Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“Faytonçu” Nazim həkimi haqda ilk dəfə şok faktlar açıqladı – MÜSAHİBƏ



“Həyat yoldaşıma bildirdilər ki, ürəyi zəifdir, 6-7 aylıq ömrü qalıb”

Anons verdiyimiz kimi, müsahibimiz “faytonçu” ləqəbi ilə tanınan Nazim Pişyaridir. Mayın 11-də öd kisəsində yaranan problemlə əlaqədar olaraq Bakıda “Elmed” klinikasında Elman Əzimov tərəfindən  əməliyyat olunan (əməlliyyat 4 saat çəkib-müəll.) müğənninin aylardır ki, səhhətində ciddi problemlər yarandı. Müğənni iddia edir ki, həkim səriştəsizliyi ucbatından dəfələrlə əməliyyata getməli olub ki, bu da ona həm mənəvi, həm maddi zərərə başa gəlib. O cümlədən də yaradıcı fəaliyyətini bir müddət dayandırması ilə nəticələnib. “Faytonçu”nun ölüm xəbərinin yayılmasının ardından, bu məlumatın yanlış olması böyük sevincə səbəb oldu. Nazimlə Bakı, İsrail və Türkiyədəki əməliyyatlar,  həkim nöqsanları və səriştəsizliyi haqda söhbət etdik. Müsahibimiz həmin həkim haqda çox maraqlı faktlara toxundu. 

“Dedilər ki, Nazimin öd axarlarında xərçəng var”

-Sizinlə bağlı ölüm xəbərinin yalana çıxması ı cəmiyyətdə böyük sevincə səbəb oldu. Yenidən sizi ayaqüstdə və sağlam görməkdən məmnunuq. Bakıdakı əməliyyat haqda daha təfərrüatlı danışaq...
-Əslində öd kisəsinin götürülməsi adi bir prosedur olmalı idi. Gün ərzində yüzlərlə belə insan əməliyyat olunur. İsrail həkimləri deyirdi ki, öd kisəsi ilə bağlı bu prosesi sadəcə bir prosedur adlandıra bilərik, kiçik bir şey olduğu üçün əməliyyat hesab olunmur. Həkimə müraciət etdik. Həkimi tanımırdım, Elmed klinikasına müraciət edəndə onu tövsiyə etdilər, dedilər ki, əli yüngüldür. Düşündüm ki, böyük əməliyyat deyil ki, burda edim. 30-40 dəqiqəlik əməliyyat 4 saat çəkdi. Əməliyyat bitdikdən sonra həyat yoldaşıma dedilər ki, Nazim onkoloji xəstədir, onun öd axarlarında xərçəng var. Həyat yoldaşıma bildirdilər ki, ürəyim zəifdir, 6-7 aylıq ömrüm qalıb. Evdəkilər bunu eşitdikdən sonra ağlaşma qurdular. 

“Təsəvvür edin ki, günə 2 litrə yaxın ödümdən maye axırdı”

-Daha sonra İsrailə üz tutduz. Lakin burda da bir çarə tapmadız. İsrail isə səhiyyəsi ilə tanınmış ölkələrdən biridir...
-Tibbi xidmətin keyfiyyətinə görə öndəgedən ölkələrdən olan İsrailə üz tutduq. Təpədən dırnağa qədər yoxlanışdan keçdim, yenidən qan analizləri verdim. Dünyada ən tanınmış onkoloqlardan olan bir həkimə yönləndirildim. Nəticələrə baxdıqdan sonra dedi ki, səndə heç bir onkoloji xəstəlik yoxdur. Analizlər, USM və əməlliyatın nəticələrinə baxdıqdan sonra həkim bildirdi ki, məndə cərrahiyyə səhvi olub. Cərrah nəticələrimə baxdı. Bütün həkim səhvlərini sadalayaraq bildirdi ki, öd kisəm zamanında deformasiyaya uğrayıb. Onun sözlərinə görə, öd kisəsini laparoskopik yolla kəsmək olmaz. Cərrahiyyə zamanı isə laparoskopik üsuldan istifadə edilib. Bu ilk həkim səhvidir. Öd kisəm qaraciyərə yapışıb. Öd kisəmi qara ciyərdən ayırmaq istəyəndə qanaxma başlayıb. Bu zaman həkimin açıq əməliyyata keçməsi vacib idi. Bu da olmayıb. Bu da ikinci həkim səhvi. Həkim ekrana baxaraq əməliyyat etdiyi üçün anidən ekranın qanla büründüyünü görüb şoka düşüb. Həyat yoldaşım da əməliyyatı izləyirdi. İcazə alıb ki, olar mən də gəlim baxım. Halbuki, kənar şəxslərin əməliyyata girməyə icazəsi yoxdur. Yoldaşım deyir ki, həkim bir an oturub tərini sildi, dedi ki, 10 dəqiqəyə bir şey olmasa hər şey bitəcək. Qanı kəsmək üçün başlayıb tikməyə. Öd axarlarımı da tikib. Drenaj verdilər. Gözümü açandan sonra həkimə deyirəm ki, bu nə qədər belə axacaq? Görmüşəm ki, hamıda bu proses 2-3 gün çəkir. Artıq iki həftədir ki, belə vəziyyətdə gəzirdim. Həkim cəfəngiyyat danışaraq dedi ki, narahat olmayın, öd yolunu tapmalıdır. Ziyarətimə gələnlər də məəttəl qalırdı. Təsəvvür edin ki, günə 2 litrə yaxın ödümdən maye axırdı. Bədəndə olan kimyəvi minerallar da axmağa başladı. Beləcə zəifləməyə başladım. Öd elə bir şeydir ki, yediyim azuqəni parçalamalıdır ki, həzm prosesi olsun. Öd axmadığı üçün parçalanma getmirdi. Beləcə nə yeyirdim, hamısını da qaytarırdım. 4 saatlıq narkoz qəbul etdiyimi üçün daha da halsızlaşmışdım. Həkim səhvləri haqda İsraildə bizə geniş məlumat verildi. İsrailli həkimlər tərəfindən əməliyyata hazırlandım. Dedilər ki, zond udmalıyam. Həkimlər bildirdi ki, öd kisəsini açmağa çalışacaqlar. Bildirdilər ki, əməliyyat 1-3 saat arasında olacaq. Bir ay sonra İsraildə əməliyyata girdim. Yenidən narkoz qəbul etdim, 40 dəqiqədən sonra əməliyyatı dayandırdılar. Həkim dedi ki, Bakıdakı həkim ödü necə tikibsə, iynənin ucu boyda yer olsaydı, onu açıb genişləndirərdik. Mütəxəssis bildirdi ki, öd yollarını açmaq heç cür mümkün deyil, yalnız implant yolu ilə məsələni həll etmək olar. Lakin bu prosesin sentyabra çəkəcəyini bildirdilər. O vaxtadək gərək ki, həkimin təyin etdiyi müalicə kursundan keçim. Çünki ödümdə gərginlik vardı, onu müəyyən dava-dərmanla sakitləşdirmək lazım idi. Alınmayan bu əməliyyata görə də 12 min dollar pul ödədik. Çünki yad idik, sığortamız yox idi. 10 gün ərzində İsraildə ümumilikdə 22 min dollar xərcimiz çıxdı.  

“Türk professor dedi ki, onkoloji xəsətlik yoxdur”

-Bəs bu vəziyyətdə sizə neçə ay yaşaya biləcəyinizi dedilər?
-Həkim dedi ki, öddən maye axması ilə 6-7 ay yaşaya bilərdim. Çünki sonunda halsızlaşacaq, immunitetimin sıfıra düşəcəkdi ki, bu zaman da öləcəkdim. Bakıdakı həkimin sözləri yadıma düşdü, demişdi ki, Nazim onkoloji xəstədir, uzağı 6-7 ay yaşaya bilər. Bu insan onkologiyanı özündən uydurub ki, məsuliyyəti üzərindən atsın. Hətta demişdi ki, təcili kimya-terapiya olmalıyam. Ataların bir məsəli var, mərdi qova-qova namərd edirlər. Sap-sağlam bir insana kimya-terapiya, şüalar verirlər. Zəif bədənə təyin olunan bu proseslərdən sonra əlbəttə ki, sonda onkoloji xəstə olacaqdım. Həkim də deyəcəkdi ki, əvvəldən onkoloji xəstədir. Bakıda Surxay adlı bir həkim var, ona müraciət etdik. Deyilənə görə ölkəmizdə öd xəstəlikləri ilə bağlı ən professional kadrlardandır. O MRT etdi, rentgendən keçirtdi. Həkim ailə üzvlərimə dedi ki, Nazimin Azərbaycanda müalicəsi yoxdur, onu təcili ya Türkiyə, ya da Almaniyaya aparmaq lazımdır. Həkim dəfələrlə dedi ki, Nazimi ayaqüstə saxlamaq Azərbaycanda müşkül məsələdir. Düşündük ki, Almaniyada qiymətlər bizə sərf etməyəcək. Bu səbəbdən Türkiyəyə getməyə qərar verdik. Dostlar Fateh Ağalar adlı bir həkimi məsləhət gördü. Professor Fateh doktor öd problemləri üzrə Türkiyədə 5 həkimdən biri hesab edilir. Bütün nəticələri, epikrizləri yığaraq həkimə təqdim etdik ki, haqqımda məlumatlansın. Analizlər verdim, bildirildi ki, onkoloji xəstəlik yoxdur.  O qədər analizlər verirdim, fikirləşirdim ki, axırda qanım qurtaracaq. Baxın hələ də analiz götürülən yerlər qalmaqdadır. Əməliyyat günü təyin olundu. Hospital 5 ulduz hotelə bənzəyirdi. Bizim xəstəxanalardan fərqli olaraq burdan gül iyi gəlirdi, dərman yox. Peşəkar həkim personalı ilə üzləşdik. Dedilər ki, şlanqı qoyan ilk həkim işini peşəkarcasına görə bilmədiyi üçün öddən ciyərə sızma olub. Ona görə də yeni şlanq qoydular ki, öd  ora axsın. Hətta zarafatca həkimə dedim ki, doktor, 1 şlanqla gəlmişdim, indi də ikincisi. Yeni şlanq üçün bir saatlıq əməliyyata girdim. Yenə mənə “narkoz” verdilər. Dedim, narkoman eləmisiz məni. Təsəvvür edin bu arada nə qədər “narkoz” qəbul eləmişəm. 10 gün ərzində qaraciyərdəki ləkə quruduldu. 4 gün istirahət üçün vaxt verdilər. Hospital Beşiktaşda yerləşirdi. Hospitaldan uzaqlaşdım. Xülasə,  oteldə qaldıq. 4 gündən sonra həkimin qəbuluna düşdük. Ciddi əməliyyat olduğu üçün zərgər dəqiqliyi lazım idi. Öncədən bildirildi ki, əməliyyat 7 saatadək çəkəcək. Saat 12:00-da əməliyyata girdim. Gözümü açıb reanimasiyada olduğumu gördüm. Bir onda başa düşdüm ki, var-dövlət, şan-şöhrət boş, gəldi-gedər bir şeydi. Bu dünya fanidir. “Hocam” da başımın üzərində dayanmışdı. Dedi ki, artıq hər şey yaxşı olacaq, əməliyyat yekunlaşdı. Həkim 12 barmaq bağırsaqdan kəsərək öd yolu açdı. Süni bir vasitədən istifadə etdi. 

“Namaz qılmağa hazırlaşıram”

-Xoşbəxtliyi nədə görürsüz, nə deyərsiz?
-Yalnız can sağlığında. Bu suala cavab verəcək başqa bir versiyam yoxdur. Canın sağdırsa, demək ki, sən xoşbəxt insansan. Adam belə bir vəziyyətdə üzünü Allaha tutur ki, ay yaradan məni bu dərddən xilas elə. Adam nə qədər Allaha üz tutub imdad diləyər? İmdad dilə. Amma bir şey də var. Sən 49 yaşınadək Allaha doğru bir addım atmısan? Bu sualı öz-özümə verirəm. Nə vaxt namaz qılıb, ibadət etmişəm? Yeyib-içmişəm. Xeyriyyə tədbirləri xırda bir işdir. İnsan Allahla gününü açıb, onunla da bağlamalıdır. Artıq namaz qılmağa hazırlaşıram. 

“Elman Əzimovun həkimlikdən məhrum edilməsini istəyirəm”

-Türkiyəyə üz tutmağınızın səbəbi nədir?
-İyulun 23-dən avqustun 20-sinədək Türkiyədə oldum. Türkiyəyə üz tutmağımızın səbəbi o idi ki, İsrail bu əməliyyat üçün 70 min dollar vəsait tələb edirdi. Türkiyədə isə 26 min xərc çıxdı. Bakıda isə əməliyyat 1300 manat oldu. Hazırda reabilitasiya prosesi gedir. Yavaş-yavaş çəkim də artıb. Hər şey normal gedir, səhnə fəaliyyətimə də başlamışam. Sentyabrın sonlarıdna yenidən Türkiyəyə yola düşəcəm. Ümumi olaraq 62 min dollar xərcim çıxdı. Bu məsələnin yalnız maddi tərəfidir. Mənəvi ziyan isə ölçüyə gəlməzdir. Keçirtdiyim sarsıntı, həyəcan, qorxuya görə də iddia qaldırmışam. Artıq istintaq başlayıb. Həkimin naşılığı ucbatından bu cür olay yaşadım. İlk olaraq tələbim budur ki, Elman Əzimovu həkimlikdən məhrum etsinlər. Bu insan tək məni yox, başqa xəstələri də bu yolla şikəst edə bilər. Onun peşəsi cərrahlıq deyil, proktoloqdur (babasil həkimi-müəll.). İki ay cərrahiyə kursu keçməklə sertfikart alıb ki, bu da cərrahdır. İstəyirəm ki, hakimlər, məhkəmə ədalətli qərar versin. Bu insanı səhiyyədən uzaqlaşdırmaq lazımdır. 

-Öncəki, əməliyyatdan sonra  hazırkı çəkiniz nə qədərdir?
-Əməliyyatdan öncə 92-88 kilo idim. Əməliyyatdan sonra isə çəkim 67 kiloyadək düşdü. Güzgüyə baxanda özümdən qorxurdum. Hazırda 78 kiloyam.

-Bu hadisə sizin ölkə səhiyyəsinə  müansibətinizi dəyişdi? 
-Deyə bilmərəm ki, Azərbaycanda həkimlər yoxdur. Var. Təəssüflər olsun ki, savadlı bilikli həkimlərimiz azlıq təşkil edir. Belə  “həkimlər” səhiyyəmizə ləkə gətirir. Belə ləkə gətirən şəxslər hər sahədə, eləcə də jurnalistikada da var. Ölüm xəbərimi yazan “jurnalist”ləri də qınayıram. 

“Nazirlik mənimlə maraqlanmadı”

-Dar gündə oldumu ki, hansısa tanınmış sizi unutdu, arayıb-axtarmadı?
-Demək olar ki, şou-biznesin 80 faizi məni arayıb axtardı. Diqqət, qayğıya görə bütün xalqa təşəkkürümü bildirirəm. 

-Mədəniyyət və Turizm Nazilriyi necə, maraqlandımı?
-Mədəniyyət Nazirliyindən heç bir dəstək gəlmədi. Heç gözləmirəm də. Yetər ki, ətrafımdakılar mənimlə maraqlansın. 

-Yaradıcılığınızdan danışaq
-4 ay səhnə fəaliyyətimdən, yaradıcılığımdan uzaqlaşdım. Vəkil məhkəmə iddiasında səhnə fəaliyyətindən uzaqlaşdığım üçün dəyən zərər haqda da hakimi məlumatlandıracaq. 4 ayda pul qazanmadım. Hazırda 5-6 mahnı üzərində işləyirəm. Nadir Əzimovdan bir neçə mahnı almışam. 

-Mahnılar baha deyil ki?
-Digər həmkarlarımdan fərqli olaraq retro mahnılara üstünlük verirəm. Retro mahnılar da pulsuzdur. Bu səbəbdən elə bir xərcim çıxmır. Həm də Nadir Əzimovla ailəvi dostluğumuz var deyə, o mənə, mən də ona yalnız hədiyyə verirəm. 

-Artıq toylara da dəvət alırsınız. Qiymətləriniz necədir? 
-Toylara dəvət alıram. Adətən bütün toyu idarə edirəm. Qiymətim 6 min manatdır. Elə olur ki, 4 min manata gedirəm. Amma yenə də qiymət stabil deyil. Dəfələrlə olub ki, gəlib toy danışmağa deyiblər ki, imkanım yoxdur, amma övladım istəyir ki. Siz toyu idarə edəsiz. Atadır, övladı istəyir, ona yox deyə bilmir, amma ayağını da yorğanına görə uzada bilmir. Ansambla demişəm ki, gedək, Allah kömək olar. Mənim üçün yer fərqi yoxdur. Bahalı restoranda da eyni cür oxuyacam, ucuz restoranda da. 

Nigar Məhərrəm

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений