Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

24 illik uğursuz missiya: Qarabağa sülh gətirmədi



Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan,  tərəflər arasında vasitəçilik missiyası yerinə yetirən ATƏT-in Minsk Qrupu öz işinin öhdəsindən gələ bilmir.

30 ildir münaqişə davam edir, ancaq Minsk Qrupu fəalliyyətsizdir. Vasitəçilər arada-sırada bölgəyə turist səfərlərinə bənzər səfərlər edir, dəyişən heç nə yoxdur, üstəlik, cəbhə xəttində vəziyyət tez-tez gərginləşir, erməni təxribatının arası kəsilmir. Qurumun fəaliyyəti uzun zamandır tənqid olunur, hətta dəfələrlə Minsk Qrupunun missiyasından imtina olunması təklifi gündəmə gəlib. 

Bu günlərdə isə Berlində Reyxstaqın binasında (Almaniya Bundestaqının iqamətgahında) Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyasının plenar iclasında ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev dondurulmuş münaqişələr, o cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həllində ATƏT-in Minsk Qrupunun qeyri-effektivliyi məsələsini bir daha qaldırıb. ATƏT-in vitse-prezidenti bu kontekstdə ikili standartların tətbiqinin yolverilməz olduğunu vurğulayıb. O, Minsk konfransının çağırılmasını zəruri hesab edərək bildirib ki, orada münaqişə vasitəçilərin cəhd göstərdiyindən daha qısa vaxtda öz həllini tapa bilər.

Maraqlıdır, münaqişənin həllində ATƏT-in Minsk Qrupunun qeyri-effektivliyi hələ nə qədər davam edəcək?

Siyasi şərhçi Nəzakət Məmmədova “Cümhuriyət” qəzetinə açıqlamasında effektivliyin artması üçün iki növbədə ikili standartların aradan qaldırılmasının vacib olduğunu deyib: “Eyni zamanda, Minsk Qrupuna həmsədrlik edən ölkələr regiondakı öz milli maraqlarını kənara qoyub, ümumbəşəri maraqları, beynəlxalq hüququn aliliyi prinsiplərinə sadiqliyi əsas götürməlidirlər. Artıq 30 ildir davam edən Dağlıq Qarabağ münaqişəsi dünyada uzunmüddətli münaqişələr sırasına daxil olmuşdur. Məhz böyük dövlətlərin öz maraqlarını beynəlxalq hüquqdan üstün tutması, münaqişələrin həllinə də məhz bu prizmadan yanaşması regional münaqişələrin həll olunmamasına gətirib çıxaran əsas səbəbdir. Minsk Qrupunun effektivliyinin artırılması üçün həmsədr ölkələr özlərində siyasi iradə, güc tapmalı və münaqişəyə ədalətli yanaşma mövqeyi ortaya qoymalıdır.

Bu ölkələr həm də BMT Təhlükəsizlik Şurasının Daimi üzvləri statusu daşıyır. BMT isə dünyada sülhə və təhlükəsizliyə məsuliyyət daşıyan ən mötəbər universal təşkilatdır. Deməli, onun Daimi üzvləri  bu məsələdə daha çox məsuliyyət daşımalıdır. Üstəlik də, məhz həmin Daimi üzvlərin iştirakı ilə Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. ATƏT isə münaqişənin nizamlanması ilə bilavasitə məşğul olan təşkilat olaraq 24 ildir ki, bu məsələdə irəliləyişə nail ola bilməyib. Bir təşkilat 24 il münaqişənin həllinə yardımçı ola bilmirsə, onun fəaliyyəti, ümumiyyətlə qənaətbəxş sayıla bilməz. Halbuki, seçki məsələlərində ATƏT daha radikal mövqe ortaya qoyur. Həmin mövqeyi münaqişəni yaradan Ermənistana qarşı sərgiləsə idi, yəqin ki, məsələ öz həllini çoxdan tapmış olardı”.


Nəzakət Məmmədova həmçinin münaqişənin uzanmasına səbəb olan digər amillərə də toxunub: “Beynəlxalq münasibətlər sistemində ikili standartlar və Minsk Qrupunun həmsədrləri arasındakı ziddiyyətlər, habelə münaqişə tərəfi olan Ermənistan üzərində hazırda aparılan oyunlar, onu nüfuz dairəsinə bölmək uğrunda gedən açıq və gizli savaş münaqişəni daha da uzadır. Həmsədr ölkələr üçün vacib məsələ münaqişənin həlli yox, əksinə ondan istifadə etməklə münaqişə tərəfi olan ölkələrə təsir göstərməklə öz maraqlarını regionda təmin etməkdir. Dağlıq Qarabağ məsələsi bu ölkələrin regiondakı maraqlarının güdazına gedən bir məsələdir. Bir çox ölkələr, o cümlədən, Minsk Qrupunun həmsədrləri öz geosiyasi, enerji, hərbi maraqlarını təmin etmək, Cənubi Qafqaz regionunda bir-birinə, habelə digər marağı olan dövlətlərə qarşı, xüsusilə, Türkiyə və İranla mübarizədə Qarabağ məsələsini arxa plana atmış, yeri gələndə isə ondan öz maraqları üçün istifadə etməyə çalışır. Bu səbəbdən də münaqişənin həlli uzanır”.

Vilayət Muxtar

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений