Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

20 ən unikal əməliyyat: Azərbaycanda



Azərbaycanda son illər ərzində çox nadir və mürəkkəb əməliyyatlar keçirilir. Ölkənin bu sahədə irəliləməsi vətəndaşların əməliyyat üçün başqa ölkələrə üz tutmamasına gətirib çıxarırır. Bu da həm Azərbaycanda tibbin inkişafına, həm də xəstələrin ciddi fəsadlardan azad olaraq şəfa tapmasına gətirib çıxarır.

Cebhe.info ölkədə həyata keçirilən 20 unikal əməliyyatı təqdim edir:

1. 26 həftəlik hamilə qadın Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsində ultrasəs müayinəsi zamanı dölün sol böyrəyində inkişaf edən iri ölçülü kista aşkarlanıb. Kista, getdikcə böyüyərək bütün qarın boşluğunu tamamilə tutub. Uşaq ana bətnində böyrəyindən əməliyyat olunub, dünyaya gəldikdən sonra isə sidik kisəsi üzərində cərrahiyyə əməliyyatı aparılıb.

2. Əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) "Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində icra olunub. 48 yaşlı qadın xəstənin böyrəküstü vəzindəki törəmə qapalı yol ilə xaric edilib. Araşdırmalar zamanı müəyyən edilib ki, xəstənin sol böyrəküstü vəzində çox böyük törəmə var. Pasiyentin əvvəllər qarın boşluğunda müxtəlif açıq əməliyyatlar keçirilməsinə baxmayaraq, yenidən əməliyyatın laparoskopik yolla aparılmasına qərar verilib.

3. Qida borusu varislərindən təhlükəli qanaxmanın təcili şəkildə dayandırılması üçün əməliyyat ilk dəfə olaraq, Respublika Diaqnostika Mərkəzinin Şüa diaqnostikasında aparılıb. Xəstədə qida borusu varislərindən təhlükəli qanaxmanın təcili şəkildə dayandırılması üçün onun qaraciyərinin portovenoz sistemində klassik TİPS (transjugular İntrahepatik Portosistemik Shunt) prosedurunun alternativi olan PİPSS (Perkutan İntrahepatik Portosistemik Shunt) əməliyyatı aparılıb. Bu əməliyyat xəstənin bud venasından iki millimetrlik deşik vasitəsi ilə açıq cərrahiyyə əməliyyatına ehtiyac duyulmadan gerçəkləşdirilib.

4. İstehsalat qəzası zamanı 30 yaşlı oğlanın ayağı baldır nahiyəsindən kəsilib. Həkimlər ayağın qanqren olacağından ehtiyat etdiklərindən onu kəsilən yerdən tamamilə qoparıblar. Beləliklə, sol ayağının əsas hissəsini itirən oğlanın təkidiylə xəstə yaxınları onu başqa xəstəxanaya köçürüblər. 
Müayinə zamanı məlum olub ki, qəza zamanı ayağı ciddi şəkildə ziyan görsə də, amputasiyaya ehtiyac yox imiş. 8 saatdan sonra o, ikinci əməliyyata girib.Ayağın bərpa olunması əməliyyatı 7 saat çəkib. Sağlam ayaqdan alınan dəri vasitəsiylə kəsik nahiyənin estetikası həyata keçirilib. 

5. Mərkəzi Klinik Xəstəxanasında ağciyər damarlarının endarterektomiyası adlanan həmin əməliyyat ölkəmizdə ilk dəfə icra edilib. Əməliyyat həyat üçün çox təhlükəli olan ağciyər damarlarının tromblaşmasının aradan qaldırılması məqsədilə icra olunub. Əvvəllər bu diaqnoz qoyulan xəstələr ya dərmanla müalicə edilir və ya xəstələrin çox böyük əksəriyyəti həyatını itirib.

6. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında dildə bəd xassəsəli şişlə bağlı mürəkkəb əməliyyat icra olunub. Əməliyyat zamanı xəstənin dili, boynundakı limfa düyünləri çıxarılsa da, bədənin digər hissəsindən dil və dilaltı nahiyə əvəzləyicisi formalaşdırılıb.

7. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ağız boşluğunda və çənəsində şiş olan bir xəstədə şişlə yanaşı, çənənin bir qismi də götülürüb. Bildirilib ki, çənədən çıxarılan sümüyün əvəzinə isə titandan rekonstruktiv lövhə qoyulub.

8. Əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində “Böyrək Xəstəlikləri və Transplantasiya” Mərkəzində icra olunub. Dəfələrlə uğursuz əməliyyatlar keçirən 47 yaşlı Ağa Bağırova texniki cəhətdən çox mürəkkəb olsa da, yaxın qohumunun böyrəyi köçürülüb.

9. Ürək cərrahiyyəsində ən mürəkkəb əməiyyatlardan hesab olunan “Benthall” əməliyyatı həyata keçirilib. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ürək-Damar Cərrahiyyəsi Şöbəsində keçirilən əməliyyat nəticəsində 46 yaşlı xəstə xilas edilib.
İnfakt şübhəsi ilə gətirilən xəstəni müayinə edəndə görülüb ki, burda infakt deyil, Tip A – Aort disseksiyası var. Aort disseksiyası aortanın ürəkdən başlayaraq qarının içinə kimi yırtılmasıdır. Təbii ki, xəstənin təcili əməliyyat olunması qərarı verilib.  Xəstədə bütün aort qapağı dəyişdirilərək mexaniki qapaq qoyulub.

10. Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsində uzun illər sirrozundan əziyyət çəkən 17 yaşlı pasiyent R. Bəşirova qaraciyər köçürülüb. 
Əməliyyatın unikallığı ondan ibarət olub ki, xəstənin yeganə donoru olan atasının qaraciyərinin sağ payında ciddi anatomik anomaliya müşahidə edildiyindən ciyərin həmin payından istifadə etmək mümkün olmayıb. Xəstənin vəziyyəti getdikcə ağırlaşaraq onu koma halına salıb. Operativ vəziyyətdə yeganə donor olan atanın qaraciyərinin sol payını köçürmək barədə qərar verilib. Cərrahiyyə masasında 8 saat davam edən əməliyyat texniki çətinliklər hesabına başa gəlsə də, uğurla nəticələnib. 

11. Məmmədovlar (şərti - red.) ailəsində doğulan uşağın oğlan və ya qız olduğunu doğum evində təyin edə bilməyiblər. Oğlana məxsus cinsiyyət orqanına oxşayan orqana sahib körpənin əvvəlcə kişi cinsinə məxsus olduğu düşünülüb. Əməliyyat Elmi-Tədqiqat Pediatriya İnstitutunda baş tutub.

12. ATU-nun Tədris Terapevtik Klinikasının həkimləri Azərbaycanda ilk dəfə kəskin insult xəstəsində beyin damarında tromb əməliyyatını uğurla icra ediblər. 36 yaşlı qadın xəstə Universitetin Tədris Terapevtik Klinikasına müraciət edərkən 3 saat ərzində sol qol və ayağını hərəkət etdirə bilmirmiş. Xəstənin nevroloji dəyərləndirməsi zamanı həkimlər beyinin sağ tərəfində ciddi insultdan şübhələniblər. Sonradan tomoqrafiya zamanı bu diaqnoz təsdiqlənib. Məlum olub ki, sağ daxili yuxu arteriyası 100 faiz tromblaşıb. 

13. Bakıda Mərkəzi Klinikada anadangəlmə mürəkkəb ürək qüsuru ilə doğulan körpə əməliyyat edilib. Əməliyyat Avropada ilk dəfədir ki, Bakıda icra olunub.
Xəstədə ürəkdən çıxan damarların birinin – pulmonar damarın qapağında güclü daralma müşahidə olunub və bununla yanaşı ürəyin koronar damarların da anomaliyası olub.Belə olduğu zaman adətən, patologiyalarda icra olunan nə “Arterial Switch”, nə də “Rastelli” əməliyyatını icra etmək mümkün olur. Bunları nəzərə alaraq daha fərqli və unikal bir əməliyyatı, pulmonar qapaq və arteriyanı translokasiyasi əməliyyatı icra edilib.

14. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında xəstənin dilaltı nahiyəsinə qoldan götürülmüş toxuma köçürülüb, ağız boşluğundakı şiş götürüldükdən sonra çənəyə titan lövhə qoyulub. Əməliyyat 6 saat davam edib. 

15. Əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində Bakı Ürək Mərkəzində olub. Posterior Muskulyar mədəciklərarası çəpərin defekti diaqnozu qoyulmuş xəstələrdə açıq ürək əməliyyatı həyata keçirilirdi. Bu zaman xəstə bir həftəyə kimi xəstəxanada qalır, evə yazıldıqdan sonra isə bir ay ərzində fiziki gərginlik baxımından bir sıra məhdudiyyətlər qoyulurdu. Bu qüsur membranoz hissəyə yaxın olduğundan və üçtaylı qapaq (trikuspidal qapaq) ilə hissəvi örtüldüyündən açıq ürək əməliyyat sonrası bir sıra fəsadların müşahidə olunması ehtimalı vardı. 
Mədəciklərarası çəpərin defektinin qapalı üsulla bağlanması əməliyyatının unikallığı isə məhz ondadır ki, əməliyyatın növbəti günü xəstə evə yazılır, fiziki gərginlikdə məhdudiyyətlərə gərək qalmır.

16. ATU-nun Tədris Cərrahiyyə Klinikasında həkimlər çənədə şişin götürülməsi, incik sümüyü ilə çənə sümüyünün bərpası və diş protezləşdirilməsi əməliyyatını eyni vaxtda aparıblar. Orta yaşlı qadının üzərində aparılan əməliyyat zamanı çənədə yayılmış şiş götürüldükdən dərhal sonra diş implantları yerləşdirilib.

17. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 14 yaşlı qızın üzərində mürəkkəb tibbi əməliyyat icra edilib. Pasientin son bir ildə hər ay müntəzəm olaraq 3-5 gün çox şiddətli ağrıları olub, lakin menstrual qanaxma müşahidə olunmayıb: “Diaqnostik müayinələr zamanı pasientin anadangəlmə uşaqlıq yolunun qüsuru (tamamilə inkişaf etməməsi) aşkarlanıb. Hər ay menstrual qanaxmalar uşaqlıq yolu olmadığı üçün bayıra deyil, uşaqlıq boruları vasitəsilə daxilə, yəni qarın boşluğuna gedirmiş və ciddi ağrılara səbəb olurmuş”. 
Bu qüsura 10 mindən bir qız uşağında rast gəlinir. 3 saat davam edən əməliyyat fəsadsız keçib və süni uşaqlıq yolu yaradılıb.

18. Ana bətnindəki dölə qan köçürülərək onun tələf olunmasının qarşısı alınıb. 4-cü hamiləliyi olan qadının 1-ci övladından sonra uşaqları tələf olub. Axrıncı hamiləliyi zamanı həkimə bətnindəki uşaqda yaranan ciddi problemlərlə bağlı müraciət edib. Beləliklə, mama-ginekoloq Turab Canbaxışov ölkəmizdə bir ilkə imza atıb. O uşağın tələf olmaması üçün ona ana bətnində ikən qan köçürüb. Prosedur 3 fərqli vaxta həyata keçirilib.

19. 32 həftəlik hamilə olan Heydərova Nərmin ağır preeklampsiya diaqnozu ilə Sumqayıt şəhəri, 2 saylı doğum evinə yerləşdirilib. Ana və uşağın vəziyyətində ciddi risk olduğu üçün isə onu Sumqayıt şəhəri, 1 saylı doğum evinə göndəriblər. Cərrahi yolla çəkisi 1900.0 qram olan uşaq doğulub. Yenidoğulmuşların reanimasiyasına yerləşdirilən körpənin vəziyyətinin ciddiləşməsi səbəbi ilə 8 gün sonra o, yenidoğulmuşların patalogiya şöbəsinə köçürülüb.

20. Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində Bakı Ürәk Mәrkәzindә çox nadir rast gәlinәn ürәk qüsuru olan pasiyent uğurla əməliyyat olunub. İki Qövslü Aorta diaqnozu ilә daxil olmuş, 1.5 yaşlı Mәmmәdov Ömәr üzәrindә əməliyyat uğurla keçirilib.
 
Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений