Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Sosial evlər”i də biznesə çevirdilər: Qiymət baha, şərtlər ağır - NARAZILIQ



Sosial evlərin satışı başlayır. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışını elan edib. 1 otaqlı mənzillərin qiyməti - 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti - 47 282 manat, 3 otaqlı mənzillərin qiyməti - 65 626 manat təyin olunub. Sosial ipoteka krediti hesabına mənzilləri alan zaman isə aylıq ödənişlər 1 otaqlı mənzil üçün 129-136 manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzillər üçün isə 282-288 manat olacaq. Bu qiymətlər mənzil 10 faiz ilkin ödəniş edilərək, 4 faiz dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda realdır. 

Məsələ ondadır ki, təyin olunan bu qiymətlər sosial evlərin nəzərdə tutduğu əhali üçün adekvat deyil. Məlum olduğu kimi, bu layihə aztəminatlı ailələrin mənzillə təmin olunmasına hesablanıb. Ancaq mənzillərə qoyulan qiymət və ödəniş cədvəli bazar qiymətlərindən demək olar ki, fərqlənmir. Nəzərdə tutulan qiymətlər ipoteka kreditlərilə demək olar ki, eynidir. Maraqlıdır, iqtisadçılar necə düşünür? Sosial evlərin satış şərtləri nəzərdə tutulan əhali qrupu üçün adekvatdırmı?

İqtisadçı-ekspert Fuad İbrahimov “Cümhuriyət” qəzetinə şərhində sosial evlər üçün tətbiq olunan satış şərtlərinin əhalinin gəlirlərinə adekvat olmadığını deyib. F.İbrahimov hesab edir ki, bu layihə effektiv hazırlanmayıb: 

“Adətən, bu qəbildən olan layihələr böyük elmi-tədqiqat institutları tərəfindən hazırlanmalıdır. SSRİ dövründə bu cür layihələr məhz belə hazırlanırdı. Onun indeksləri, əmsalları xırdalıqlarına qədər hesablanırdı. Sosial evlər layihəsi isə 2-3 ay ərzində heç bir təcrübəsi olmayan, mono komanda ilə hazırlanıb. Yəni, bir çox təşkilatların, qurumların ekspertləri cəlb olunmalı idi ki, bu layihə heç bir sual yaratmasın. Əlbbətə sosial evlər əhalinin gəlirlərinə adekvat deyil. Ümumiyyətlə, əgər vətəndaşın gəlirinin 25-30 faizindən çoxu gedirsə, artıq bu layihə effektivliyini itirir. Çünki artıq həmin vətəndaşın normal yaşayışı şərtləri çətinləşir. Əgər vətəndaş ev alandan sonra ailəsilə normal yaşaya bilmirsə, gəzməyə getmirsə, paltar almırsa, bu artıq anormal layihədir. Bu da cəmiyyətdə aqressiyanın yaranmasına səbəb olur. Bu layihələr işlənəndə bir çox qurumlardan mütəxəssislər cəlb olunmalı və ciddi hesablamalar aparılmalı idi. 

Digər tərəfdən, layihənin hazırlanması üçün kifayət qədər vaxt var idi. Bu birdən-birə yada düşmədi ki, aztəminatlı ailələri mənzillə təmin etmək lazımdır. Bir çox nazirliklər var ki, onların tərkibində bu sahə ilə məşğul olan idarələr, departamentlər var. Onlar bu illər ərzində hansı işlə məşğul olublar, onu deyə bilmir. Ancaq siz mütəxəssis olmaya-olmaya jurnalist kimi aktual məsələyə toxundunuz. İqtisadçı kimi, mən də bu layihənin sosial şərtlərə cavab vermədiyini dedim. Ümumiyyətlə, istənilən layihənin, kapital qoyuluşlarının konkret analizləri aparılmalıdır. Bu zaman iş də effektlilik əmsalı yüksək olur. Ancaq indi sosial evlərin satışı hələ təzə başlayıb, artıq bir çox suallar yaranır. Siz jurnalist olaraq araşdırma aparırsız, sosial evlərə tətbiq olunan şərtlərlə ipoteka və hətta kommersiya kreditlərinin verilmə şərtlərinə yaxın əmsal əldə edirsiz. Belə olduğu halda, əlbəttə, sosial evlərin satış qiymətləri təbii ki, əhalinin durumuna cavab vermir”.

İqtisadçı-ekspert Samir Əliyev də sosial evlərin qiymətinin ucuz olmadığını deyib: 

“MİDA-nın satışa çıxardığı mənzillərin qiyməti (1 kv.m - 940-950 AZN) heç də aşağı deyil və sosial ev statusuna cavab vermir. Olsa-olsa, nisbətən ucuz ev statusuna uyğun gəlir. Hansısa özəl şirkət bu qiymətə satış etsəydi, bunu normal qarşılamaq olardı. Amma əlində dövlətin resursları olan, özəl şirkətlərdən fərqli olaraq əlavə qeyri-rəsmi ödənişlərdən azad olan MİDA-nın evləri daha ucuz olmalı idi”.

V. Muxtar








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений