Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

ABŞ-ın “qaz işğalı”nda Azərbaycanın yeri



ABŞ “qaz işğalı”na hazırlaşır. Ölkə bununla bağlı planlarını açıqlayıb və qaz nəqlində konkret qalmaqal olacağına da işarə edib. ABŞ dövlət katibinin köməkçisinin müavini Sandra Oudkirk açıqlamasında bildirib ki, Amerika şirkətləri Avropaya qaz nəqlində Rusiya ilə rəqabət aparmağa hazırdır. O, ölkəsinin Avropa bazarında da Rusiya ilə rəqabət aparacaq imkanlara sahib olduğunu qətiyyətlə bildirib. Həmçinin, Amerika qazının qiymətinin rəqabətə davamlı olduğunu və bununla da hər yerdə qazı satmaq istəyində olduqlarını da vurğulayıb. 

Xatırladaq ki, 8 martda Amerika Energetika Asossiasiyasının rəhbəri Barri Uortinqton bütün dünyanı qazla işğal etmək planlarından danışmışdı. Onun sözlərinə görə, yaxın 5 il ərzində ölkəsi qaz nəqlini 4 dəfə artırmağı düşünür. Amma buna baxmayaraq amerikalılar özləri də qaz alır.

Maraqlıdır ki, Avropa kimi secəcək: Rusiyanı, yoxsa ABŞ-ı? Bu qalmaqaldan Azərbaycan hər hansı zərər görə bilərmi?

Siyasi şərhçi Natiq Miri “Cümhuriyət” qəzetinə şərhində deyib ki, ABŞ-ın Rusiyanın iqtisadiyyatını çökdürmə planının tərkib hissələrindən biri də Qərb məkanını, yəni Avropa Birliyi ölkələrini ABŞ-da istehsal olunan qazla, yəni daşınan qazla təmin etməkdir: “Bunun müqabilində Rusiyanı böyük Avropa qaz bazarından tamamilə sıxışdırıb çıxarmaq istəyir. Bu da Rusiya iqtisadiyyatına çox ciddi bir zərbə anlamına gəlir. Çünki uzaq perspektivdə həqiqətən də bu proses davamlı olarsa, Avropa ABŞ-dan yana qərar verərsə, həmçinin Avropa Birliyi Rusiya qazından nisbətən ucuz qiymətlərlə ABŞ-dan bu qazı ala bilərsə, bu Rusiya üçün çox faciəli bir vəziyyət yaradacaq. Enerji daşıyıcıları mənbələrindən gələn gəlirlər Rusiya büdcəsinin demək olar ki, 60 faizindən çoxunu təşkil edir. Rusiya üçün ən böyük neft və qaz bazarları məhz Avropa bazarıdır.

Əgər ABŞ gələcəkdə Rusiyanı bu bazardan tamamilə sıxışdırıb çıxararsa, Rusiya dövlətinə, eləcə də istisadiyyatına ciddi təhlükə ola bilər. Ancaq bunun üçün ABŞ mütləq mənada Avropa Birliyindəki strateji müttəfiqlərinə ciddi güzəştlər etməlidir. Söhbət ondan gedir ki, Donald Tramp hakimiyyətə gələndən üzübəri müəyyən ticarət anlaşmalarında Avropa Birliyi ölkələri ilə çox ciddi gərginlik və sıxıntılar yaşanır. Alüminium da daxil bəzi metalların gömrük rüsumu ilə bağlı müəyyən qiymət artımı barədə qərarlar qəbul edildi. Buna adekvat olaraq Avropa ölkələri də Türkiyə ilə birgə ABŞ-a qarşılıq vermək yönündə qərarlar alıb. Bütün bu məsələlərin mütləq mənada çözülməsinə ehtiyac var ki, gələcəkdə Avropa Birliyi Rusiyadan deyil, ucuz qiymətlərdə daşınan qazı ABŞ-dan alsın. Yəni bu o qədər də asanlıqla həll olunacaq məsələ deyil. Avropa Birliyi ilə ABŞ arasında bu problemlər həll olunarsa və ABŞ qazı daha ucuz qiymətə Avropa bazarı üçün cəlbedici görünərsə, o zaman Rusiyanı Avropa bazarından tədricən sıxışdırmaq mümkün olacaq”.

Sözügedən məsələnin Azərbaycana təsirinə gəlincə, politoloq qeyd edib ki, Azərbaycan Avropa bazarının yalnız və yalnız 6 faizini qazla təmin edəcək gücdədir: “O baxımdan düşünürəm ki, ABŞ-nın Avropa bazarında inhisarçılığı ələ götürməsi Azərbaycanın bu bazara təsir imkanlarını azaltmayacaq. Yəni Azərbaycanın maraqlarına və bazarına zərər dəyməyəcək. Düşünürəm ki, ABŞ əksinə, Avropa bazarına Azərbaycan kimi alternativ enerji mənbələrindən qazla neftin gəlməsində maraqlıdır. ABŞ Azərbaycan kimi ölkələrin Avropa bazarına girməsi ilə Rusiyanın Avropa bazarından tədricən sıxışdırılmasında maraqlıdır. Bu baxımdan hesab edirəm ki, Azərbaycan o qədər də böyük zərər görməyəcək”.

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений