Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Söyüş demokratiya gətirməz” - Vüsal Qarayev 



“Bu, tək qabiliyyəti söyüş söyməkdən ibarət olan qaragüruh sürüsü qurultay ərfəsində ortaya çıxmışdılar . Heç bir dəyər gözləmədən, ailə, valideyin demədən, ən ağır söyüşlərlə üzərimizə hücuma keçmişdilər. Maraqlıdır ki, bir də indi, seçki ərəfəsində meydana çıxdılar”.

Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev son zamanlar sosial şəbəkədə partiya sədri və üzvlərinə qarşı fəaliyyətə başlayan saxta profil sahiblərinin əməllərinə münasibəti bildirərkən deyib. 

V.Qarayevin sözlərinə görə, onu üzən məsələ söyüşdən daha çox, gənclərin belə əxlaqsızlıqlara alət edilməsidir: “Olsun, söyüş bumeranqdır, bu, aydın məsələdir. Məni üzən o gül kimi gənclərin başına qoyun dərisi keçirilib manqurtlaşdırılmasıdır. Axı, onlar da bizdəndir. Axı, onlar bizim gəncliyimiz, bizim gələcəyimizdir”. 

Mətbuat xidmətinin rəhbəri gənclərə müraciət edib: “Gənclər ! İzn verməyin sizi maşaya çevirsinlər! İzn verməyin sizi əxlaqsızlaşdırsınlar. İzn verməyin sizi kütləşdirsinlər! İzn verməyin sizi qaragüruh ordusuna çevirsinlər. Gənclər ! Söyüş söyməklə, şərlə-böhtanla, daş atmaqla demokratiya gəlməyib heç bir ölkəyə. Əxlaqsızlıq, şiddət, qaragüruh yalnız bədbəxtlik gətirib dünyaya. Oxuyun, təhsil alın, intellektinizi artırın, beyninizin gücüylə mübarizə aparın.

Çıxış yolu yalnız elmdə, savadda, mədəniyyətdədir... Gənclər ! İzn verməyin kimlərsə sizdən öz maraqları üçün istifadə etsinlər və sizi bir əl dəsmalı kimi istifadə edib atsınlar... Despot hakimiyyətlərin və o hakimiyyətlərə xidmət edən, cəmiyyətin mübarizə ruhunu öldürməyə çalışan "müxalifətin" də istəyi budur- sizin kimi gənclik. Düşünməyən, əmrlərə tabe, araşdırmayan, həqiqəti axtarmayan, istənilən hədəfi söyməyə, linc etməyə hazır, müti kölə, qaraguruh sürüsü”. 

V. Qarayev müraciətinə davam edərək bildirib ki, gəncliyi savadsız, elmsiz, düşüncəsiz, əxlaqsız, mədəniyyətsiz, mübarizəni yalnız yaxşı söyüş söyməkdə görən bir cəmiyyət inkişaf edə, mübariz ola, haqqını tələb edə bilməz: “Xilas yolu yalnız elm və mədəniyyətdədir. Bütün dövrlərdə despot, antidemokrat, zalım, ədalətsiz hakimiyyətlər elmli, təhsilli, haqqını məntiqli şəkildə tələb edən, dünyagörüşlü insanlardan qorxublar. Qaragüruh insanlar isə onların əlində həmin o aqil insanları linc etmək üçün bir vasitə olub. Gənclər ! Oyuncaq olmayın. Manqurt olmayın. Mübariz olun. Elmli olun. Vicdanlı, şərəfli, ləyaqətli olun. Aydın gələcək üçün çıxış yolu yalnız budur”. 

Vilayət Muxtar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений