Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“İran dramı”-Təbriz nədən seyrçi qaldı?



İranın Məşhəd şəhərində başlayan sosial tələbli etiraz aksiyalarının yaratdığı gərginlik davam edir. Molla hakimiyyəti əleyhinə başlanmış aksiyalar paytaxt Tehran başda olmaqla ölkənin 29 şəhərini əhatə etdi. Lakin bu dəfəki aksiyalarda Güney Azərbaycan fəallıq göstərmədi. Güney Azərbaycan Milli Hərəkatının liderləri keçirilən etiraz aksiyalarının onlara aid olmadığını bəyan etdilər. Hazırkı vəziyyətdə azərbaycanlılar üçün İranın demokratikləşməsi lazımdı, yoxsa Güney Azərbaycanın istiqlal hərəkatı?

Siyasi şərhçi Natiq Miri “Cümhuriyət” qəzetinə açıqlamasında İranda baş verənlərin hakimiyyətdaxili savaşın nəticəsi olduğunu deyib.

Ekspert hesab edir ki, Güney Azərbaycanın bu prosesə qoşulmaması doğru yanaşmadır: “Əvvəla nəzərə almaq lazımdır ki, İranda baş verən etiraz aksiyalarının səbəbləri bilavasitə İrandakı güc mərkəzlərinin savaşıdır. Yəni, mühafizəkarlarla prezident Həsən Ruhani hökumətinin rəhbərlik etdiyi islahatçı komanda arasında uzun müddətdir ki, mübarizə gedir. Mühafizəkarlar Ruhanini çətin vəziyyətə salmaq üçün toplumun müəyyən qədər kasıb təbəqəsindən istifadə edərək bu cür etirazlar başlatdılar. Bu, o zaman baş verdi ki, İran parlamentində büdcə müzakirələri gedirdi. Bu müzakirələr çərçivəsində benzinin qiymətinin 50 faiz artırılması, İranda 34 milyon insana verilən yardımın kəsilməsi, iqtisadiyyata qoyulan investisyaların dayandırılması, o cümlədən, Suriya, İraq və digər savaşlara yönəlik hərbi xərclərin artırılması gündəmdə idi. Bundan sui-istifadə edən müəyyən dairələr narazı insanları küçələrə tökdü.

Etirazlara orta və ali təbəqədən heç kim dəstək vermədi. Digər tərəfdən, İranda dominant olan Azərbaycan türkləri bu prosesə qoşulmadı. Çünki onlar bilirdilər ki, bu hakimiyyətdaxili savaşdır. ABŞ, İsrail və Səudiyyə Ərəbistanı bu etiraz aksiyalarını dəstəklədi və hər cür yardım etməyə hazır olduqlarını bəyan etdilər. Ancaq bu prosesi başladan xarici faktor deyil. Əslində hadisələri ABŞ-a, İsrailə bağlamaq İran hakimiyyətinin işinə yarayır. Ancaq sözün əsl mənasında bu belə deyil. Etirazlar iqtisadi tələblərlə başladı. Sonra digər siyasi tələblər ortalığa çıxdı. İnsanlar siyasi sistemin dəyişməsini tələb etməyə başladılar. Ancaq getdikcə bu proses artmaq əvəzinə səngiməyə doğru gedir. Çünki etirazçılar anladılar ki, xarici qüvvələr, xüsusilə də ABŞ və İsrail bu prosesə müdaxilə edə bilər. Bu da İrana hərbi müdaxilə ilə nəticələnə bilər. Bir növ İranı növbəti Suriyaya çevirmək istədiklərini anladıqları üçün bu prosesdən çəkildilər”.

N.Miri hesab edir ki, Güney Azərbaycan türkləri demokratik proseslərin güclənməsinə təkan verməlidir: “Azərbaycan türkləri başa düşür ki, etirazlara qatılsalar, 140 minlik SEPAH dəstəsi dövriyyəyə buraxılacaq. Onlar da insanları kütləvi olaraq qətl etməkdən çəkinməyəcəklər. Burada da ən böyük zərbəni alan məhz Azərbaycan türkləri olacaq. Ona görə də bu prosesin içində yer almaq Azərbaycan türkləri üçün qətiyyən sərfəli deyil. Bu baxımdan da onlar bu oyuna getməyəcək. Düşünürəm ki, Azərbaycan türkləri təşkilatlanmalı, gələcək proseslərə hazırlanmalıdırlar. Təbii ki, bu cür hadisələr də Güney Azərbaycana təsirsiz ötüşmür. Onların ideoloji cəhətdən daha da ayılmasına ciddi təsir göstərir. Hesab edirəm ki, Azərbaycan toplumu daha çox demokratik proseslərin güclənməsinə təkan verməlidir”.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений