Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“O nazir yerini boş görürəm” deyən Səbuhi Rəhimlidən sensasiyalı müsahibə: “6-ya yaxın adam icra başçısı olub...”



“...İranla Amerika arasında müharibəni mən saxlayıram, qoy buradan o tərəfə özləri bilsin”

Yeni il həm də insanın həyatdan yenilik gözləməsidir. İnsan nə olacağını bilmək, onu gözləyənlərə hazır olmaq istəyir. Həm şəxsi həyatında, həm ölkə, həm də dünya çapında baş verəcəklərlə bağlı təminləri peşəkardan dinləmək isə ayrı bir istəkdir. “Cümhuriyət” qəzeti yeni təqvim ili ərəfəsində astroloq Səbuhi Rəhimlini redaksiyada qonaq edərkən 2017-ci ilin yekunları, 2018-ci ilin gözləntilərindən danışmağı hədəfləmişdi. Amma plan ayrı, reallıq ayrı. Söhbət məcrasından çıxdı...
Dosye: Səbuhi Rəhimli 1970-ci ildə Tərtər rayonunda doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. Qarabağ müharibəsinin könüllü iştirakçısıdır. Qazidir. Ötən əsrin 90-cı illərindən astrologiya ilə məşğul olur. Azərbaycanda astrologiya üzrə tanınmış mütəxəssis hesab olunur. 38 kitabın müəllifidir. Şairdir və bir neçə şeir kitabı nəşr olunub. “Qoroskop” qəzetinin baş redaktorudur.

(müsahibənin əvvəlini buradan oxuyun)

-Azərbaycanda yaranan astrologiya niyə ən zəif mərhələsini məhz elə burada yaşayır? İstedadlı adam yoxdur, yoxsa başqa səbəblər var?
-Tək astrologiya deyil, vaxtilə bizdən çox elmləri daşıyıb Qərbə aparanlar olub. İslamın 5 cərəyanı olub ki, onun ikisi Azərbaycanda yaranıb. Bunların hamısını daşıyıblar və bu gün bizə yeni, bir az da kirlənmiş kimi təqdim edirlər. Səbəblərdən biri budur. İkinci səbəb isə sovetlər dönəmində 70 il ərzində qoyulan qadağalar oldu. Bunu dəfələrlə demişəm, yenə də söyləyirəm ki, astroloji bilgilər bizə yeni gələndə, tərcüməçilərin qüsuru ucbatından insanlarımıza "Sizin ulduz falınız" kimi təqdim olundu. Qəzetlər də götürüb bunu ulduz falı kimi yazdı. Fal sözü də insanlarda düzgün asossiasiya yaratmadı. İnsanlar düşünürdülər ki, astrologiya da faldır. Halbuki rus dilində belədir: "Kto vı po qoroskopu?", tərcüməsi isə "Qoroskopa görə siz kimsiniz?"dir. Hər zaman müsahibə verəndə deyirəm ki, astroloji proqnoz, götürüb yazırlar ki, Səbuhi Rəhimlidən ulduz falı... Üçüncüsü də, insanlar astrologiya ilə pul qazanmaq istəyirlər. Amma bu elmin içinə varanda görürlər ki, qəliz məsələdir. Bir adama qoroskop xəritəsi hazırlamaq onun haqqında mini elmi iş kimidir. Onu hesablamalısan, potensialını, uyğun zamanlarını bilməlisən. Həm də belə bir məsələ də var. Məsələn, kimsə icra başçısı olmaq istəyir, müraciət edir. 

-(Sözünü kəsirik)... Tutaq ki, yoxsa konkret elə müraciətlər var?
-Var. Hətta onabənzər çox hadisə olub. İcra başçısı olmaq, ya da hansısa nazirlikdə işə düzəlmək istəyir. Mənə müraciət edir ki, hansı yolla getməsi, kimə müraciət etməsi, hansı adamla görüşməsi barədə məsləhət verim. Tutaq ki, hesablayırıq, getdi və doğrudan da icra başçısı, ya da nazir müavini oldu. Ondan sonra əlaqə itir. Adam qaçıb, yoxdur (Gülür)... 

-Yəni təcrübənizdə belə şeylər olub?
-Mən heç nə ummuram.

-Umursunuz demirəm. Təcrübənizdə olub?
-Olub, əlbəttə. Hardasa 6-ya yaxın adam mənim məsləhətimlə icra başçısı olub. Onlardan ən azı dördü mən olmasaydım, o posta təyin edilməzdi. İçlərindən ancaq biri qanacaqlı çıxdı. İcra başçısı olduğu səfalı rayonda mən ailəmlə gedəndə 2 günlük öz hesabına kotec ayrılmasına göstəriş verdi. Mən də qəbul etmədim. Amma restoranda iki dəfə onun hesabına nahar eləmişik. Həmişə zəng edib, danışmışıq. Onu demək istəyirəm ki, astrologiyada hər şey təbii olur, möcüzə deyil. Durduğu yerdə “vəzifə də istəyirəm”  deyir və hansısa nazir zəng edir ki, müavin yeri boşdur, gəl, işlə - belə bir şey yoxdur. Həmin adama düzgün yolları göstərirəm, deyirəm ki, bu yolla get. Bir dəfə alınmadı, deyirəm ki, bir də get, bu addımı at.

-Yəni, düzgün istiqaməti göstərirsiniz.
-Bəli, o da gedir, alınır. Sonra da deyir ki, onsuz da bu olacaqdı. Ona bu, təbii gəlir, “mən özüm əziyyət çəkdim” söyləyir (Gülür)... 

-Keçək 2018-ci ilin proqnozlarına. Ölkədə və dünyada hansı siyasi, iqtisadi, ümumiyyətlə, nə kimi proseslər gözlənilir?
-1997-ci ildən bu yana həmişə proqnoz vermişəm və 95-96 faizi də düz olub. Amma bu il heç bir proqnoz verməyəcəyəm. Bilirəm, deyəcəklər ki, Səbuhi Rəhimliyə təzyiq etdilər. Ya da kimsə deyəcək ki, proqnoz verə bilmir. Əslində səbəbim sadədir. Sizə deyim: müsahibə götürəndə söyləyirəm ki, gəl, əvvəlcə ötənilki proqnozlarımı təhlil edək. Həmin dəqiqə jurnalist deyir ki, yox, bizə əsas gələn il lazımdır... Dostumuz Zirəddin Rzayev il başlayanda 20-30 proqnoz verirdi. Məsələn, dedi ki, Böyük Britaniya kraliçası öləcək. İlin ortasında bir də çıxıb deyirdi ki, mən əminəm, kraliça öləcək, Böyük Britaniya da 3 gün matəm elan edəcək. Proqnozu düz olmadı, yaxasından tutan da yoxdur.  Mənim bir proqnozum səhv çıxsa, bütün qəzetlər üstümə tökülər ki, demişdin, amma düz çıxmadı. Jurnalistlərə də ancaq sensasiya lazımdır.

-Deməli, siz 2018-lə bağlı ona görə proqnoz vermirsiniz ki, 10 söylədiyinizdən biri səhv çıxar və hamı üzərinizə gələr?
-Yox, səbəb bu deyil. 25 proqnozumdan 6-sının səhv çıxdığı olub. Nə olsun, kişinin başına iş gələr (Gülür). Yerli telekanallardan birində 3 il dalbadal İrana hücum olmayacağı barədə proqnoz vermişdim. Bu, həmin ərəfədə idi ki, prezidenti Corc Buş olan Amerikanın 3 atom daşıyan gəmisi İran Fars körfəzinə gətirilmişdi. Dördüncüsü də gətirilmək üzrəydi. ABŞ-ın dövlət katibi Kondaliza Rays çıxıb açıq bəyan etdi ki, iyuna qədər İran vurulacaq. Proqnozumdan sonra bəzi politoloqlar əleyhimə danışırdı ki, bu mümkün deyil, sən haradan bilirsən? Düz 3 il proqnozum özünü doğrultdu. Dördüncü il məndən proqnoz istədilər, soruşdular ki, bəs gələn il nə olacaq? Dedim ki, 3 ildir ki, İranla Amerika arasında müharibəni mən saxlayıram, qoy buradan o tərəfə özləri bilsin (Gülür). İndi mən 18 ildir daim populyar mediada, qəzetlərdə proqnozlar verirəm, özünü doğruldur. Bu il də mənsiz keçinsinlər. Kim nəyə yozursa-yozsun, problem yoxdur. Lakin 2019-cu il üçün proqnoz verəcəyəm. 

-Sizə deyim ki, 2018-ci illə bağlı bu cavabınız insanlarda əməlli-başlı narahatlıq yaradacaq.
-Zənnimcə, qarşıdan gələn Sarı İt ili ilə bağlı nikbin olmağa dəyər (Gülür).

- Bir az da “X Nibiru” planetindən danışaq. Ona görə danışaq deyirəm ki, son zamanların ən çox müzakirə edilən mövzularındandır. Bu planetin Günəş sisteminə daxil olduğunun və böyük fəlakətlərə yol açacağını deyirlər. Bu planeti şumerlər Nibiru, babillilər Marduk adlandırırdı. “X Nibiru” planeti 3,6 min ildən bir Günəş sisteminə daxil olur. 21 dekabr 2012-ci ildə daxil olub. Bu tarix həm də Mayya təqviminin son günüdür. Bu planetin qiyamətə səbəb olacağı ilə bağlı iddialar irəli sürülür. Bununla bağlı nə deyə bilərsiniz?
-Ümumiyyətlə, kainatla bağlı iki əsas ulduz var ki, biri həyatvericilik anlamındadır - Sirius, digəri isə - Niburu öldürücüdür. Niburunun adı ilk dəfə “Avesta”da keçir. Nə vaxtsa insan övladının günahları həddini aşanda, Niburu gəlir, fəlakətlər törədir. Hər era 2 min il çəkir. “Əqrəb erası” deyilən bir dövr olur. Gəlib, yeri tənzimləyir, sonra da çəkilir, gedir. Məsələn, Nuhun tufanı əqrəb erası başlayanda olub. Amma ortada fakt yoxdur. Bunlar əfsanə kimi bir şeydir. Marduk özü də Niburu deyil, başqa nəhəng asteroiddir. 2012-ci il 21 dekabrda insanları təlaşda saxladılar. Həmin ərəfədə kitab yazmışdım, həm elmi, həm də dini tərəfdən əsaslandımışdım ki, bu, boş söhbətdir. Doğrudan da gördünüz, dedikləri hər şey boş çıxdı. Bilirsiniz, bu, sadəcə, insanların cahilliyindən istifadə edib, onları qorxu içərisində saxlamaqdır. İnsanlar arasında qorxunu da böyük siyasi oyunlar edəndə yaradırlar. 

-Deməli, bu da siyasi oyundur?
-Bəli. Xatırlayırsınızsa, hətta 140 milyon dollar xərc çəkib, “2012” bədii filmini də çəkmişdilər. 2012-ci ildə dünyada nələrin olduğunu gördük (Gülür). 

-Bu gündən sonra dünya dağılsa da, inanmayacağıq...
-Təsəvvür edin, 2012-ci il dekabrın 21-i keçdi. 2013-cü il fevralın 16-da Yerə asteroid yaxınlaşacağını dedilər. İnsanlar yenə də təlaşa düşdü. 2015-ci ildə də dedilər ki,  8 gün qaranlıq olacaq. Mən də söylədim ki, ən böyük planet Yerin lap yaxınlığından keçsə də, 8 saatdan artıq qaranlıq ola bilməz. O da hələ gündüz keçərsə, gecə qaranlıq tərəfə düşə də bilər axı. Maraqlıdır ki, astrofiziklər, din adamları bütün bu olanlarla bağlı danışmadı. Sanki hamısını susdurmuşdular ki, insanlar təlaşda qalsın. 

- Hər ilin şablonu halına gələn "dünyanın sonu" ssenariləri, bu il də başlayıb. Budəfəki fəlakət ssenarisi haqqında “Science” jurnalı yazıb. Yazılanlara inansaq, 23 dekabr tarixində dünyanın sonunu virus gətirəcək. Hindistanlı elm adamları və astronomlar iddia ediblər ki, guya həmin virus bütün bəşəriyyəti məhv edəcək.
-Bunların hamısı insanları təlaşda, qorxuda saxlamaq üçündür. 2008-2011-ci illərdə Avropada kreditgötürmə faizi xeyli aşağı düşmüşdü. Belə bir mexanizmi işə saldılar. Təbliğat aparırlar ki, dünyanın sonu yaxınlaşır. İnsanlar da düşünür ki, onsuz da dünya dağılacaq, gedib banklardan pul götürürlər. Bu gün də əziyyət çəkə-çəkə o pulları ödəyirlər. 

-Belə çıxır ki, bunlar böyük maliyyə qurumlarının oyunlarıdır?
-Bəli. Sizə heç bir yerdə danışmayacağım bir faktı deyim: mənə dəfələrlə verilişlər, layihələr, iş təklif ediblər ki, yalan proqnozlar verim. Məsələn, Qarabağ məsələsi bu il belə olacaq-filan... Şou-əhli çağırır, deyir ki, sənə şərait yaradaq, əvəzində yalandan de ki, məsələn, Elza Seyidcahan bu il avtomobil qəzasına düşəcək. Niyə deyim ki? Mən proqnozlara həddindən artıq ciddi, həssas yanaşıram. Yəni, proqnozlarla bağlı xarici amilləri də nəzərə alıram. Hansısa nazir vəzifədən getməlidirsə, işə nə vaxt gəlib, necə çıxarıla bilər- bütün xırdalıqlarına qədər çalışıram. 

-Nazirdən söz düşmüşkən, təhsil nazirinin yerini hələ də boş görürsünüz?
-Görürəm, yeri boşdur. 

-Onu biz də görürük. Bu yer nə zamana qədər boş olacaq?
-Yeni ilə qədər yeni nazir qoyulmayacaq. 

-Qarşıdan gələn Sarı İt ili bizə nələri vəd edir? Ümumiyətlə, bu ilin xarakteristikası haqda nə deyə bilərsiniz?
-Öncə bildirim ki, qarşıdan gələn Sarı İt ili 2018-ci il fevral ayının 16-da (Bakı vaxtilə saat 01:05 dəqiqədə) start götürəcək. İt ilinin mövcud olduğu bütün dövrlərdə qüvvələr nisbəti tarazlaşır, zəif tərəf olmur. İki güclü əks qütbün qarşıdurması isə həmişə qorxuludur. Bəhs etdiyimiz illərdə qanunlar daha sağlam və sərt formada işlədiyindən qanundankənar fəaliyyət göstərənləri təhlükəli risk qarşısında qoyur. Bundan başqa, ötən Xoruz ilinə nisbətən bu dövrdə iddialar yalnız söz və debatlarla yekunlaşmır. Bir sözlə, ilboyu rəqib qüvvələrin, yeni qarşıdurma dövrü başlayacaq və bu, mütləq bir sonluqla tamamlanacaq. İt ili həm də dünyada mövcud olan siyasi fikir ayrılıqlarını qaydasına salır, müharibələri dayandırır, insanlarda vəhdət və birlik yaradır, xalqları milli özünüdərkə aparır. Yerin ahəngi əsaslı şəkildə bərpa olunur, böyük və müsbət dəyişikliklərə yol açır. 2018-ci ildə dünyanın siyasi mənzərəsi tamamilə dəyişəcək, siyasi rəqiblərin ortaq məxrəcə gəlməsini, qarşılıqlı inamın bərpasını və gərgin siyasi müstəvilərdə harmoniyanın yaranmasını görəcəyik. Necə deyərlər, “bataqlıqların qurudulması” prosesi başlayacaq. Bu dövrlərdə böyük hərbi münaqişələr olmur, yeni ictimai-siyasi liderlər yetişir. Unutmayaq ki, İt qabiliyyətliləri, istedadlıları məşhurlaşdırır. 2018 yaxşıya doğru dəyişikliklər ilidir. İt ilində dini vəhdətə, ilahi qaydalara riayət etmək kimi meyillər güclənir. Radikal dinçilərin, dinə qarşı qəddar olanların cəzalandırılmasına da şahidlik edirik. İt bütün alçaldılmış və incidilmiş insanların köməyinə gələrək onları təhqir edənləri də cəzasız qoymur. Ümumiyyətlə, İt istər dövlətlərarası, istərsə də şəxsiyyətlərarası münasibətlərdə mövcud olan aqressiyanı az qala sıfıra endirir. Bir amili də qeyd edim ki, İt ilində narazı qüvvələr birləşməyə və sistemli mübarizə aparmağa həvəsli olurlar. Tarixi hadisələrə nəzər yetirsək, görərik ki, tətil və ixtişaşların, hakimiyyətlə xalq arasındakı böhranın, inqilab və çevrilişlərin böyük hissəsi məhz İt illərinə təsadüf edir. Siyasi proqnostika ilə məşğul olan astroloqların qənaətincə, qlobal hədəfə yetişmək üçün Xoruz ili hazırlıq ərəfəsi olduğu halda, məhz İt ilində bunun tətbiqi və real nəticələri özünü göstərir. İlin digər məziyyətlərinə gəlincə, bu dövrdə 2014-cü ildən yığılıb qalmış problemlərin həlli üçün ciddi işlər görmək lazım gələcək. Xüsusən də böyük biznesə girişmək istiqamətində uğurlu hallar müşahidə olunacaq. İt qanun-qaydanı və ədalətliliyi himayə etdiyindən yalançı və dələduz adamları sərt şəkildə cəzalandıracaq. Bu baxımdan rüşvətxor məmurlarımız üzlərini silləyə hazır tutmalıdırlar. Nahaq yerə deməyiblər ki, "İt"də olan düzlük heç kimdə yoxdur. Yeri gəlmişkən, belə illərdə ən böyük uğur incəsənətin, xüsusən də aktyor sənətinin öhdəsinə düşür. Bu il sensasiyalı texnoloji yeniliklərin, ixtiraların də şahidi olacağıq. Daha çox yaradıcı və elm adamları üçün potensial yaranacaq.

Aytən Həsənova

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений