Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“Meşələr yanmır, qəsdən yandırırlar”: Ekoloqdan ilginc iddia - MÜSAHİBƏ



Qlobal istiləşmə ideyasını əsasən İqlim Dəyişmələri üzrə Dövlətlərarası Ekspertlər Qrupu (İDDEQ) irəli sürüb. İddiaya əsasən atmosferdə karbon və metan qazlarının getdikcə artması nəticəsində istixana effekti yaranır. Dünya bu iddiaya inanarkən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bu iddiaları rədd edir.

“Cümhuriyət” qəzetinin suallarını Telman Zeynalov cavablandırıb. 

“Qlobal istiləşmə pul qopartmaq məqsədilə ortaya atılmış çirkin oyunların nəticəsidir”

- Telman müəllim, dəfələrlə açıqlamalarınızda bildirmisiz ki, qlobal istiləşmə barədə iddialar əsassızdır. Əslində buzlaşma dövrü başlayıb və bu qlobal soyuqlaşma hələ uzun müddət davam edəcək. Ancaq 2017-ci ilin yay fəslinin temperaturuna nəzər salsaq normadan artıq istilər müşahidə olundu. Qlobal soyuqlaşma prosesi gedirsə, o zaman belə istilərin baş verməsi nə ilə bağlıdır?
- Bütün dövlətlərin paytaxtı genişlənir, ərazisi böyüyür, əhalinin, avtomobillərin, hündürmərtəbəli binaların sayı çoxalır. Hava axınının qarşısını kəsirlər, eko sistemi pozurlar, şəhərlərdə, rayonlarda temperatur qalxır. Son dövrlərdə deyirlər ki, bunu Amerikanın Qlobal Ekoloji Fondu ortalığa atır. Onlar hərbi silahlardan istifadə edib süni şəkildə qasırğaların sayını və temperaturu artırırlar. Camaat arasında təbliğat aparırlar ki, qlobal istiləşmə gedir. Mən Bakıda doğulub burda da böyümüşəm. Əvvəllər mart ayında köynəklə gəzirdik, dənizdə çimirdik. İndi mart ayında pencəyi, plaşı əynimizdən  çıxartmırıq. Qışdan yaya gedirik, yaydan isə birbaşa qışa keçirik. Arada yaz, payız fəsli itib. Qlobal istiləşmə dövlətlərdən pul qopartmaq məqsədilə ortaya atılmış çirkin oyunların nəticəsidir. Nə qədər ki, SSRİ var idi onun qarşısında heç kəs bu oyunları qura bilmirdi. SSRİ dərin bir dövlət idi, elmi cəhətdən hər şeyi əsaslandırıdı. Ancaq indi elm batıb. Məgər Azərbaycanın özündə elm var? Yeganə dövlət Amerikadır ki, orada elm qalır. Elm əsasında bütün dövlətləri talan edirlər. Meşələr qırılır heç kəs ona fikir vermir. Şəhər böyüyür, dənizkənarı hər yer hasarlanıb zəbt olunur, yüksək mərtəbəli binalar tikilir, asfalt örtüyünün miqdarı artıb. Hava axını hərəkət etmir ona görə də temperatur yüksək olur. Bu sahə üzrə doktorluq dissertasiya etmişəm, texnika elmləri doktoruyam. Heç kəsin fırıldaq oyunları ilə oynamaq niyyətində deyiləm. BMT-nin ekoloji məsələlər üzrə “İSSP” təşkilatı var. Orada bir alim yoxdur, hamısı fırıldaqçı mühəndislərdir. Buna görə də qlobal istiləşmə terminini ortaya atanların əleyhinə çıxmışam.

“Obyekt tikmək istəyən meşəni yandırır”

- BMT-nin ekoloji məsələlər üzrə “İSSP” təşkilatının fırıldaqçı mövqedən çıxış etməsində məqsədi nədir?
- Qlobal Ekoloji Fondun Azərbaycandakı üzvü idim. Amma oradan imtina edib çıxdım. Səbəbi isə çirkin oyunlar idi. Qlobal istiləşmə haqdakı reklamlara milyardlarla dollar vəsait ayırırlar. Əslində isə camaatı aldatmaqla məşğuldurlar. Reklamı gücləndirmək üçün televiziyalara da böyük məbləğdə pul ödəyirlər. Bu gün görürük ki, televiziyada hədsiz istilər səbəbindən meşə yanğını baş verdiyi barədə informasiya yayımlanır. Əslində meşələr istidən yanmır. Kiməsə meşədə obyekt tikmək lazımdır, oranı yandırır. Ərazi boşalan kimi aidiyyəti qurumlara müraciət edib ərazinin pulunu ödədikdən sonra mülkünü tikir. Yaxud da kimsə kənd təsərrüfatı sahəsini artırmaq istəyirsə, sahə boyu meşə zolaqlarını yandırıb ərazini zəbt edir. Heç vaxt özbaşına meşə yanmaz. Meşədə olan külək, rütubət meşəni yanmağa qoymaz. Ona qığılcım verənlər var. Bunlar da imkanlı şəxslərdir, kasıblar bunu edə bilməz. Kasıbın belini sındırarlar.

“Zibildən pul qazanmaq olar”

- Qlobal istiləşmənin başlıca səbəbi kimi zərərli maddələrin biosferə və atmosferə atılması göstərilir. Necə hesab edirsiz, sənaye müəssisələrindən, avtomobillərdən, yaxud zibil tullantılarının yandırılması zamanı atmosferə atılan zəhərli qazlar iqlim dəyişməsinə səbəb olmurmu?
- Atmosferin, torpağın və suyun təmizlənməsi kimi məsələləri qaldırmaq lazımdır. Tullantılarla əlaqədar atmosfer çirklənir. Karbon qazı olmasa, yaşayış olmaz. Dövlət qurumları zəhərli maddələrə nəzarət etməlidir. İstəməzdim ki, Azərbaycanda zavod-fabriklər bağlansın əhalinin 90 faizi işsiz qalıb pul qazanmaq üçün başqa ölkələrə qaçsınlar. Azərbaycan zavodlar tiksin, gəncləri işlə təmin etsin. Hər il ali məktəbi 15-20 minə yaxın gənc bitirir, amma hamısı da işsiz qalır. Bu, reallıqdır. Niyə belə olmalıdır?
Qaldı ki, atmosferə atılan zəhərli qazların iqlim dəyişməsinə səbəb olmasına, zəhərli qazların atmosferə cüzi təsiri var. Zibil yandırılarkən dioksin deyilən kimyəvi maddə istehsal olunur. Dioksin böyük kimyəvi birləşmələrin adıdır. Bənzər quruluşa malik kimyəvi maddələrin birləşməsindən formalaşır. Bu birləşmələr hidrogen, karbon, oksigen və xlor atomlarından ibarətdir. Zərərli bir maddədir. Araşdırılmalardan məlum olub ki, plastik materialların isti su və ya birbaşa isti ilə təması nəticəsində dioksin yaranır. Bu kimyəvi birləşmənin insan bədəninə mənfi təsirləri çoxdur. Yeni epidemiyaların yayılmasına, o cümlədən, xərçəngə yol açır. Əslində bu gün tullantıları yandırmaq əvəzinə ondan pul qazanmaq olar. Sovet dövründə zibilxanalardan pul qazanırdılar. Amma indikilər başlı-başına götürüb zibili yandırır.

- Telman müəllim, yerli mütəxəssislərin sözlərinə görə Günəş aktivliyi sönməyə doğru gedir...
- Bəli, Günəşin müddəti var. Hazırda Günəş 100 illik dövrə keçib, tədricən soyuyur. Günəş soyuduqca şüaları Yerin üzərinə az gəlib çıxır. Ona görə də havalar soyuyub. Deyirlər ki, buzlaqlar əriyir. Əgər buzlaqlar əriyirsə, deməli buzlaşma dövrünü gözləməliyik. Buzlaqlar əriyən zaman okeanın suyu soyuyur, qasırğaların sayı, yağıntıların miqdarı artır, havalar soyuyur buzlaşma dövrü yaxınlaşır. Bu, qanundur.

“Bütün dövlətlər bu oyunun  içindədir”

- Dünya Bankının 28 ölkə arasında apardığı tədqiqata əsasən Azərbaycan iqlim dəyişikliyinin təsirlərinə ən çox məruz qalan 11-ci ölkədir. Sizcə, Azərbaycanda qlobal istiləşmənin təsirinə və quraqlığa məruz qalması barədə deyilənlərin əsası varmı?
- Bu, tamamilə yanlış fikirdir. Dünya Bankı nə vaxt gəlib Azərbaycanda monitorinq aparıb? Nə vaxt apardıqları elmi işin nəticəsinə yerli alimləri və ya QHT-ləri cəlb ediblər? 
Bu, çirkin oyunlardır. Reallıq ondan ibarətdir ki, bizim bəzi vəzifəli şəxslərimiz də o çirkin oyunlarda iştirak edirlər. Camaatı nə qədər aldatmaq olar? Çalışırlar ki, hər şeyi əhalinin cibindən çıxarsınlar. Bəs dövlət nəyə lazımdır? Azərbaycanın kifayət qədər yeraltı və yerüstü sərvətləri var. Amma əhali kasıb yaşayır. 1990-cı ildə Azərbaycanda müstəqillik əldə olunandan sonra heç bir zavod-fabrik işləmirdi. Dolayısı ilə ətraf mühitə zərərli tullantılar da atılmır. Əgər millətin 90 faizi işsiz qalıbsa, hansı qlobal istiləşmədən danışmaq olar? Təəssüf ki, bu oyuna bütün dövlətlər qatılıb. Qatılmayanı da aşırdırlar. İndi ən kasıb dövlətlərdə millət bir-birini qırır. Bu da onların həyata keçirtmək istədiyi oyunun bir parçasıdır. Əslində bu, qlobal istiləşmə yox, qlobal oyundur. 

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений