Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişikliklər edilir



Milli Məclisin ötən günlərdə keçirilən iclasında qanunun 3-cü maddəsinə ( Əsas anlayışlar) dəyişiklik təklif edilib.

Belə ki,qanuna ediləcək dəyişikliyə görə, 3-cü maddənin 3-cü abzasına “informasiya ehtiyatı” sözləri əlavə edilir. Kütləvi informasiya vasitələrinə - dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, informasiya ehtiyatı  kinoxronika proqramları və digər yayım formaları daxil edilir.

5-ci maddəyə ediləcək dəyişikliklərə görə isə “Kütləvi informasiya vasitələri haqqında” qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, “Televiziya və radio yayımı haqqında”, "Məlumat azadlığı haqqında", “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, "Vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında", "Dövlət sirri haqqında", "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanunlardan, habelə digər müvafiq qanunvericilik aktlarından ibarətdir. 

10-cu maddəyə (Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi)  ediləcək dəyişikliklərdə göstərilib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri, habelə yayılması qadağan ediləndigər informasiyanı yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir.

Həmçinin qanuna yeni 19-1-ci maddə əlavə edilir.

Maddə 19-1. İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması.

Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Həmçinin qanunun hazırkı variantında sosial ədalətə çağırışın yolverilməzliyi haqda yazılıb. Sitat: Maddə   10. Kütləvi informasiya azadlığından sui‐istifadənin yolverilməzliyi Azərbaycan Respublikasının qanunvericiliyi ilə  qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla çevirmək, dövlətin bütövlüyünə  qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir.

Maraqlıdır, sosial ədalət dedikdə nə nəzərdə tutulur. Qanunvericiliyə bu dəyişikliklər jurnalistlər, media qurumlarına nə vəd edir.

Hüquqşünas, media eksperti Ələsgər Məmmədli Cebhe.info-ya açıqlamasında bu ahqda danışaraq yeni dəyişiklikləri müsbət addım kimi dəyərləndirməyib:

“Mart ayında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunvericiliyə əlavə olan internet medianın məhdudlaşıdırlması məsələləri artıq KİV haqqında qanuna da şamil edilir. Bütün bu dəyişikliklər informasiya vasitələrinin azadlığını kifayət qədər məhdudlaşdırıcı normalardır”.

Ə.Məmmdəlinin sözlərinə görə “Kütləvi İnformasiya Vasitələri haqqında qanun”un 10-cu maddəsində yer alan sosial ədalət ifadəsi də yanlış işlədilib: 

“KİV-dən sui-istifadənin yolverilməzliyini nəzərdə tutan maddədə ifadə tərzi səhv seçilib. Sosial ədavət ifadəsinin əvəzinə sosial ədalət yazılıb ki, bu da çox ciddi nöqsana səbəb olub. Bundan başqa milli-irqi, dini ayrıseçkilik ifadəsində sonuncu düşüb. Beləliklə də milli, dini və sosial ədalətdən yazanlar jurnalistikanın hüquqlarını pozan kimi başa düşülür”. Ə.Məmmədlinin sözlərinə görə bu maddələrdə dilimizin normaları pozulduğu üçün arzuolunmaz problemlər yaranıb. Əslində məqsəd milli, irqi, dini ayrıseçkiliyə yol verən təbliğatların qarşısını almaqdır. Düşünrəm ki, Milli Məclisdəki deputatların 125 nəfərindən bir qismi Azərbaycan dilini bilirsə, bu nöqsanları dəyişməlidir. Hələlik bu nöqsanlar qalmaqdadır”. Ə.Məmmədli digər dəyişikliklərdən də söz açıb: 

“Öncələr KİV deyəndə informasiya ehtiyatları nəzərdə tutulmurdu. KİV-in məhdudlaşdırılması dedikdə, eyni zamanda informasiya ehtiyatlarının da məhdudlaşdırılması nəzərdə tutulacaq”. Ə.Məmmədlinin sözlərinə görə yeni dəyişiklilər beynəlxalq konvensiyalara da ziddir:  

“Bu dəyişikliklər Avropa İnsan Hüquqları Konvensiyası, İnsan Hüquqları Məhkəməsinin siyasətinə zidd addımdır. Aazərbaycan qanunvericiliyini bu həddə gətirmək düzgün deyil. Bu addım Konstitusiyanın 150-ci maddəsinə də ziddir”. 

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений