaxşılaşdırılmalıdır.

Amma çox şey yenə də idxal və ixrac mallarının quruluşundan və onun xüsusiyyətindən asılıdır. Əsasən neft və qaz ixrac edən ölkə üçün daşınmalarda yenə də əhəmiyyətli mövqe boru kəmərlərinə məxsus olacaq. Belə olan halda isə BTQ dəmiryol xəttinin rentabelliyini təmin etmək ilk onillikdə mümkün olmayacaq. Çünki, bu xidmət üçün lazım olan səviyyədə mal təchizatı üçün nə Azərbaycan və nə də region ölkələrinin iqtisadiyyatının gücündə deyildir”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений