Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Günəşin qızı” Azərbaycan səhnəsində



Şərqin ilk gender bərabərliyi məsələsini qaldıran, alim, şairə, natiq, refermator, tərcüməçi, inqilabçı, qadın azadlığının müdafiəçisi, Qərbin çox böyük dəyər verdiyi, lakin, Şərqin hələ də yaxşı tanımadığı Tahirə Qürrətül-Eyn barədə tədqiqatçı Kəmalə Səlim Müslümqızının ssenari müəllifi və quruluşcu rejissoru olduğu “Günəşin qızı” pyesi çox böyük anşlaqla tamaşaya qoyuldu.

Şərqin Nəsimi qədər gərəkli olan bir xanım qadının, milliyyətcə türk olan Zərrintacın öz Vətənində həmyerlilərinə çatdırılması missiyasını öz üzərinə götürmüş Kəmalə Səlim Müslümqızı bu işin öhdəsindən çox böyük uğurla gəldi.Tahirənin öz Vətənində tanıdılması ilə ilkə imza atan “Günəşin qızı” pyesi Azərbaycan Dövlət Akademik Dram Teatrında tamaşaya qoyuldu. Pyes 14 məclisdən, proloq və epiloqdan ibarətdir. 

Onu da qeyd edim ki, pyes Azərbaycan ədəbiyyatında qadın yazarlar içərisində ilk tarixi mövzuda yazılmış əsər kimi də səciyyələnməlidir. XIX əsr İran cəmiyyətinin bütün zidiyyətlərini açıb göstərən əsərdə Tahirə Qürrətül-Eynin həyat və fəaliyyətinin əsas mərhələsi tam işıqlandırılmışdır. 

Pyes ananın öz övladına yazmış olduğu və yenicə çapdan çıxan kitabını hədiyyə etməklə başlayır. Və müəllif bu əsəri adını qızında yaşatdığı Zərrintacın (Tahirə Qürrətül-Eynin) 200 illik yubileyinə ithaf etdiyini söyləyir. Əsər Molla Salehin evində baş verən hadisələr fonunda davam edir. Kiçik yaşlı Zərrintac evdə oturub kitab oxuyur. Müəllif balaca Zərrintacın kitab oxuması ilə öz həmyaşıdlarından seçilməsini göstərir. Onu gəzməyə dəvət etdikdə isə, Zərrintac evdə qalıb kitab oxumağı üstün tutur. Müəllif burada Zərrintacın hələ kiçik yaşlarından elmə və biliyə böyük marağının olduğunu göstərir.

Uşaq ikən onun çevik zəkası, bütün İslam elmini çox sürətlə və heç bir çətinlik çəkmədən mənimsəməsinə şərait yaradır. Qeyri-adi istedad, natiqlik qabiliyyəti, dilləri sürətlə öyrənməsi və ensiklopedik yaddaşa malik olması onu tez bir zamanda məşhur edir. Balaca Zərrintacı artıq” möcüzə uşaq “kimi taniyirlar. İkinci şəkildə artıq 15 yaşına çatmış Zərrintaca əmisi oğlu üçün elçi gəlirlər. Zərrintac buna etiraz etsə də anası, atasının öz qardaşına söz verdiyinə görə bunu yaxşı qarşılamaycağını və eyni zamanda ailə qurduqdan sonra da Məhəmmədin Zərrintacın oxumağına maneçilik törətməyəcəyini söyləyir. Valideynlərinin sözlərindən çıxa bilməyən Tahirə bu izdivaca razılıq verir. Cəmiyyətdəki olaylar- qadınlarla qul kimi rəftar məsələsi də bu şəkildə üzə çıxır.

Anasının Zərrintaca: - “Sənin bəxtin gətirib, qız, səndən cəmi 2 yaş böyük olan oğlana ərə gedirsən, tanrına təpik atma. Qonşularımızın qızı uşaq üstünə gedir, günü gedirlər”-sözləri XIX əsr İranının qadına vermədiyi dəyərin-onu kölə, qul hesab etməsinin ifadəsi idi. Cəmiyyətin haqsızlıqları, qadın hüquqsuzluğunun tüğyan etməsinin qarşısının alınması uğrunda mübarizə Tahirənin düşüncəsinə hakim kəsilmişdi. Kazım Rəştinin, Şeyx Əhməd Əhsaninin əsərlərini oxuyaraq, özünün həyat amalına çevirməsi onun Kazım Rəştinin mənzilində xanımı Ümmüssəlma ana ilə dialoqunda tam üzə çıxır.

-Ümmüsəlma ana, sən mənə mənəvi atamın yadigarısan. Rəşti illər ərzində mənim yol göstərən mayakım, elmin yollarında ən nurlu çırağım olub. Üzünü görə bilmədiyim ustadım. Ruhun şad olsun, kamil pirim. Gözün arxada qalmasın, yolunu davam etdirəcəyəm.

Dindən öz məqsədləri üçün sui-istifadə edən mollalar isə artıq Tahirədən şaha şikayət edirlər.

Şəhərin imamcüməsi olan molla Tağının evində cərəyan edən şəkildə İran cəmiyyətinin qadın haqqında olan aşılayıcı münasibəti tam aşkara çıxır. Oğlunu ikinci dəfə evləndirmək istəyən molla Tağı:-“Qadının yeri mətbəx və ərinin uşaqlarının yanı olmalıdır”deyərək, qadına olan İran psixologiyasını tam çözmüş olur. Molla Tağı artıq qardaşı qızı və gəlini olan Tahirəni haqq danışdığı üçün qəbul etmir və xütbədə onu kafir elan edəcəyini söyləyir. Və elə də edir. Qaragüruhçu İran rejimi Tahirənin Məhəmməddən ayrılmasına və uşaqlarının da onun əlindən alınmasına nail olur. Hadisələrin gedişatında Qəzvin camaatına qarşı olan zülmlərə cavab olaraq, imamcümə Molla Tağı ərəb Saleh tərəfindən öldürürülür. Yeni imamcümə keçmiş molla Məhəmməd isə atasının ölümündə Tahirəni günahlandırır. (Tahirəni xütbədə “kafir”elan etdiyinə görə Babilər tərəfindən öldürüldüyünü güman edir).

Həmin dövrdə qaragüruhçu molla rejiminə qarşı Seyid Əli Məhəmmədin rəhbərliyi ilə “Babilər hərəkatı”başlanmışdı (“Bab” ilahi həqiqətə aparan yol, qapı anlamındadır). Tahirə Babın parlaq zəkasının, ağıllı fikir və düşüncələrinin, özünü görməsə də tərəfdaşı idi. Babilər qadın azadlığına xüsusi önəm verirdilər. Tahirə də Baba məktub göndərir. Məktubu oxuyan Bab onun nadir qabiliyyətinə heyran olur və onu öz köməkçisi təyin edir. Seyid Əli Məhəmməd Babın yuxarı təbəqələrdə olan yalançı və ikiüzlü ruhaniləri xəsis və əxlaqsız adlandırması hərəkat üzvlərinə qarşı təqiblərin güclənməsinə səbəb olur.

Nəsrəddin şahın (1848 mart - 1896 avqust ) hökmdarlığının erkən hissəsi də bu hərəkatın tüğyan etdiyi vaxtlara təsadüf edir. Onun zamanında İran hər cür korrupsiyaya uğrayaraq, laxlanan monarxiya idi ki, xalq yoxsulluq və dini fanatizm tərəfindən idarə edilirdi.Tarixi faktlara əsasən tam dəqiq olmasa da Tahirə Qürrətül-Eyn ilə Nəsrəddin şahın görüşü olub. Əlbəttə, dövrünün mütərəqqi keyfiyyətlərinə malik olan bir insanın Tahirənin ağlına, şeirlərindəki poetikaya, təfsir sahəsindəki rəqabətsiz liderliyinə, əqidəsinə Nəsrəddin şah biganə qala bilməzdi. (bəlkə də burada Nəsrəddin şahın poeziyaya meyilliyi və türk olmasının da müəyyən rolu var idi). Pyesin müəllifi də bu görüşü çox böyük rəğbət və maraqla təsvir edir. Əsərin kulminasiya nöqtəsini də elə bu səhnə təşkil edir.

Nəsrəddin şah Tahirənin ağlının və gözəlliyinin vurğunu olur. Ölkədə hakim dairələr tərəfindən onlara (babilərə) qarşı başlanmış alovdan Tahirəni qurtarmaq üçün ona evlilik təklif edir və yalnız bu yolla onu fətvadan xilas edəcəyini bildirir. Tahirə isə: -“Mən sürgün və həbslərdə, döyüş meydanlarında, ələlxüsus da qadın azadlığı uğrunda ona görə mübarizə aparmamışam ki, sonda sizə ərə gedim! Səyyar həbsxananı oturaq zindana dəyişəcək qədər aciz deyiləm”-deyə cavab verir.

Əsrarəngiz gözəllik, möcüzə hesab edilən savad, cah-cəlal içində keçən ömür, ailə, övlad, sürgün və həbslər belə Tahirəni öz əqidəsindən döndərə bilmədi. Babilər hərəkatının boğulması üçün olan əməliyyatlar zamanı Bab 1850-cü ilin iyulunda edam olundu. Babın edamına cavab olaraq bir dəstə hərəkat üzvü 15 avqust 1852-ci ildə Nəsrəddin şaha qarşı uğursuz sui-qəsd təşkil etdi. Şah yaralandıqdan sonra, üsyançılara qarşı daha ciddi tədbir görməyi qərara alır. Hərəkatı məhv etmək üçün ordunun gücündən istifadə olunur. Tahirəyə qarşı isə o qədər də amansız olmamaq qərarı verilir.

Bu olaydan sonra Tahirənin Babın fəlsəfi fikirlərini etiraf etməsi, ölüm cəzasından yan ötə bilməzdi. Tahirə Qürrətül-Eynin öz dinini danmaqla ölümdən qurtulması mümkün olduğu bir zamanda şərəfli şəhidliyini üstün tutdu və ölümsüz şöhrət qazandı. Şəhidlik bütün zamanların və bütün dinlərin qürur və şərəf rəmzi olaraq qalır. Tahirənin edam səhnəsi isə pyesin ən təsirli səhnəsidir. İrana yeni Sədri-Əzəm təyin olunmuş Mirzə ağa Xan Nuri öz adamlarını yenidən Tahirə ilə söhbət etməyə və onun dini inanclarını yoxlamağa göndərdikdə, Tahirə dini öz məqsədləri üçün istifadə edənlərə:-“Sizin gətirdiyiniz dəlillər cahil və nadan bir uşağın dəlilləridir.Siz bu sərsəmlikləri bu yalanları nə vaxta saxlayacaqsız? Siz gözlərinizi nə vaxt qaldırıb həqiqət günəşinə baxacaqsız?”- deyə cavab verir.

Aydın və parlaq zəkaya, heyranedici təmkin və ramedilməz cəsarətə malk olan Tahirənin əqidəsindən döndərməyin mümkünsüz olduğunu gördükdə isə ölümünə fətva verilir. 1852-ci ilin 15 sentyabrında əyyaş ordu əsgəri (heç kim onu öldürmək istəmirdi) tərəfindən Tahirə qətlə yetirilir. Edam ərəfəsində Tahirə üzünü cəlladlara tutaraq deyir:-“Siz məni istədiyiniz qədər tez öldürə bilərsiz, amma qadınların azadlıq emansipasiyasını saxlaya bilməyəcəksiniz”.

Belə əzəmətli türk qadınının Azərbaycan teatrsevənlərinə, Azərbaycan oxucusuna çatdırilması çox təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. Tamaşa Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin və şəxsən şöbənin sədri şair Sayman Aruzun təşəbbüsü ilə səhnələşdirilmişdir. Rolları isə professional aktyorlar deyil, Azərbaycanın bir sıra ali və orta ixtisas məktəb tələbələri ifa edirdi. Tahirə obrazını BDU-nun filologiya fakültəsinin tələbəsi Nigar Əliyeva, Nəsrəddin şahı Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Namiq Həsənov, Bədirnisə ana (Tahirənin anası) obrazını bu il XI sinifi bitirmiş İranə Novruzova, Molla Tağı rolunu BDU-nun filologiya fakültəsinin tələbəsi Elnur Sultanov, müəliif obrazını Firuzə Tağıyeva ifa edirdi. Adlarını çəkə bilmədiyimiz digər tələbələr də öz rollarının öhdəsindən çox böyük məharətlə gəldilər.

Geyimlərin müəllifi Mailə Aslandır.

Qadın azadlığı uğrunda mübarizə Şərqdə ilk gender bərabərliyi məsələsini qaldıran Tahirə Qürrətül-Eyn(göz nuru) ə həsr olunmuş “Günəşin qızı” tamaşasının bütün yaradıcı heyətinə uğurlar arzulayaraq sözümü şərqşünaslığın atası hesab edilən Mirzə Kazımbəyin Tahirə Qürrətül-Eyn barədə demiş olduğu fikirlə tamamlamaq istəyirəm: “Demək istəyirəm ki, qadına azadlıq ideyası necə möhkəm, dinməz ruh, necə möhkəm iradə yerləşdirir. Bizim qəhrəman Qürrətül-Eyn, başqa sözlə, Tahirə misilsiz nümunədir. Qəzvin müctəhidinin qızı, qeyri- adi dərəcədə yüksək təhsil alan, hətta, alim olaraq sözə hakim idi. Bütün bunların üzərində isə onun təsvirəgəlməz gözəlliyi vardı”.

Mehriban Sadıqova

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений