Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

ABŞ və Rusiya bu dəfə İranda “vuruşur”



İranda baş verən son hadisələrə dünya güclərinin münasibəti fərqli oldu. Amerika Birləşmiş Ştatları (ABŞ) və İsrail üsyançılara dəstək versə də, Rusiya İran hakimiyyətinin yanında olduğunu nümayiş etdirdi. Bəlli məsələdir ki, Rusiya və İran Yaxın Şərqdə  birgə fəaliyyət göstərirlər. Qeyd edək ki, Suriyada Əsəd rejiminin qalmasında da hər iki ölkənin rolu danılmazdır. Ancaq Rusiyanın İranla yaxın münasibətləri ABŞ-ın qıcıqlanmasına səbəb olur. Məlumdur ki, ABŞ İrana qarşı sanksiyalar tətbiq edib və hal-hazırda da düşmənçilik mövqeyindən çıxış edir.

Bu günlərdə ABŞ-dan maliyyələşdirilən "Voice of America"da danışan Mcmaster  İran və Şimali Koreyanın nüvə silahı proqramlarının ABŞ və Rusiyanın maraqlarına zidd olduğunu deyib. ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri, general Herbert Raymond Mcmaster, Rusiyanın İranda davam edən hökumət əleyhinə etirazlara baxmayaraq rejimi dəstəkləməsinin bir qarşılığı olacağını deyib və Rusiyanı ölkə daxilində böyük fəlakət yaradan İran rəhbərliyinin mövqeyi  ilə üzləşməyə çağırıb.

Görünən odur ki, Rusiyanın İranın mövcud rejiminə dəstəyi ABŞ-la münasibətlərini daha da gərginləşdirəcək. Maraqlıdır, İran amili ABŞ-Rusiya münasibətlərinə necə təsir edəcək? ABŞ Rusiyaya qarşı yeni və daha sərt sanksiyaları gündəmə gətirə bilərmi?

Prosesləri “Cümhuriyət” qəzetinə şərh edən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə ABŞ İran üzərindən Rusiyaya yeni sanksiyalar tətbiq edə bilər: “İranın Məşhəd şəhərində dekabrın 28-də sosial tələblərlə başlanan etiraz nümayişləri bir qığılcımla genişləndi, ölkənin bir çox şəhərlərində siyasi tələblərlə hakim teokratik rejimə qarşı çox ciddi mesaj oldu. Spontan və kortəbii olmasına baxmayaraq, bu aksiyalar  siyasi dinamika qazandı. Bu etiraz aksiyalarının  mövcud rejimin əleyhinə yönəldiyini qeyd edə bilərik. Hazırda İrandakı şiə ierarxiyasında çox ciddi fikir ayrılıqları yaşanır.

Hakim rejimdə vahid komanda artıq çox ciddi parçalanmaya məruz qalır və islahatçılarla mühafizəkarlar arasında davam edən siyasi qarşıdurma İranda siyasi sabitsizliyə yol açır. Təbii ki, bu aksiyalarda iqtisadi faktor rol oynadı, ancaq bir nüansı da unutmayaq ki, ABŞ-ın son günlərdə iqtisadi sanksiya hədələri xalqda Ruhani rejiminə etimadı sarsıdıb. Çünki, 2015-ci ildə sanksiyalar aradan götürüldükdən sonra İranın öz maliyyə imkanlarını İraqda, Suriyada və Yəməndə müharibələrə xərcləməsi ölkəni iqtisadi fiaskoya yaxınlaşdırdı. Rusiyanın Yaxın Şərqdə əsas müttəfiq olan İran hazırda ABŞ-ın hədəfində olan ölkədir. ABŞ administrasiyası çalışır ki, rejim dəyişikliyi edərək, öz maraqlarına uyğun İran formalaşdırsın”. 

“Ruhaninin vəd etdiyi islahatlara pul yoxdur”

Politoloq hesab edir ki, ABŞ-ın İranda etirazlara verdiyi dəstək də buna hesablanıb: “ABŞ və Rusianın İranda maraqlarının toqquşması, regionda yeni gərginliyə səbəb ola bilər. Rusiya Suriyadakı  vəziyyətin İranda təkrarlanmasından narahatdır. ABŞ da Moskvanın bu planını bilir və İran üzrə yeni sanksiyalarla hədələyir. Şərqi Avropada Ukrayna, Yaxın Şərqdə İran üzərindən sanksiyalarla hədəfə gələ bilən  Moskvanın iqtisadi-siyasi durumu dünyada böyük ölçüdə zəifləyə bilər. ABŞ-ın Rusiyaya qarşı sanksiyaları İranda gedən proseslərdən asılı olacaq. Iranda hələ ki nisbi sakitlikdir, ancaq  siyasi etirazlar  yenidən alovlana bilər. Çünki, Ruhaninin vəd etdiyi iqtisadi  islahatların aparılması üçün kifayət qədər maliyyə ehtiyatları yoxdur. Bu da getdikcə iqtisadi vəziyyəti ağırlaşdıracaq. Bundan istifadə edən ABŞ və İsrail daxili etirazların qızışdırılmasına ciddi dəstək verəcək. Əgər, etirazlar baş qaldırsa,Rusiya və ABŞ arasında konfontrasiya beynəlxalq konyukturada ciddi problemlərə yol aça bilər. Bu da Yaxın Şərqdə yeni müharibə ocaqlarının yaranması deməkdir”.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений