Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Ermənistan meydanda tək qalınca əraziləri Azərbaycana qaytaracaq” - Politoloq



Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan ilin yekunlarına dair mətbuat konfransı keçirib. Onun Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlamaları ciddi müzakirələrə yol açıb. 

Cebhe.info xəbər verir ki, AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə sözügedən açıqlamaları şərh edib. O, deyib ki, Ermənistanın xarici işlər nazirinin açıqlamaları bir daha təsdiq edir ki, Sarkisyan rejimi bu ildə konfliktin həllinə real yanaşmayacaq.

Eduard Nalbandyanın çıxışı regionda ümumi təhlükəsizliyə ziddir. Çünki, rəsmi İrəvan güzəştə getməyincə, müharibə ehtimalı öz aktuallığını saxlayır:  “Erməni nazir danışıqların gedişi ilə bağlı qeyd edir ki, həmsədr ölkələrinin xarici işlər nazirlərinin Vyana görüşündə konkret üç prinsip irəli sürülüb. Bura ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etməsi, güc tətbiq etməməkdi və bununla da Ermənistanın həmin prinsiplərə sadiq olduğunu vurğulayır. Hətta Azərbaycanın da əvvəl bu prinsipi qəbul etdiyini vurğulayır. Həmçinin o, qeyd edir ki, Qarabağ konfliktinin həllində paket həll variantı var. Bundan əlavə, Dağlıq Qarabağ yekun status kimi “Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etməsi” əsasında müəyyən edilməlidir. Özü də müqəddəratı təyin etmə azad şəkildə həyata keçməli, beynəlxalq hüququ qüvvəyə malik olmalı və o cümlədən Azərbaycan üçün də məcburi xarakter daşımalıdır”, - Nalbandyan qeyd edir. 

Göründüyü kimi, ilin başlanğıcında İrəvandan verilən mesaj birbaşa Bakı və Minsk qrupunun həmsədrlərinə yönəlib. Qarabağ münaqişəsində son dörd ayda və bundan sonrakı danışıqların gedişində substantiv danışıqlardan yayınan və yayınacaq Ermənistan bir daha öz qeyri-konstruktiv mövqeyini sərgilədi. Qeyd edim ki, Ermənistan XİN rəhbərinin arqumentləri yenilənmiş Madrid prinsiplərini özündə ehtiva edən mərhələli həll planın əleyhinədir. Xarici İşlər Nazirliyi daima vurğulayır ki, danışıqlar mərhələli həll planı üzrə aparılır və Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə qorunur. Paket həll variantında isə, ərazi bütövlüyü məsələsi sual altındadır”.

Politoloq vurğulayıb ki, sentyabr ayından başlanan danışıqlar prosesi çərçivəsində həm prezidentlərin görüşü keçirildi, həm də xarici işlər nazirləri həmsədrlərin iştirakı ilə bir neçə dəfə problemin detalları müzakirə edildi. Növbəti görüş isə bu ayın sonunda reallaşacaq: “Gözlənilən növbəti görüşqabağı Eduard Nalbandyanın açıqlamalarına Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi cavab verməli və danışıqların hansı istiqamətdə getdiyi barədə cəmiyyətə məlumat verməlidir. Hazırda E.Nalbandyanın dedikləri istiqamətində gedən proseslər birbaşa Azərbaycanın suverenliyini və təhlükəsizliyini təhdid edir. Çünki, ötən ay Vyanada həmsədr ölklərinin xarici işlər nazirlərinin razılaşdırdığı üç prinsipdən ibarət konkret təkliflər əsasən paket həll variantıdır və bu Qarabağın yekun statusunda referendumun keçirilməsinə hesablanıb. Göründüyü kimi, münaqişənin həlli ilə bağlı danışıqlarda qeyri-müəyyənlik davam edir. Sadəcə, bu danışıqlar yalnız atəşkəsin qorunmasına xidmət edib və konkret münaqişənin həlli ilə bağlı irəliləyiş əldə olunmayıb.

Ermənistan tərəfinin məlum açıqlamaları bir daha göstərir ki, belə bir danışıqların aparılması vaxt itkisindən ibarətdir. E. Nalbandyan mətbuat konfransında 9 bəndlik həll prinsipləri ilə bağlı Azərbaycanın mövqeyini irəliləyişə mane olduğunu deməklə, əslində Ermənistanın həll variantına hazır olmadığını açıq vurğuladı. Azərbaycanın həll variantı mərhələli, Qarabağa yüksək muxtariyyət verməkdən ibarətdir. Təbii ki, yüksək muxtariyyətlə razılaşmayan Ermənistan bir müddətdən sonra, mədəni muxtariyyətə razı olacaq. Dünyada və regionda geosiyasi şərtlər dəyişilir. İrəvanın arxalandığı Rusiya və İran demokratik dünyanın hədəfində öz çöküşlərini gözləyirlər. Ermənistan meydanda tək qalınca, güzəştsiz əraziləri Azərbaycana qaytarar”. 

Məhəmməd Əsədullazadə onu da əlavə edib ki, Ermənistan XİN rəhbərinin bu açıqlamasından sonra, yanvar ayının sonunda xarici işlər nazirlərinin görüşünə ehtiyac olmamalıdır. Çünki, rəsmi İrəvanın mövqeyi, il başlamış danışıqlar prosesini sabotaj etmək və irəliləyişi hər vəchlə əngəlləməkdi ki, bu da danışıqların pozulmasına hesablanıb. "Paket həll" variantı masada varsa, buna XİN aydınlıq gətirməli və danışıqları dayandırmalı, güc tətbiqi variantına keçməlidir. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений