Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

21 Azər Hərəkatının əfsanəvi generalı: Oğlundan sərt ittihamlar



General Cəfər Kavianı Güney Azərbaycan tarixindən kimlər silməyə çalışır?

Oğlu Marks Kavian: “Pişəvəri Milli Hökumətin düşünən beyni, Kavian vuran qolu idi”


(Yazının əvvəlini buradan oxuyun)

 - General Ağasəlim Atakişiyev milli adam olub. Cənubi Azərbaycanda milli hökumət quruculuğuna Ağasəlim Atakişiyev gizli və çox güclü şəkildə dəstək verirdi. Bu sirri ilk dəfədir açıram: atam onun evinə gedib, onun general paltarını əyninə çəkib sovet hərbi bazalarına daxil olurdu. Və lazım olan silahları əldə edib, fədailəri silahlandırırdı. O bazaların hətta sxemi də mənim atamda var idi. 1954-55-ci illərdə atam o sxemləri Azərbaycan DTK-sının o vaxtkı sədr müavini Heydər Əliyevə təhvil vermişdi.

“Atam əlini tapançasına atır və deyir ki, Təbrizi tərk edin”

- Ağasəlim Atakişiyevin sizin atanıza olan inamı axı bəs nə ilə belə bağlı olub ?
- Onun maraqlı tarixçəsi var... Günlərin bir günü, inqilaba hələ 3 ay qalırmış ki, Məhəmməd Biriya atama xəbər çatdırır ki, Rəsədi adında bir şəxs deyir ki, Təbrizdə nə təşkilat yaransa, onun mərkəzi mütləq Tehranda olmalıdır. Atam dərhal onu tapıb soruşur ki, Rəsədi, sən belə söz demisən? O da cavab verir ki, bəli! Onda atam Rəsədiyə pencəyinin altındakı tapançanı-“Naqan”ı göstərərək deyir ki, 24 saat ərzində Təbrizi tərk etməsən, səni güllələyəcəm! Deyir və gəlir evimizə... Həmin gün nahardan sonra rus konsulluğunun nümayəndəsi evimizə gəlir və atamın ora çağırıldığını bildirir.Atam ora gedir və rus konsulu səhv eləmirəmsə, Nuru Quliyevlə görüşür.N.Quliyev atama sual verir ki, siz bilirdinizmi Rəsədi bizim adamdır?Atam ona “bəli, bilirdim” -deyə, cavab verir.Və əlavə edir ki, mən həyatımı bu mübarizəyə həsr etmişəm, qazamatlarda can qoymuşam ki, Azərbaycan istiqlaliyyət əldə etsin.Bu isə bizi yenidən Tehrana bağlamaq istəyir. Yetər, mən buna imkan vermərəm! N.Quliyev atama deyir ki, onda siz daş mağazalarda (Təbrizin mərkəzində məhəllə adıdır) rus komendaturasında bir yoldaşla görüşün.Sonra isə nə istəyirsinizsə, onu da edin.Atam daş mağazalara gələn kimi, rus qaravul keşikçiləri məlumatlı olduqları üçün onu içəri buraxırlar. İçəridə əl görüşdüyü insan özünü atama Ağasəlim Atakişiyev kimi təqdim edir və tanış olurlar... Eynilə Nuru Quliyevin atama dediyi sözləri general Ağasəlim Atakişiyev də deyir: “Cəfər Kavian mən də sizin əqidədəyəm. Ancaq hələ bir az tezdir. Siz gedin evə, Rəsədi gələcək sizə və üzr istəyəcək. Siz onu bağışlarsınız...” Və bunların bir-birinə inam və etibarı həmin anlardan başlayır.Və bu dostluq onların (partizan) hərəkatının və sonradan 18 min fədai ordusunun silahlanmasında xüsusi rol oynadı.

“Fədailərə rus silahı verilmirdi”

-Fədailər hansı silahlarla silahlanırdılar ?
-Tədqiqatçı Əkrəm Rəhimlini mən boş yerə rəhimsiz adlandırmıram. O, müsahibələrində deyir ki, sovet hökuməti İranı tərk edəndə bütün verdiyi silahları təhvil aldı. Deyir ki, hətta bir sınıq tank vermişdilər, onu da təhvil aldılar. Yalandır! Ağır texnika verilməmişdi! Əkrəm yalan deyir! Fədailərə rus istehsalı olan silahlar verilmirdi.Əksinə, onlara amerikan silahları və alman faşist düşərgələrindən əldə olunan qənimət silahlar verilirdi ki, iz qalmasın.10 min nəfər fədainin ad və soyadlarını, silahlarının adını və nömrələrini İstiqlaliyyət Muzeyinə təhvil vermişəm.

- Belə nəticəyə gəlmək mümkündür ki, Milli hökumətin düşünən beyini S.C.Pişəvəri idisə, əsas vuran qolu sizin atanız- general Cəfər Kavian olub ...
- Bunu tarixçilər deməlidir, mən yox... Pişəvəri savadlı, təhsil görmüş, siyasi diplomatiyanı bilən şəxs idi.Atam isə inqilabçı olub.Cənubi Azərbaycandakı bütün inqilablarımızın fəal iştirakçısı olub.Həm də 1922-1924-cü illərdə Bakıda partiya məktəbini bitirmişdi.Bir şeyi qeyd edim.Tədqiqatçı Əkrəm Rəhimli deyir ki, mən o hadisələrin şahidiyəm. İndi özünüz fikir verin, mən o hadisələrin şahidiyəm, yoxsa Əkrəm ?!

“Ona kim icazə verib tarixi saxtalaşdırsın?”

- Əkrəm Rəhimli müsahibələrində bəli, o hadisələrin şahidi olduğunu, hətta əmisi, atası, anası, dayısı və sairlərin hamısı bu hərəkatın iştirakçıları olduğunu qeyd edir.Nədən axı, Milli hökumətin müdafiə naziri Cəfər Kavianı kölgədə saxlayır, sizcə, səbəb nədir?
- Görürsünüz, oxuyun! (Bəndənizə təkzibolunmaz sənədlər təqdim edir... 1944-cü ildə Azərbaycan Vilayət Komitəsinin sədri Padiqanın, 1945-ci ildə isə S.C.Pişəvərinin müdafiə naziri C.Kaviana məktublarını verir.Həqiqətən də Xoy, Maku, Mərənd, Səlmas və Urmiyədə partiya sıralarında təmizlik aparılması müdafiə naziri, general Kaviandan tələb olunur.)Əkrəm Rəhimli Mərəndin Dizdə kəndindəndir.Yəqin atam Mərənddə partiya sıralarında təmizlik apararkən bunun qohumları da ziyan görüb.Odur ki, Ə.Rəhimli də incikdir və qisas almaq məqsədi güdə bilər.Onun bir saxtakarlığını da qeyd etmək istərdim.Guya Milli Hökumət adından silah üçün Sovet hökumətinə ünvanlanan müraciətə imza atanlar sırasında Qulam Yəhya da olub. Özü də ikinci imza sahibi kimi... Axı necə ola bilər ki, Nəzmiyyə və müdafiə naziri dura-dura digər bir nəfər-atamın ikinci müavini bu müraciətə imza atsın ?!İkinci bir saxtakarlığı isə onun Milli Məclisə seçkilərdə Pişəvəridən sonra ikinci səsi toplayan atam Cəfər Kavianın yerinə başqasını-Məhəmməd Biriyanın adını verir.Məndə olan məlumata görə professor Cəmil Həsənliyə də bu yalan məlumatı Əkrəm Rəhimli (Marks müəllim “rəhimsiz” deyə, müraciət edir) verib. İnsan incik ola bilər, amma heç kimə səlahiyyət verilməyib ki, tarixi saxtalaşdırsın... Bu, cinayətdir !!!

“Kavian ömrünün sonunadək Güney həsrətilə yaşadı”

- Marks müəllim, 21 Azər hərəkatının süqutunu necə xarakterizə edərdiniz ?

- 1946-cı il noyabrın axırlarında Amerika imperializminin köməyi ilə İran hökuməti iyun müqaviləsini pozdu. Cənubi Azərbaycanı yenidən fəth etmək üçün onun üzərinə hücum etdi.Qoşun yeridib fədailərin azadlığını vəhşicəsinə boğdu. Zəncanda, Sərabda, Ərdəbildə, Təbriz və başqa şəhərlərdə "fatehlər" qanlı cinayətlər törətdilər. Azadxahları işgəncə ilə öldürən vəhşilər onların uşaqlarını belə dara çəkdilər.Dekabrda mürtəce idarə üsulu bərpa olundu.İranın baş naziri Qəvamülsəltənə ilə Stalin Azərbaycanın milli mənafeyini sarsıdan təkliflər irəli sürdülər.Bu böyük azadlıq hərəkatını qanla suvardılar.

Canilər, müstəmləkəçilər böhtan atırdılar ki, Azərbaycan İrandan ayrılmaq və onun torpağına sahib olmaq istəyir. Əslində isə Cənubi Azərbaycanda az müddətdə böyük mübarizə ilə qazanılmış azadlığı fədailər bütün İranda həyata keçirmək istəyirdilər. İstibdad kabusu o taylı Azərbaycan xalqına qanlı divanlar tutdu.Azadxahların başında duranlar güllələnirdilər.Sərdari milli Səttarxanın və salari milli Bağırxanın heykəlləri uçuruldu. General Mirzə Rəhbini Kəbiri, Əzimi, mayor Raşitin Məmmədəli oğlu, polkovnik Mürtəzəvi, Qazi, Cövdətü Dəbirniya, Zəhiri, Ehsani, Şeyxi kimi mərd oğullar ölümü vüqarla qəbul etdilər. Vəziyyətin ağırlığından bir çox fədailər kimi general Cəfər Kavian da sovet Azərbaycanına pənah gətirdi.Ömrünün axırınadək - 1975 -ci ilədək o taylı Vətənin həsrətilə yaşadı.

- Marks müəllim, atanız hansı mükafatları alıb?
- Azərbaycan Demokrat Partiyası və milli hökuməti Cəfər Kavianın xalq qarşısındakı xidmətlərini yüksək qiymətləndirib.S.C.Pişəvərinin imzası ilə Mərkəzi Komitənin 1946-cı ilin sentyabr tarixli əmrində deyilir ki, ağaye general Cəfər Kavian, xalq qarşısında əməyinizə və əncam verdiyiniz xidmətlərə görə Mərkəzi Komitənin təsvibi üzrə siz Səttarxan ordeni ilə təltif olunursunuz.General Cəfər Kavian həm də Milli hökumətin yeni təsis etdiyi "21 Azər" medalı ilə təltif olunub.

Söhbətləşdi: Şahin BağırovAMEA-nın aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений