Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Bir dəfə qaydanı pozdum, onda da ilk və son töhmətimi aldım” - 50 ilin tən yarısı mətbuatda



Bu gün ömrünün 25 ilini mətbuatda keçirən, "Cümhuriyət" qəzetinin baş redaktoru və Cebhe.info-nun rəhbəri Rəfail Becanovun 50 illik yubileyidir.
 
BakuPost-un əməkdaşı Rəfail Becanovla məhz belə bir gündə - sevdiyi və əmək verdiyi peşəsində keçirdiyi, sayını bəlkə özü də unutduğu illərin fonunda daha əzəmətli görünən 50 illik yubilieyində söhbətləşib.

-Rəfail bəy, mətbuata gəldiyiniz ilk günlərdə bura, bu günə qədər məhz belə gələcəyinizi gözləyirdinizmi? "Belə” deyəndə  qalmaqaldan uzaq, peşəkar jurnalistika fəaliyyətini nəzərdə tuturam. Baxmayaraq ki, ixtisasca da heç jurnalist deyilsiniz...

- Əslində heç "belə" gəlmədim ki?! Amma hər zaman qələmə, sözə, indiki durumda klaviaturaya sədaqətli oldum. Nəyə inandımsa, nəyi doğru hesab etdimsə, onu yazdım. Olduğum mediada da onu aşılamağa çalışdım. Sıravi müxbir olanda da, baş redaktor olanda da. Əsas meyarım ixtisasca yiyələnmədiyim peşənin sərhədlərini aşmamaq oldu. 2 illik jurnalistika kursunda öyrəndiklərim bu zaman köməyimə çatdı. Çox çalışdım və peşə davranışından kənara çıxmadım. Bir dəfə bu qaydanı pozdum, onda da ilk və son töhmətimi aldım. O zaman dostum Qabil Abbasoğlunun baş redaktor olduğu "Dünya" qəzetində müxbir işləyirdim. Zərdüşt Əlizadədən müsahibə götürmüşdüm. Bir fikrini qəsdən yarımçıq verdim və Zərdüşt bəy qəzet çıxandan sonra buna etiraz etdi. Qabil də mənə töhmət verdi...

- Bu müddətdə mətbuatda nələr dəyişdi? Bu dəyişiklikdə tərəzinin hansı gözü ağır basır?

- Mətbuatda dəyişən çox şey var. Gündəm mövzularından tutmuş mətbuatımızın unudulmaz nümayəndələrinə qədər. O zaman biz jurnalistdən daha çox siyasətçiydik. Hadisələrə xəbər prizmasından deyil, siyasi aspektdən baxırdıq. Haqlı-haqsız tənqid edirdik. İndi bunlar azalıb. Hər şeyə, hər hadisəyə xəbər kimi baxırıq. Texnologiyanın bu zamanında, informasiya "dənizi”ndə batmamaq üçün bütün baş verənləri xəbər kimi görürük. Hesab edirəm ki, indi peşəkarlıq artıb. Qəzet də, onlayn media da təbliğat-təşviqat mexanizmi olmaqdan uzaqlaşıb, daha çox informasiya daşıyıcısına çevrilib. 

- Həm yazılı, həm də elektron KİV-ə paralel olaraq rəhbərlik etmək bir media kapitanı üçün nə deməkdir? Birincisi daha "sanballı”, ikincisi isə daha gündəm. Sizdə bunlardan hansı tələbat, hansı sevimli işdir?

- Jurnalistikanı sevmədən, xəbərlə işləməyi bacarmadan medianı nəinki idarə etmək, heç bir gün də mediada olmaq mümkün deyil. Qəzetçilik onlayn mediaya uduzur, amma klassik mənada öz "sanbalını” qoruyub saxlayır. Qəzet tarixdir. Hələ də kompüterdən xəbər oxumaq istəməyənlər varsa, qəzetlər yaşamalıdır. İndi qəzet oxumaq istəyənlər azalsa da, tükənməyib. Qəzetçiliyin mənə görə daha bir fərqi onun bir az da vizual iş olmasındadır. Yəni, yazırsan, səhifəyə qoyulur, çıxarıb oxuyursan, sonra nəşr olunur və oxuyub arxivləşdirirsən. Bu baxımdan, qəzetçilik bir az da maraqlıdır. Həm də vizual olaraq işindən zövq alırsan. Onlayn mediada isə zövq almağa vaxt tapa bilmirsən. Saniyə belə xəbərdir. İşdə də, evdə də xəbər dumanındasan. Ancaq yuxuda ondan ayrılırsan, təbii ki, əgər yuxu görməsən. Amma hər ikisi çox maraqlıdır. Ümumiyyətlə, xəbərin içində olmaq özü maraqlıdır. Bir az ayrı düşəndə bunu hiss edirsən.  

- Necə düşünürsüz, Azərbaycan mətbuatın gələcəyi üçün narahat olmağa dəyərmi?

- Qətiyyən. Düşünürəm ki, mətbuatımız gün-gündən peşəkarlaşır. Xarici və yerli təcrübə öyrənilir, peşəkarlıq artır. Mətbuatın problemlərini çözmək üçün qurumlarımız var. Mətbuat Şurası var. Hansısa problem olanda müzakirə edirik, dəf edirik, inkişaf yollarını arayırıq. KİVDF var. Print medianın qorunub-saxlanması üçün dövlət dəstəyini həyata keçirir. Bunları görəndə mətbuatımızın gələcəyindən əndişələnməyə dəymir. Eyni zamanda peşəkarlıq da artır, dünya təcrübəsini öyrənirik. Yuxarıda dediyim kimi, əvvəllər mətbuatımızın aparıcısı daha çox siyasi jurnalistika idi, indi isə tərəfsiz və xəbər jurnalistikamız formalaşıb, güclənib. Jurnalistikada olan gənclərimizin peşəkarlığına baxanda mətbuatımızın gələcəyindən narahat olmağa dəymir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений