Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Ağ Evdə “güclü İran” xofu: Trampın İranı çökdürmə planının gizli tərəfləri



ABŞ prezidenti Donald Trampın İran İnqilab Keşikçiləri Qvardiyasına qarşı qanun layihəsi iki ölkə arasındakı münasibətləri yenidən gərginləşdirib. “Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri İranı terrorizmə dəstək verməkdə ittiham edib: “İran terrorizmə dəstək verir. Buna görə də İnqilab Keşikçiləri Qvardiyasına qarşı sərt sanksiyalar tətbiq edilməlidir.Bununla bağlı qərarı da 2015-ci ildə imzalanmış nüvə anlaşmasını birdəfəlik yox etmək üçün vermişəm.Qısa zamanda bu anlaşmanı yox edəcəyəm”.
 
Avropa İttifaqının Beynəlxalq Münasibətlər və Təhlükəsizlik Siyasəti Komitəsinin ali nümayəndəsi Federika Moqerini Trampın qərarını açıqlamasından dərhal sonra mətbuat konfransı keçirib. Nüvə anlaşmasının təktərəfli olmadığını bildirən Moqerini Donald Trampın bu anlaşmadan imtina etmək səlahiyyətinin olmadığını bildirib.Amerika prezidentinin qərarına keçmiş dövlət katibi Con Kerridən də etiraz gəlib.Kerri Trampın İranın nüvə sazişi üzrə qərarı ilə beynəlxalq böhran yaratdığını deyib. O əlavə edib ki, bu qərarı ilə ABŞ lideri təhlükəsizlik sahəsində özünün və müttəfiqlərinin milli maraqlarını zərbə altına qoymuş olur: “Trampın qərarı təhlükəlidir, bu qərar beynəlxalq böhran yaradır”.
 
ABŞ-ın geri çəkilmək qərarı nəyi dəyişəcək?
 
Tramp hələ seçkiqabağı kampaniyada İran və “Altılıq” (ABŞ, Çin, Rusiya, Fransa, İngiltərə və Almaniya) arasında 2015-ci ildə imzalanmış nüvə anlaşmasını ləğv edəcəyini açıqlamışdı. ABŞ-ın sazişdə tərəf olan ölkələr və beynəlxalq təşkilatların anlaşmanı dəstəkləmələrinə baxmayaraq, Trampın geri çəkilmək qərarının və bundan imtina etmək çağırışlarının beynəlxalq arenada gərginliyə səbəb olacağı istisna edilmir.Ağ Evdən verilən son açıqlama da Tramp administrasiyasının sazişdən çıxmaqla bağlı qəti qərarda olmasından xəbər verir.Lakin “The New Yorker” kimi nüfuzlu Amerika KİV-ləri bu açıqlamanı da Trampın özünəməxsus ritorikası olduğunu bildirərək, onun indiyədək bu kimi açıqlamalar verdiyini və heç bir halda geri addım atmadığını bildirirlər.
 
Tramp nizamnaməyə uyğun olaraq, hər 3 aydan bir sazişi təsdiq etməlidir. Lakin o, hakimiyyətə gəldikdən bu yana 2 dəfə İranın sazişə uyğun davrandığı təsdiq etsə də yeni administrasiyanın İrana yönəlik atılacaq addımlar barədə verdiyi qərarlar ziddiyyətli məqamlar ortaya çıxarıb. Konqresdən də Trampın İranla bağlı qərarlarına müəyyən dəstək var. Artıq Konqres bir neçə dəfə İrana qarşı sərt sanksiya layihəsini qəbul edib.Bu baxımdan ABŞ “Altılıq”da sazişə qarşı çıxan yeganə tərəf ölkədir.
 
ABŞ-la “Altılıq” arasında anlaşılmazlıq
Konqresin də Donald Trampın məlum qərarlarını təsdiq etməsi də göstərir ki, əslində ABŞ-ın siyasi dairələrində sazişdən çıxmaqla bağlı ziddiyyətli məqamlar yoxdur.Lakin “Altılıq” Ağ Ev rəhbərinin tez-tez İranın terrorizmi dəstəkləməsi ilə bağlı verdiyi açıqlamaları sazişin ləğvi üçün tutarlı arqument hesab etmir. Tramp isə ABŞ-ın anlaşmada tərəf olub-olmaması ilə bağlı qərarını Konqresə təqdim edib. Təqdim edilən sənəddə İran İnqilab Keşikçiləri Qvardiyasının terror təşkilatı kimi tanınması təklifi də var.
 
Amerikada nəşr olunan “The Foreign Policy” jurnalı Trampın İran ətrafında beynəlxalq təhlükəsizliyi təhdid edən riskli hərəkətlər etdiyini yazır. “Tramp İranın İnqilab Keşikçiləri Qvardiyası ilə müharibəyə hazırlaşır” başlıqlı məqalədə qeyd olunur ki, ABŞ xarici siyasətdə ən təhlükəli addımı atmaq üzrədir:
 
“Əsas təhlükə, Trampın 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxmaq qərarında deyil, İran İnqilab Keşikçiləri Qvardiyasını terror təşkilatı kimi tanımasındadır. Qvardiyanı terror təşkilatı kimi tanımaq, Yaxın Şərqdə sürətli və dağıdıcı təsirlərin ortaya çıxması deməkdir.Əlbəttə, İnqilab Keşikçiləri Qvardiyası BMT üzvü olan bir ölkənin silahlı qoludur və bu günədək də özünə hücum edənlərə silahlı cavab vermək məsələsində də tərəddüd edib”.
 
Tramp niyə İranı istəmir?
 
Avropa İttifaqı, Rusiya, Çin, Almaniya və Fransadan edilən etirazlara baxmayaraq, Tramp administrasiyası və Dövlət Departamenti, həmçinin Konqres nüvə anlaşmasından çıxmağı və İrana qarşı sərt tədbirlər görməyi, xarici siyasətdə edilməli olan strateji dəyişiklik kimi qəbul edir.
 
Ağ Evin İrana qarşı sərt mövqedə dayanmasının əsas səbəblərindən biri, anlaşmanın imzalanmasından sonra İrana  tədbiq edilmiş embarqoların ləğv edilməsi ilə dünya bazarlarına çıxan islam respublikasının bölgədə lider dövlətə çevrilməsidir. Suriya və Yəməndə böyük təsir dairələri olan İran, eyni zamanda İraqda da güclü mövqelərə malikdir ki, bu faktor ABŞ-ın Yaxın Şərqdəki manevrlərinə əngəl ola bilir. Xüsusilə də Suriyada sürətlə ön plana çıxan İran Amerikanın 6 ildir devirməyə çalışdığı Bəşər Əsəd rejiminin bu günədək hakimiyyətdə qalmasında rol oynayan əsas güclərdən biridir.
 
Avropanın 600 milyardlıq sazişləri
 
Avropa İttifaqından olan etirazlara gəlincə, burada Avropa dövlətlərini, xüsusilə, Fransa, Almaniya, İtaliya və İspaniya nüvə anlaşmasına iqtisadi maraqları baxımından yanaşırlar.Sanksiyaların ləğv edilməsindən sonra Aİ ölkələrinin İranla bağladıqları ticarət və iqtisadi anlaşamaların dəyəri 600 milyarddan çoxdur.Əlbəttə, anlaşmanın ləğv edilməsi fonunda böhranla üz-üzə dayanmış Avropa ölkələri üçün bu, milyardlarla avro zərər demək olacaq.Buna görə də Aİ bəyanat yayaraq, ABŞ anlaşmadan çıxacağı halda bunun digər tərəf ölkələrin də sazişdən geri çəkiləcəkləri mənasını verməyəcəyini bildirib.
 
Görünən budur ki, “Altılıq”da sazişin ləğv edilməsini istəyən yeganə tərəf, ABŞ-dır.Digər yandan isə Amerika sazişi birtərəfli formada ləğv etmək səlahiyyətinə də sahib deyil.Bu, çoxşaxəli prosedur tələb edir ki, hazırkı situasiyada “Altılıq”-a daxil olan digər ölkələr bu prosesin içinə girməkdən imtina edirlər.Trampın qərarının bu baxımdan BMT Təhlükəsizlik Şurası tərəfindən dəstəklənəcəyi də problematikdir. Çünki şuraya daxil olan 5 daimi üzvdən biri bu qərara veto qoysa, qərar təsdiq olunmayacaq ki, BMT TŞ-a daxil olan 5 ölkənin 4-ü (Çin, Rusiya, İngiltərə və Fransa) Amerikanın çəkilmək qərarına qarşıdır.
 
Mənsur
Cebhe.info
 







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений