Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Xarici kartla faizsiz, yerli kartla 18% vergi” - EKSPERT



“İki il bundan əvvəl e-ticarətin vergiyə cəlb edilməsi ilə bağlı Vergi Məcəlləsinə və “Elektron ticarət haqqında” qanuna əlavə və dəyişikliklər edildi. Dəyişikliyə görə xarici onlayn mağazalardan müəyyən məhsulların alışı üçün, qlobal resursların təklif etdiyi onlayn xidmətlər üçün 18% əlavə vergi tətbiq olundu. Elektron pul kisələrindən istifadə üçün isə 10% vergi tətbiq olundu”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib. O bildirib ki, yerli bankın kartı ilə, məsələn “Google”, “Facebook”-dan hansısa xidmətini alırsınızsa və ya “Amazon”dan nəsə kitab alırsınızsa, əlavə olaraq 18% vergi ödənilməlidir.

“Əgər bunu portmanatınızdakı xarici kartla alırsınızsa, onda bunu ödəmirsiniz. Təbii ki, ondan sonra xarici kart gəzdirənlərin, xarici kartdan alış-veriş edənlərin sayı xeyli artıb. Qonşu ölkələrin e-ticarət dövriyyəsi artıq yüz milyonlarla ölçülür, ümumi ticarət dövriyyəsində e-ticarətin xüsusi çəkisi sürətlə artma istiqamətində gedir.

Bildiyim qədəri ilə hazırda Vergilər Nazirliyində ciddi islahatlara hazırlıqlar gedir, Vergi Məcəlləsində dəyişikliklər gözlənilir. Fikrimcə, Vergilər Nazirliyinin mütəxəssisləri elektron ticarətin vergiyə cəlb olunmasının daha səmərəli və effektiv mexanizminin yaradılmasına səyləri artırmalıdırlar. Beləliklə, stimullaşdırıcı addımlar düşünülməli, yerli kartlardan isifadəyə maraq artırılmalıdır.

Məsələn, cari ildən Qazaxıstanda qeydiyyatdan keçən e-ticarət qurumları 5 il vergilərdən tam azaddırlar”. 

Ekspert bildirib ki, Strateji Yol Xəritəsində rəqəmsal iqtisadiyyatın inkişafı üçün bir sıra tədbirlər nəzərdə tutulub:

“Amma hələlik bu sahədə əldə olunan uğurlar az nəzərə çarpır. Xüsusilə də, bank sektorunda formalaşan konservativ mühit çətinliklə dəyişir. Banklar innovativ xidmətlər təklif edə bilmirlər. Banklar MBNP-nin müəyyən etdiyi qaydalarının sərt olduğunu bildirirlər. 

Heç bir bank APİ xidməti təklif etmir. Halbuki Avropada qüvvəyə minən yeni direktivə görə artıq istənilən bank üçün APİ -nin açıq olması məcburidir. 

Bizdə proses elə qurulub ki, hər bir müştəri ancaq və ancaq öz bankına yapışmalıdır. Halbuki müasir trendlər imkan verir ki, o istənilən bir bankdan xidmətini əlavə xərclər çəkmədən ala bilsin.

Düşünürəm ki, Dövlət Statistika Komitəsi də e-ticarət, rəqəmsal iqtisadiyyatla bağlı statik göstəriciləri daim yeniləməli və açıqlamalıdır”.

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений