Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

ABŞ-ın xarici siyasəti dəyişir



Məhəmməd Əsədullazadə: “ABŞ-ın xarici siyasətində uğurlu dəyişikliklər olacaq”

ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu vəzifəsindən azad edib. Donald Trampın digər fərmanı ilə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsini tutan Mayk Pompeo dövlət katibi təyin edilib. MKİ-nin yeni direktorunu isə 2017-ci ildə bu qurumda rəhbər köməkçisi vəzifəsinə gətirilən Gina Haspel əvəz edib. Haspel ABŞ tarixində ölkənin baş kəşfiyyat qurumuna rəhbərlik edən ilk qadın olacaq.

Qeyd edək ki, Mayk Pompeonun dövlət katibi postuna gətiriləcəyinə dair ilk ətraflı açıqlamanı ABŞ-ın “New York Times” qəzetində hələ 2017-ci il dekabr ayının ilk günlərində yaymışdı. Lakin adıçəkilən mənbə bu barədə söz-söhbətin ABŞ-ın siyasi dəhlizlərində hələ sentyabr ayından dolaşdığını bildiridi. Reks Tillersonun vəzifəsindən hələ 2017-ci ilin sonunda azad ediləcəyi deyilsə də, bu qərar üç ay sonra gerçəkləşdi. Reks Tillerson isə 2017-ci ilin iyul ayından bəri istefaya göndəriləcəyi barədə ABŞ-ın siyasi gündəmində yer alan məlumatları tez-tez təkzib edirdi. Ancaq prezident Trampın son qərarı həmin xəbərin həqiqəti əks etdiridiyini göstərir.

“New York Times” qəzetinin yazdığına görə, bu iki dövlət vəzifəsinin dəyişdirilməsi üzrə planı Ağ Evin qərargahının rəhbəri Con Kelli hazırlayıb. Həmin sənəd digər vəzifəli şəxslərlə də razılaşdırlıb. Onun həyata keçirilməsi planı isə 2017-ci ilin sonu və ya 2018-ci ilin əvvəlinə nəzərdə tutulurdu. Hələ ötən il oktyabr ayının əvvəlində NBC telekanalı Tillersonla Tramp arasında mübahisə yaşandığını, dövlət katibinin prezidentə “səfeh” dediyi barədə məlumat yaymışdı. Yalnız vitse-prezident Mayk Pensin xahişindən və tövsiyələrindən sonra onun vəzifəsində qalmağa razılaşdığı qeyd edilirdi.

“The Washington Post” sentyabr ayında yazırdı ki, ABŞ silahlı qüvvələrinin Əfqanıstandakı sayı, həmçinin Qətərin və Kubanın blokadasına dair Tramp və Tillerson arasında fikir ayrılığı yaranıb. Mayk Pompeoya gəlincə, o, Tillersondan fərqli olaraq, Rusiyaya meyilli adam kimi tanınmır. Bunu Pompeonun əvvəlki bəyanatlarından da görmək mümkündür. İyul ayında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyanı Amerikaya pislik etmək məqsədilə Suriya böhranının həllində iştirak etməkdə ittiham etmişdi. Pompeonun rəhbərlik etdiyi orqan eyni zamanda, Rusiyanın Suriyada İŞİD terror qruplaşmasına qarşı mübarizə aparmasına dair ciddi dəlilə malik olmadığını və ya bunun minimum səviyyədə olduğunu bildirirdi. Bundan bir müddət öncə isə MKİ Rusiyanın Amerikadakı seçkilərə dəfələrlə müdaxilə etdiyinə dair açıqlama vermişdi. MKİ-nin verdiyi məlumatda Rusiyanın yalnız 2016-cı ildə ABŞ-da keçirilən seçkilərə deyil, bir çox məsələlərə təsir etməyə çalışdığı göstərilirdi.

Ona görə də Mayk Pompeo dövlət katibi postuna gələrsə, ABŞ-Rusiya münasibətlərindəki gərginlik arta bilər. Bu səbəbdən, Mayk Pompeonun dövlət katibi postuna təyinatı ilə ABŞ-ın xarici siyasətində Rusiya və İranla gərginliyin artacağı istisna olunmur. Bu eyni zamanda, Birləşmiş Ştatların Yaxın Şərq və Suriya siyasətində fəallaşmasında özünü göstərə bilər. Şimali Koreya probleminə təsiri isə may ayında Donald Trampla Kim Çen In arasında gözlənilən danışıqlardan asılıdır.

AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, M.Pompeonun dövlət katibi vəzifəsinə gətirilməsi ABŞ-ın xarici siyasətində diplomatik fəallığın artması ilə müşahidə olunacaq:

“ABŞ Milli Təhlükəsizlik doktirinasını elan etdikdən sonra bu ölkə xarici siyasətində kardinal dəyişikliklər elan etdi. Burada Rusiya, Çin, İran və Şimali Koreya ABŞ-ın bir nömrəli düşmənləri hesab edildi. Təbii ki, ABŞ-ın radikal və hegemon siyasətini aparmaq, tərəfdaşlarla ortaq məxrəcə gəlmək və bunu diplomatik müstəvidə uğurla həyata keçirmək üçün radikal baxışa malik dövlət katibi olmalıdır. Reks Tillerson əsasən neft maqnatıdır və əsasən biznes mühitində geniş təcrübəyə malikdir. Hazırda dünyada davam edən problemlər fonunda Tillersonun fəal diplomatik iş aparması çətinləşir. Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Pompeonun dövlət katibi vəzifəsinə gəlməsi bu ölkənin xarici siyasətində ciddi uğurlu dəyuşiliklərə səbəb ola bilər. ABŞ-ın dünyada nüfuzunun artmasında, Yaxın Şərqdə güclənməsində, daha çevik diplomatik danışıqların yeni müstəviyə qalxmasında yeni dövlət katibinin rolu böyük olacaq. Geniş təcrübəyə və kəşfiyyat məlumatlarına malik bir diplomat kimi ABŞ-ın beynəlxalq konyukturada Rusiya və Çin qarşısında inamlı qələbəsini təmin etməkdə Pompeonun mühüm rolu ola bilər”.

Müşfiq Abdulla








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений