Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

4700 yaşlı Gül bayramı



Bu gün Gül bayramı dedikdə nəzərimizdə daha çox 2000-ci ildən başlayaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən mərasimlər canlanır. Məlumatsız insanlar bu bayramın köksüz, hətta saxta olduğunu düşünür. Lakin məsələnin mahiyyəti və kökü tam fərqlidir. Zərdüştiliyin ən qədim bayramlarından sayılan Gül bayramının kökü azı 4700 il öncəki vaxtlara gedib çıxır. Zərdüştilikdə bütün mərasimlər dəqiq astronomik ölçüləri özündə ehtiva edən Avesta təqviminə əsaslanır. Gül bayramı da Buğa bürcünün 19-cu dərəcəsində keçirilir (Günəşin Buğa bürcünə daxil olmasının 19-cu sutkası – S.R.). Deyilən dərəcə isə hazırkı miladi təqvimlə daha çox mayın 10-na təsadüf edir, bəzən 1 sutkaya qədər irəli-geri sürüşmə də olur.

Gül bayramının keçirilmə səbəblərindən biri zərdüştilikdə gülə olan ehtiramdan irəli gəlir. Bu qədim dinimizə görə gül Cənnət müjdəsidir, şəfavericidir, xoş enerji yaradandır, bədxah qüvvələri qovandır. Zərdüştilikdə əksər bayramlarda evi güllərlə bəzəyər, evin astanasına gül ləçəkləri səpərlər ki, şər qüvvələr, qara ruhlar evə yaxın düşə bilməsin, rəngarəng gül və çiçəklərdən çələng hörüb axar suya salarlar ki, su mələkləri onların arzu və niyyətlərini hasil eləsin. Avestada Yerdə sülhün qorunmasını, tarazlığın yaradılmasını, harmoniya və məhəbbətin davamlılığını təmin edən qoruyucu Sipənd-Armaiti (mənası: mərhəmət, şəfqət) hər zaman tikansız qızılgül kimi təsvir edilir. İlkin Növruz çərşənbələrinin ikincisi də Gül çərşənbəsi adlanardı. Həmin gün evin bütün pəncərə və çıxıntılarında gül dibçəkləri qoyulardı. 

Bəs dünyanın müxtəlif ölkələrində bu gün də keçirilən Gül bayramının dini-fəlsəfi mahiyyəti nədir?  İlk öncə bildirək ki, bu bayram Sipənd-Manyunun şərəfinə keçirilir. Əslində Sipənd-Manyu zərdüştilikdə adı keçən digər ilahi qüvvələrdən deyil, O, elə Ahura Məzdanın özüdür. Çox-çox qədim inanca görə, Sipənd-Manyu (Hörmüz) və Anhra-Manyu (Əhrimən) əkiz qardaşlardır. Sipənd-Manyu birbaşa Anhra-Manyuya qarşı olur ki, onun adı elə bunu sübut edir. Belə ki, Sipənd-Manyu (“Müqəddəs Ruh”) kainatın hər yerində Anhra-Manyu (“Zalım Ruh”) ilə mübarizə aparır və Axirət Günü onu mütləq məhv edib qalib gələcək.

Bəzi tarixçilər, hətta radikal dinçilər Ahura Məzda ilə Əhrimənin, yəni Sipənd-Manyu ilə Anhra-Manyunun iki tanrı olduğunu dilə gətirib zərdüştiliyin dualizmə söykənən çoxallahlı din olduğunu qeyd edirlər. Lakin Avestadan xəbərsiz olan bu adamlar bilməlidir ki, bu təlimdə yeganə yaradıcı Ahura Məzdadır. O, yaxşı olan hər şeyi – işığı, xeyirxahlığı, təbiət gözəlliklərini, insan kamilliyini, pak ruhları, sevgi və mərhəməti yaradıb. Əhrimən isə dağıdıcıdır, pis olan hər şeyi törədəndir və o, yaradıcı deyil. Müqəddəs Avestada belə bir fraza var: “Qaranlıq yoxdur, sadəcə işığın olmaması var”. Elə bu ifadə yetər ki, Əhrimənin yaradıcı olmaması sübuta yetirilsin. Təbii ki, yaradılan imandır və onun getməsi yaradılmış bir şey deyil – imansızlıq yaradılmır axı...

Sipənd-Manyunun başlıca vəzifəsi İlahi Həqiqətə gedən yolu yaratmaq, insanın imkanlarını yüksək səviyyədə təzahür etdirmək, onun bacarığını, yaradıcı təşəbbüsünü üzə çıxarmaqdır. İlham, mənəviyyat və zəka oyanışı yaranışla bağlı olan ruhaniliyin başlanğıcıdır ki, bütün bunları da Müqəddəs Ruh – Sipənd-Manyu idarə edir. 

Sipənd-Manyuya həsr olunmuş Gül Bayramı sevinc, şənlik, rahatlıq, yaradıcılıq, daxili işığın və ruhi seçimin yaranması deməkdir. Bu mərasim bolluq və xoşbəxtliklə bağlıdır. Sipənd-Manyu Allahın yaratdığı hər şeyi tamamlayan, maddi dünyada mövcud olan hər nəsnəni Yaradıcılığa (salehliyə) gedən yolda dəyişən və üzə çıxaran, imkanlarımız daxilində mənimsənilmiş kamilliyə, Sevgi və Mənəviyyata aparan Müqəddəs Ruhdur.

Bizi İlahi Başlanğıc üçün ruhlandıran və oyadan Sipənd-Manyunun digər ilahi qüvvələr kimi konkret forması yoxdur. Amma bəzən Onu Ağ və ya Qızıl Tovuzquşu, quyruğunda saysız lələkləri olan Səməndər Quşu kimi də göstərirlər. Bu lələklər taleyimizdə qarşılaşdığımız çoxsaylı hadisələrdə bizə verilən seçim imkanları, çıxış yollarıdır.

Bayram sübh şəfəqləri görünəndə başlayır. Kifayət qədər şən, sevincli, ilhamverici, rahatlıq gətirən, daxili nuru və ruhi seçimi üzə çıxaran, bolluq və səadətlə bağlı bayramdır. Həmin gün hər tərəfdə gül-çiçək görünər, saxsı dibçəklərdə gül qələmləri əkilər, ocaqlar qalanar və orada müxtəlif bitkilərdən ruhu təmizləyən dəmləmələr, içəcəklər hazırlanar.

Səbuhi Rəhimli








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений