Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

3 ölkədən sonra Azərbaycan?



“Soyuq müharibə”nin başa çatmasından sonra yaranan yeni dünya düzəni bölünmüş xalqların birləşməsi ilə müşahidə olunur. Şərqi və Qərbi Almaniyanın birləşməsi ilə start götürən bu proses hələ də davam edir. Bu günlərdə dünyanın diqqət mərkəzi Koreya yarımadasına dikilib. Beynəlxalq ictimaiyyət Koreya Respublikası ilə Koreya Xalq Demokratik Respublikasının birləşəcəyinə dair xəbərləri diqqətlə izləyir. Çünki sözügedən tarixi hadisənin baş verməsi Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə yanaşı, həm də ikiyə bölünmüş xalqın birləşməsinə və 60 ildən artıq davam edən qarşıdurmanın aradan qalxmasına səbəb ola bilər. 

Xatırladaq ki, aprelin 27-də Cənubi və Şimali Koreya liderləri Mun Çje İn və Kim Çen In arasında görüş keçirilib. Cənubi Koreyanı daima müharibə ilə hədələyən Kim Çen Inın sərhəddi keçməsini əks etdirən fotolar tərəflər arasında sülhün və həmrəyliyin baş tutacağına böyük ümidlər yaradıb. Pxanmuncom kəndində keçirilən görüşdə bir-birilə düşmən münasibətdə olmasına baxmayaraq, iki dövlətdə yaşayan xalqın birləşməsi məsələsi təklif edilib. İki Koreya respublikası arasında sülh və birləşmə perspektivlərinə dair danışıqların davam etdirlməsi qərara alınıb. Ekspertlər hesab edir ki, Koreya xalqının birləşməsi mümkün olarsa, bu dünyada parçalanmış xalqların birləşməsi prosesini sürətləndirəcək çağırışları artıra bilər. 

Hazırda analoji prosesin Rumıniya və Moldova arasında da getdiyini görmək olar. Moldovanın Rumıniyaya birləşməsi prosesi artıq başlanıb. Ancaq Dnestryanı bölgədə separatçı münaqişənin olması Moldovanın milli və tarixi bağları olan Rumıniyanın tərkibinə qayıtmağa mane olur. Xatırladaq ki, 1940-cı ildə imzalanmış Molotov-Pibbentrop müqaviləsinə əsasən, Rumıniya Bessarabiyanı və Şimali Bukovinanı SSRİ-yə güzəştə getdi. Nəticədə SSRİ-nin tərkibində Moldaviya SSR yaradıldı. Sovet imperiyasının dağılmasından sonra özünü müstəqil elan edən Moldova Respublikası son illər Avrointeqrasiya kursu yürüdür. Avropa Birliyinin Assosiasiya Sazişinə qoşulan Moldova həm də NATO-ya üzv olmaq siyasəti yürüdür. Bütün bunlar Moldovanın Rumıniyaya birləşməsini sürətləndirən amillərdir. Moldova parlamentində təmsil olunan və hökuməti formalaşdıran çoxluq Qərbyönlü Demokrat Partiyasıdır. 2018-ci ilin oktyabr ayında keçiriləcək parlament seçkilərində birləşmə tərəfdarları olan “unionistlər” qalib gələrsə, o zaman Rumıniyaya inteqrasiya prosesi sürətlənə bilər. Buna baxmayaraq, Moldova öz ərazisindəki separatçı münaqişənin həllinə nail olmalıdır. Rəsmi Kişinyovun son günlər sülhməramlı mandatla münaqişə bölgəsinə yerləşdirilmiş Rusiya qoşunlarının Moldova ərazisindən çıxarılması tələbini qaldırması da Rumıniyaya birləşməyə mane olan daha bir problıemi aradan qaldırmağa hesablanıb. Əgər Moldova buna nail olarsa, dünyada daha bir bölünmüş xalqın birləşməsi baş verə bilər. 

Dünyada parçalanmış xalqlardan biri də Azərbaycan türkləridir. SSRİ-nin dağılmasından sonra Quzey Azərbaycan dövlət müstəqilliyini elan etsə də, Güney Azərbaycan İranın tərkibində qalır. Son 30 ildə dünyada bir çox bölünmüş xalqların birləşməsi baş verib. Azərbaycan xalqının bir hissəsi SSRİ-nin müstəmləkəsindən ayrılaraq öz dövlətini qura bilsə də, 35 milyona yaxın çoxluq İranın dini rejimi altında saxlanılır. Üstəlik, Güney Azərbaycan türkləri milli hüquqlarından məhrum edilib. İndi beynəlxalq aləmdə bölünmüş xalqların birləşməsi müsbət nəticə verərsə, bu prosesin Azərbaycana da çatacağı istisna edilmir. Söhbət Tehran rejiminin müstəmləkəsi altında yaşayan Güney Azərbaycan türklərinin öz müstəqilliyini elan edərək şimaldakı soydaşları ilə vahid dövlətdə birləşməsindən gedir. Lakin ekspertlər bu tarixi hadisənin baş verməsi üçün zəruri siyasi şəraitin yaranmasının vacibliyini qeyd edir. 

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, Azərbaycanın bütövləşməsi qaçılmaz, lakin zaman tələb edən prosesdir: “Almaniyanın, Koreyanın, Vyetnamın, Yəmənin bölünməsi “soyuq müharibə” dövründə baş verib. Məsələn, 1945-ci ildə Yaponiyanın müstəmləkəsindən azad olduqdan sonra Cənubi Koreya, 1948-ci ildə isə Şimali Koreya öz müstəqilliyini elan edib. 1950-ci ildə isə “soyuq müharibə”nin müəllifi olan dövlətlər Koreya yarımdasında gərginliyə rəvac verərək qardaş qırğını saldılar. Yaxud Almaniyada İkinci Dünya Müharibəsinin nəticələrinə görə, Federativ və Demokratik Almaniya Respublikaları yaradıldı. “Soyuq müharibə”nin başa çatması da Berlin divarının yıxılmasından başladı. Yəmənin birləşməsi də baş verdi. Lakin Orta Şərqdə maraqların toqquşması nəticəsində Yəməndə husi qiyamçıları ilə hökumət tərəfdarları arasında müharibə davam etməkdədir. Vyetnamın parçalanmasına da son qoyuldu və bütövləşdi. Moldovanın Rumıniyaya birləşməsinə mane olan bir sıra məqamlar var. Bunlardan biri türklərdən, digəri macarların milli haqlarının təmin olunmasıdır. Hər ikisi müstəqil dövlətdir və bu iki xalq referendum keçirib öz qərarını verə bilər. Buna mane olan Moldovanın ərazisində Dnestryanı münaqişənin olmasıdır. Belə ki, Rumıniya Avropa İttifaqının üzvüdür. Avropa İttifaqı isə özünə problem istəmir. 

Koreyanın birləşməsi prosesi isə hələ Kim İr Senin hakimiyyəti illərində başlayıb. Bu müharibə də həmin iddia üzərində davam etdi. Yəmən də, Almaniya da iki müstəqil dövlətin birləşməsi üzərində baş tutub. Amma Azərbaycanın birləşməsi prosesində çoxsaylı problemlər var. Bu problemlərin əsasında dayanan səbəblərdən biri bölünmə prosesinin “soyuq müharibə” dövründə yaranmamasıdır. Azərbaycan xalqının iki hissəyə bölünməsi XIX əsrin əvvəllərindəki Rusiya-Azərbaycan müharibəsindən başlayır. Tarixi ədəbiyyatda bu hadisələri səhvən Rusiya-İran müharibələri kimi göstərirlər. Əslində isə müharibəni Azərbaycan tərəfi aparırdı. Müharibənin başında dayanan vəliəhd Abbas Mirzə idi. Abbas Mirzə isə Təbrizdə otururdu. Müharibə də Tehrandan deyil, Təbrizdən idarə olunurdu. Ona görə də bu, Azərbaycan-Rusiya müharibəsi idi. Hərbi əməliyyatlar da Azərbaycan ərazilərində gedib. İstər Gülüstan, istərsə də Türkmənçay müqavilələri zamanı Rusiyaya güzəştə gedilən ərazilər Azərbaycana məxsusdur. Üstəlik, həmin vaxt İranda Qacarlar, yəni türklər hakimiyyətdə idi. Ona görə də bu dövlət türk dövlətidir.

Müharibə də Qacarlarla çar Rusiyası arasında gedirdi. İran və Rusiyanın tərkibinə daxil edilən ərazilər isə Qacarlar dövlətindən qoparılıb. İndi isə vəziyyət və şərtlər dəyişib. XX əsrdə Azərbaycan milli hökuməti yarandı. Bir il mövcud olmuş bu milli hökumət öz müqəddəratını təyinetmə hüququna malik idi. Çünki İkinci Dünya Müharibəsi dövründə ABŞ, İngiltərə və Fransa “Atlantik Xartiyası” adlanan sənəd imzalamışdı. Həmin sənəddə qeyd edilirdi ki, müharibə başa çatdıqdan sonra müstəmləkə torpaqlarının hamısı azad olacaq, öz müqəddəratını təyin etmək istəyən xalqlara azadlıq veriləcək. Lakin 1943-cü ildə ABŞ, İngiltərə və SSRİ arasında Tehranda imzalanmış müqavilədə qeyd edilirdi ki, müstəmləkə altında olan xalqlara azadlıq veriləcək. Həmin üç dövlət İranın ərazi bütövlüyünün qorunmasına səs verdi. 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti özünü elan etdi. 
SSRİ bu dövlətin qorunmasına təminat versə də, sonradan bu vədinə xəyanət etdi. Ona görə də Azərbaycanın vəziyyəti digərlərindən xeyli fərqlənir.

Çünki Azərbaycanın birləşməsini təmin etmək üçün güneydə müstəqil dövlət və ya struktur yoxdur. İkincisi, beynəlxalaq ictimaiyyət dövlətlərin parçalanmasını birmənalı şəkildə qəbul etmir. Üçüncüsü, Güney Azərbaycan türklərinin bu məsələyə münasibəti birmənalı deyil. Bir sıra regional problemlər qalmaqdadır. Bu kimi şərtlər Azərbaycan türklərinin istəklərinə maneə yaradır. Amma bu o demək deyil ki, birləşmə baş verməyəcək. Görünür, həmin proses dünyanın yeni şərtləri daxilində baş verəcək. Bu, çox böyük hadisədir. Məsələn, Şimali Koreya ilə Cənubi Koreya arasındakı birləşmə prosesi çox böyük hadisədir. Üçüncü Dünya Müharibəsinin başlanmasına səbəb ola biləcək ocaq söndürülür. İki Azərbaycanın birləşməsi və bütövləşməsi də dünyada baş verəcək çox böyük hadisələrdən asılıdır. Dünya inqilabının baş verməsi və yeni dövlətlərin yaranması nəticəsində Azərbaycanın da birləşməsi mümkün olacaq. Bu, yeni dünya düzəninin formalaşmasından asılıdır”.

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений