Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

600 kq sarımsağı sahibkar niyə çaya tökdü?



Elçin Bayramlı: “Dünyanın heç bir ölkəsində vətəndaş gətirdiyi malı çaya axıtmır”

Ötən gün mediada Zaqatala sakini Gürcüstandan alıb gətirdiyi toxumluq sarımsağı Azərbaycan gömrük postundan buraxılmaması ilə bağlı video material yayıldı. Zaqatala sakininin sözlərinə görə rayonda sarımsaq toxumu olmadığına görə qonşu Gürcüstana üz tutub. O iddia edir ki, aldığı toxumluq sarımsaqlar rəisin şəxsi qərəzliyi ucbatından iki gündür gömrük postunda saxlanılır. Sahibkarın dediyinə görə sənədlərində problem olduğu üçün gömrük rəsmilərindən malı saxlamaq üçün anbarda yer ayırmasını istəyib. Lakin gömrükdə buna fikir verilməyib, ona malları atmağı məsləhət görüblər. Daha sonra videoda şəxsin ölkəyə idxal etmək istədiyi ümumi çəkisi 600 kiloqram olan toxumluq sarımsağı Gürcüstan ərazisində çaya tökərək məhv etməsi görüntüləri yer alıb. O buna gömrükçülərin yaratdığı süni maneələrin səbəb olduğunu iddia edib.

Sözügedən məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir:  "Dövlət Gömrük Komitəsi bildirir ki, 29 noyabr 2017-ci il tarixində Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna Azərbaycan Respublikasının vətəndaşı Mahmudov Abdurahman Ramazan oğlunun idarə etdiyi "Ford Tranzit" markalı, 62 BF 986 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində toxumluq sarımsaq kimi təqdim edilən, təxminən 600 kq sarımsaq yükü daxil olub. Gömrük orqanına nəqliyyat vasitəsindəki yükə aid heç bir müşayiət sənədi, o cümlədən, fitosanitar sertifikat və sanitar karantin sənədləri təqdim edilməyib. Vətəndaşa sənədləri təqdim etmək üçün müddət verilib. Lakin 01 dekabr 2017-ci il tarixdə yüklərə aid məsul şəxs tərəfindən heç bir sənəd təqdim edilmədiyindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 saylı qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na zidd olduğuna görə mallar gömrük ərazisindən geri qaytarılıb. Eyni zamanda, sözügedən yükü Gürcüstan respublikasının gömrük orqanları da ölkə ərazisinə idxalına icazə verməyib".

Qeyd edək ki, hazırda daxili bazarda satışı qadağan olunan, sarımsaq toxumundan da təhlükəli sayılan bir sıra mal və məhsullar var. Onların gömrük postlarından necə buraxılması isə “sahibkar” şəxslərdən başqa heç kəsə məlum deyil. Beynəlxalq təcrübədə ölkəyə gətirilən mallar gömrük postunda yoxlanılır. Amma Azərbaycanda mal və ya məhsullar gömrükdən buraxılır, sonra başlayıb mağazalarda həmin məhsulları yoxlayırlar.

Son məlumatda Gömrük Komitəsi açıqlayıb ki, gömrük orqanına nəqliyyat vasitəsindəki yükə aid heç bir müşayiət sənədi, o cümlədən, fitosanitar sertifikat və sanitar karantin sənədləri təqdim edilməyib. Olmazdımı ki, ölkəyə idxal edilən bu məhsul elə gömrükdə yoxlanılsın, əgər fitosanitar sertifikat və sanitar sertifikata uyğun olardısa, məhsul ölkəyə buraxılardı?

“Altay” Araşdırma Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Elçin Bayramlı “Cümhuriyət” qəzetinə bildirib ki, ölkəyə gətirilən mal və məhsulların buraxılmaması kimi hadisələr gömrükdə mütəmadi baş verir: “Xarici ticarətdə istər şəxsi, istərsə də kommersiya məqsədilə fərdi fəaliyyət məsələləri öz əksini tapır. Adətən, hüquqi şəxslərdə bu cür problem olmur, onlar sənədləşməni düzgün həll edir. Bəzən hüquqi şəxslər bilməzlikdən və yaxud da hansısa problemdən belə hallarla rastlaşır. Bu halda Gömrük Komitəsi problemi aradan qaldırmaq üçün səy göstərməlidir. Əgər qeyd edilən sənəd yoxdursa, onların müvafiq laboratoriyaları və orada yoxlama imkanları olmalıdır. Sahibkarı alıb gətirdiyi məhsulu çaya boşaldacaq həddə çatdırmaq olmaz.

Nəticədə onlar həmin məhsulu almaq üçün ölkədən valyuta çıxarıb. Bu, birbaşa ziyandır. Həmin ziyanın məsuliyyətini hər iki tərəf - həm sahibkar, həm də gömrük komitəsi daşıyır. Daha çox məsuliyyət Gömrük Komitəsinin üzərinə düşür. Məsuliyyətdən kənara çəkilməklə məsələni bitmiş hesab etmək olmaz. Gömrük Komitəsinin borcu o deyil ki, ərəbzəngi kimi durub insanları incitsin. Komitə vətəndaşlara şərait yaratmalıdır, kömək etməlidir, vəziyyətdən çıxış yolu göstərməlidir. Əgər ölkədə həmin məhsulun istehsalı yoxdursa, yaxud da toxumu tapılmırsa, fermer və ya sahibkar onu qonşu ölkələrdən gətirməlidir. Arzu edərdim ki, Gömrük Komitəsi ölkəyə yağ gətirənləri də o formada yoxlasın. Hansı ki, ölkəyə idxal olan yağların tərkibində bir sıra toksit və konsragen maddələr var. Əgər sahibkarın və ya fermerin sənədlərində problem varsa, komitə həmin malları 1-2 gün saxlama kamerasında saxlamalı idi. Vətəndaşa problemdən çıxış yolu izah olunmalı idi. Sənəd deyəndə bir qədər qəribə səslənir.

Deyək ki, fermer gedib Gürcüstanın hansısa bazarından məhsul alır. Bazarda deyəcək ki, məhsulun sənədini ver? O, emal sənayesi məhsulları, texnika gətirmir ki, malın sertifikat sənədi olsun. Fermer bazardan özü üçün lazım olan toxumu alıb gətirir. O, alverçidən nə sənəd tələb edə bilər? Gömrük Komitəsi sərhəddə yoxlaya bilər ki, gətirilən məhsul zərərlidir, ya yox. Aqrar sektorun inkişafı prioritet məsələdir. Ölkədə məhsul bolluğu yaratmaq üçün qonşu ölkələrdən yaxşı toxumlar gətirib əkmək lazımdır. Bu cür qadağalarla fermerə ziyan vurmaq olmaz. Dünyanın heç bir ölkəsində vətəndaş gətirdiyi malı çaya axıtmır. Vətəndaşı bu həddə gətirmək olmaz. Bu fəaliyyət ölkəyə zərər vurur. Bu məsələ araşdırılmalıdır, əgər məmur bunu əsassız səbəbdən edibsə, cəzalanmalıdır”.

Ekspertin sözlərinə görə Azərbaycanın daxili bazarında külli miqdarda saxta yeyinti məhsulları və məişət məhsulları satılır: “Bu gün bazarda kilosu 2.40 manata olan guya Rusiyanın təmiz kərə yağı satılır. Aydın məsələdir ki, ölkəyə açıq şəkildə zəhərli palma yağı gətirilir. Bundan əlavə ölkə bazarında istifadəsi qadağan olunan İran sobaları da satılır. Amma burada ümumi yanaşma düzgün deyil. Bu gün İran zavodlarının standartlara cavab verən yüksək keyfiyyətli məhsulları da var. Burada qadağanın qoyulması, rüşvət amilinə yol açır. “İran istehsalıdır” - deyə bütün məhsullara birmənalı yanaşmaq olmaz, bunun bir standartı olmalıdır. Tutaq ki, İranda 50-yə yaxın zavod və yaxud sexlər həmin sobaların istehsalı ilə məşğuldur. Bu o demək deyil ki, həmin müəssisələrin istehsal etdiyi məhsulların hamısı standartlara cavab vermir. Sözsüz ki, həmin müəssisələrin içərisində yüksək standartlara cavab verən peçlər də var”.

Elçin Bayramlı qeyd edib ki, xaricə gedib-gələnlərin incidilməsi kimi hallar ölkədə narazılıq yaradır: “Hətta şəxsi istehlakı üçün məhsul gətirənləri belə incidirlər. Ölkədə bütün sahələrdə problemlər düzəlib, amma gömrükdə düzəlmir. Hazırda Azərbaycanın ehtiyacı var ki, insanlar yerli məhsulu xarici bazarlara rahat çıxarıb sata bilsin. Dövlət bununla bağlı siyasət yürüdür, qanunlar qəbul edir, amma buna kimlərsə mane olur. Bizə lazımdır ki, Azərbaycan məhsulları gömrükdən maneəsiz şəkildə xaricə çıxsın, ölkəyə valyuta gətirsin. Yaxud da valyutanın əvəzinə ölkədə istehsal olunmayan, çatışmayan məhsullar gətirilsin ki, daxili bazarda qıtlıq və bahaçılıq yaranmasın”. 

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений