Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

22 milyardı Azərbaycandan qaçıran SƏBƏBLƏR



2017-ci ildə Azərbaycana xarici investisiyaların həcmi 36,3 faiz azalaraq 2 milyard 867 milyon dollar təşkil edib.

Bu, Birləşmiş Millətlər Təşkilatının Ticarət və  İnkişaf üzrə Konfrasının (UNCTAD) hazırladığı “Dünya İnvestisiya Hesabatı 2018” adlı sənəddə qeyd olunub. Hesabatda bildirilir ki, ötən il xaricdən investisiyalar əsasən neft-qaz sektoruna yönəlib ki, bu da bütün investisiyaların 73 faizini təşkil edir: “Azərbaycandan xaricə birbaşa investisiyanın həcmi isə 2016-cı illə müqayisədə 0,4 azalaraq 2 milyard 564 milyon dollar olub. Ümumilikdə, ötən il azərbaycanlı investorların xaricdəki investisiyalarının ümumi dəyəri 22,059 milyard dollara, xarici investorların Azərbaycandakı investisiyalarının dəyəri isə 29,551 milyard dollara bərabər olub”.

Ümumiyyətlə, investisiyaların xaricə yönəlməsi birmənalı qarşılanmır. Ekspertlər hesab edir ki, prosesin həm müsbət, həm də mənfi tərəfləri var. Dövlət xətti ilə xaricə yatırılan investisiyalar büdcəyə daxilolmalarını artırır. Amma özəl şirkətlərin xətti ilə xaricə yatırılan investisiyaların ölkə büdcəsinə heç bir xeyri yoxdur. Hesab olunur ki, həmin şirkətlərin xaricə yatırdıqları investisiyadan daha çox özləri gəlir əldə edir.

Analitiklər hesab edir ki, xaricə kapital axınını şərtləndirən səbəblər Azərbaycanda mülkiyyət toxunulmazlığı və məhkəmələrin ədalətliliyi ilə bağlı problemlərindən qaynaqlanır. Bundan əlavə kredit borcları, vergilərin həcminin artırılması, sahibkarlara güzəştlərin tətbiq edilməməsi kimi amillər iri və orta sahibkarların öz biznesini ölkədən çıxarmağa vadar edir. Nəticədə ölkədən investisiya axını sürətlənir, sahibkarlar kapital yatırmaq üçün yaxın və etibar etdiyi ölkələrə üz tuturlar.

Ekspertlərin qənaətincə, son dövrlər dövlət vəsaitilə yanaşı, özəl bizneslə məşğul olan insanların da xaricə investisiya yatırmaq cəhdləri artıb. Gələcəkdə bu tendensiyanın sürətlənməsi ölkədən kapital axınını gücləndirə bilər.

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında bu investisiyaların böyük əksəriyyəti dövlət xətti ilə olan yatırımları təşkil etdiyini bildirib: “Azərbaycanın dövlət şirkətləri vasitəsilə bir çox ölkələrdə böyük layihələr həyata keçirilir. Birinci yerdə Türkiyə dayanır ki, burda investisiyaların həcmi hər il artır. Türkiyədə “STAR” neft emalı kompleksinin tikintisi, eləcə də TAP layihələri  Azərbaycanın xaricdə qoyduğu əsas investisiya xəttidir”.

Ekspertin sözlərinə görə, investisiyanın bir hissəsi özəl sektorun payına düşür: “Onlar Azərbaycandakı biznes mühitinin zəif olduğunu nəzərə alaraq əsasən qonşu ölkələrdə - Gürcüstana, Türkiyəyə investisiya yatırmağa üstünlük verirlər. Çünki həmin ölkələrdə investisiyaların qorunması mexanizmi var. Azərbaycanda investisiyaların qorunması, mülkiyyət toxunulmazlığı, müstəqil məhkəmə sistemi olmadığı üçün nə daxili, nə də xarici investorlar ölkəmizə maraq göstərirlər. Əsas problem də məhz sadaladığım bu nüansların olmamasından qaynaqlanır.

Bütün bu amillər investisiyaların qorunması üçün çox vacib şərtlərdir. Bu şərtlər yerinə yetirilməyəndə investorlar daha güvənilir, daha sakit yer axtarırlar. Bu baxımdan dövlət xətti ilə gedən investisiyaları başa düşmək olar. Çünki bu, Azərbaycanın iri layihələrdə tərəfdaş olması ilə əlaqədardır. Özəl sektorun başqa ölkələrə meyl göstərməsinin əsas səbəbi Azərbaycanda normal biznes mühitinin olmaması ilə bağlıdır”.

Yeganə Oqtayqızı

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений