Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Allaha inanmayanlar: Ateist meyllər nə zaman və kimlərdə yaranır?



Dünyanın yaranışından bu günə qədər həyat dualizm üzərində bərqərar olub: isti-soyuq, gecə-gündüz, pis-yaxşı, mənfi-müsbət, xeyir-şər və s. Əgər bu ikilik olmasaydı, insanlıq, ümumiyyətlə canlı varlıq inkişaf etməz, yaşam tərzinin mahiyyəti mənasızlaşardı. Dualizmdə mübarizə var, inkişaf var, rəqabət var, elmi tərəqqi və cahillik var. Yaradan insana seçim azadlığı verdiyi üçün bu ikilikdən birini seçməkdə o, sərbəstdir. Bəzən yerdəyişmələr də olur ki, bu da mürəkkəb bir sistemdən keçmək vasitəsilə baş tutur. Mübahisəsizdir ki, hər bir varlıq Tanrının iradəsi sayəsində yaradılır, həyata atılır. Hər bir canlı Yaradanın nur və hikmətinin daşıyıcısıdır – Ondan gəlib Ona qayıdacağını da anlayır. Bəs elə isə Tanrının varlığına şübhə edənlər, “Allah yoxdur” deyənlər necə meydana gəlir? Özlərini ateist adlandıran bu insanlar fikirlərini nə ilə isbat edirlər? 

İlk öncə Vikipediyada ateizm haqqında yazılanlara fikir verək: “Ateizm (yun. ἄθεος - "tanrısız") Tanrının mövcudluğunu inkar edən dünyagörüşüdür. Geniş mənada, ateizm Tanrının varlığına inanmayan, Tanrının varlığını bəyan edən dini təlimləri rədd edən fəlsəfi-elmi mövqedir. “Ateist” hərfi tərcümədə “Tanrıya inanmayan” deməkdir. Ateizm anlayışının tarixi qədim yunan mədəniyyətində e.ə. V əsrə gedib çıxsa da, o, XVIII əsrdə yəhudi-xristian tanrısına inamsızlıq dünyagörüşü kimi Avropada meydana gəlib. Qərbdə ilk dəfə özünə ateist deyən fransız maarifçi filosofu baron Holbax (XVIII əsr) olub”. Ateizm termini ilk əvvəl alçaldıcı və təhqiredici epitet kimi meydana gəlmiş, mövcud dinlə münaqişədə olan istənilən şəxsə və ya doktirinaya aid edilib, lakin sonrarlar ifadə və fikir azadlığı, elmi skeptizm və dini tənqidin yaranması ilə əlaqədar, bu termin dəqiqləşərək, konkret mövqeyə — fövqəltəbiiliyi inkar edənlərə aid edilməyə başlanıb.

Uşaqlığımızdan görürdük ki, ailə üzvlərimiz, ətrafımızda olan yaşlılar Tanrının varlığını bizlərə ən müxtəlif yollarla anladır, müqəddəs sayılan ziyarətgahlara gedir, gizli də olsa, müxtəlif dini ayinləri icra edir, bəzən də əyani sübutlarda Yaradanın izlərini bizlərə anladırlar. Hüzr mərasimlərində mollaların bəhs etdiyi söhbətlər bu istiqamətdə xüsusi rol oynayırdı. Şəxsən mən pambıq sahələri quraqlığın güdazına getməsin deyə kəndimizin yaşlı kişilərinin yığışıb necə dua etdiyini, Allahdan yardım istədiyini və yarım saat sonra yağış yağdığını görmüşdüm. 

Lakin 5-ci sinifdə (1982-83) “Qədim dünya tarixi” dərslərində oxuduğum məlumatlar içimdə bir qədər şübhə yaratmışdı. Mənbədə qeyd olunurdu ki, əslində Tanrı yoxdur, onu insanlar uydurub. Uşaq zəkama görə əsaslı görünən arqumentlər mənim inanc qətiyyətimi azaltmışdı. Yaxşı yadımdadır, qonşuluqda cənazə namazı mərasimində atam “Fatihə”dən sonra salavat gətirdiyinə görə, bəzi müəllim yoldaşları onu məsxərəyə qoyub “müəllim adamsan, sən də belə şeylərə inanırsan?” demişdilər. Bütün bunlar din haqqında təsəvvürü sıfır müstəvisində olan bir uşaq üçün qəribə idi. Amma bu da uzun sürmədi...

Orta məktəbdə oxuyanda Rafael Hüseynov adlı rus dili müəllimimiz vardı. Elmi ateizmdən namizədlik dissertasiyası yazmışdı. Mövzu “Allahın varlığını inkar edən elmi sübutlar” idi. Elmi heyət yekdilliklə yazılanları qəbul edib ona alimlik dərəcəsi vermişdi. Amma o, hər zaman bizə deyirdi ki, hər araşdırma apardıqca Allahın varlığını daha aydın duydum. Onun bu sözü sinfimizdə mənim kimi içində şübhələr olan çox şagird üçün aydınlıq idi. Rafael müəllim elmin sübut edə bilmədiyi, lakin real olan cisimlərin Tanrı tərəfindən yaradıldığını izah edirdi, “Alimlər adi bir qarışqa yaratsınlar görüm, yarada bilirlər?” deyirdi. Elmi ateizm üzrə alim olan bu insan əslində Tanrını bizə ən çox tanıdan insan idi. Yaşı 30-u keçsə də, hələ evlənməmişdi. Uzun müddət ondan xəbər tuta bilmədim. Sonralar, SSRİ dağılandan sonra onun Bolqarıstana getdiyini, bir bolqar türkü ilə evləndiyini, 50 yaşlarında isə xəstəlikdən vəfat etdiyini eşitdim.

“Vikipediya”ya bir daha baxaq: “Müasir Qərb sivilizasiyasının səciyyəvi cəhətlərindən biri əhalinin geniş kütlələri arasında dinə marağın azalmasıdır. İnkişaf etmiş ölkələrdə ibadətxanalar daha az ziyarət olunur, dini ayinlərə isə daha az əməl olunur. Aqnostizm və ateizmə üz tutan insanların sayı çoxalır, hətta inanclı insanlar gündəlik həyatlarında dinə elə də mühüm yer ayırmırlar”.

Bəs bu hal nədən yaranır? Son 10 ildə özünü ateist adlandıran 20-dən artıq insanla ünsiyyətdə olmuşam. Onları saatlarla dinləmişəm. Bu gün sosial şəbəkələrdə də belələri ilə sonu bilinməyən mübahisə və müzakirələrə qoşuluram. Gəldiyim ilkin nəticə budur ki, bəhs etdiyim adamların iman dərəcəsi aşağı səviyyədədir, xarakterləri, iradələri çox zəifdir. Ortaya atdıqları arqumentlər bəzən o qədər gülünc olur ki, deməyə söz tapmırsan. Təbii ki, kommunist diktaturasında dini ədəbiyyatlar, nəzəri çıxışlar qəti qadağan idi, hətta cəza tətbiqi də nəzərdə tutulurdu. Sovet ideologiyasında Marks, Engels və Leninin qurduğu sistemdə materialist dünyagörüşü əsas yeri tutduğu üçün tanrıçılıq, İlahi hikmət inkar edilirdi. Bəs bu gün? Kifayət qədər mənbənin olduğu bir zamanda nədən maariflənmir özünü ateist adlandıranlar?

Əslində özünü ateist bilənlərin böyük çoxluğu Allaha deyil, guya Onun ədalətinə inanmırlar, sadə dillə desək, Allahdan küsənlərdir. Məsələn, Xocalı faciəsindən təsadüfən sağ çıxan bir qadın fəryadla deyirdi ki, Allah varsa, niyə gözümün qabağında 3 balamın, ərimin, qardaşlarımın işgəncə ilə öldürülməsinə göz yumdu? Bəziləri ağır xəstəlik keçirir, yataqdan dura bilmir və bütün bunların səbəbini Yaradanda gördüyü üçün Ondan üz döndərir. Dağılmış ailələrdə, xüsusən də azı bir uşaqla cəmiyyətə atılmış, ağır şərtlər altında yaşamağa məhkum olunan gənc qadınlar İlahi Ədalətin mövcudluğu haqqında deyilənləri qəbul etmir.

Özünü ateist adlandıranların az bir qismi də var ki, istedadlı və yaradıcı olsa da, psixoloji problemlər yaşayır. Onlar heç bir arqument gətirmədən Yaradanı ələ salır, Allah yolunda canını verən peyğəmbərlərə, müqəddəs insanlara iftira atırlar. Belələrinin arasında cahillər də az deyil. Bir tərəfdən hər hansı gözəgörünməz varlıqları inkar edir, digər tərəfdən müntəzəm surətdə falçı-cadugər yanına gedirlər. Bu da çox mətləblərdən xəbər verir. Belə tanınmış insanlar bir qayda olaraq həm də əxlaqsız olurlar. Ailədəki uğursuzluğu öz zəifliklərinə deyil, Tanrıya bağlayırlar. Ailə üzvlərinin əxlaqsızlığına göz yuman, ətrafını fahişə və əyyaşlar bürüyən bu adamlar “beşgünlük dünyadır”, “o biri tərəfdə heç nə yoxdur”, “o dünya haqqında deyilənlər cəfəngiyyatdır, indiyə qədər kim gəlib ki, oradan?” qənaətləri ilə yaşayırlar. Müşahidə etdiyim qədər deyə bilərəm ki, barəsində danışdıqlarım Müqəddəs Kitabımızdan bəzi ayələri tamam fərqli istiqamətdə, fəqət az biliyi olanları inandıracaq qədər əsaslı görünən arqumentlərlə “izah” edib yanlışlığa çəkirlər. Son zamanlar isə bu cür ateistlər “Allahu-Əkbər” deyib baş kəsən İŞİD-in hərəkətlərini, günahsız müsəlmanların hər yerdə qətliama uğramasını əllərində bayraq edib Allahın varlığına şübhə yaradırlar.

Tanrıya inamının sarsıldığını deyənlərin böyük bir qismi isə zalımın zülmünə qarşı çıxa bilməyənlərdir. Belələri əsasən qeyri-demokratik mühitdə uzun müddət yaşamağa məhkum olunanlardır. Vəzifədən sui-istifadə edənlərin, ədalətsiz qərar çıxaran məhkəmələrin, məmur özbaşınalıqlarının, rüşvətin, təcavüzün, korrupsiyanın, bir sözlə, anarxiyanın cəzasız qaldığını görən sadəlövh kütlə tez-tez “Bəs Allah hara baxır?” deyirlər. 

Yuxarıda adını çəkdiyim və Qərbdə ilk dəfə özünü ateist adlandıran fransız filosofu baron Holbax deyirdi: “Bütün uşaqlar ateistdirlər, çünki onlar tanrı haqqında heç bir təsəvvürə və məlumata malik deyillər”. Çox gülünc bir qənaətdir. Körpə uşaqların zəka tutumu elədir ki, onlar heç özləri və valideynləri haqqında da məlumata malik deyillər. Məgər bu, ona əsas verir ki, onlar yoxdur? 

Son on ildə oxuyub-eşitdiklərimdən o qənaətə gəlirəm ki, dünyada normal düşüncəyə malik olan heç kim Tanrının varlığına şübhə etmir. Bunu deyənlər Yaradandan incik düşənlər, iddialı və məkrli, qərəzli və acgöz insan toplumudur. Necə ki, dünyaca məşhur olan müğənni soydaşımız Sami Yusif bir müsahibəsində deyirdi: “Batmaqda olan gəmidə bir nəfər də ateist tapa bilməzsən”.

Avropa statistika orqanı (Avrostat) tərəfindən 2005-ci ildə aparılmış ən sonuncu sorğuya (Avrobarometr-2005) əsasən Avropa Birliyi vətəndaşlarının 18%-i Tanrının varlığını qəbul etmir. Statistikada deyilir ki, dünyada təxminən 1 milyard insan ateistdir. Bu rəqəmin dəqiqliyi böyük şübhə doğursa da, hər halda dünyada qatı ateistlər var. Dünyanın adlı-sanlı mütəfəkkirlərindən Protaqor, Epikur, Deni Didro, Foyerbax, Karl Marks, Fridrix Nitsşe, Fridrix Hegel, Çarlz Darvin, Mark Tven, Bernard Şou, Çarli Çaplin kimi onlarla insanın ateist olduğunu deyirlər. Lakin onların bəzisinin həyat tərzinə və yaradıcılıq nümunələrinə baxanda bu qənaətin tam real olmadığını da görmək olur. 

Daha bir statistikada dünya dövlətləri üzrə Allaha inanmayanlar sıralanıb. İlk yeri 30 faizlə Çexiya tutur. Qardaş Türkiyədə bu rəqəm 1, Azərbaycanda isə 4 faiz təşkil edir. Ölkəmizdə ateist dünyagörüşünün yaranmasında yuxarıda sadaladığım amillərlə yanaşı, başqa səbəblər də rol oynayır. Məsələn, mediada dini təbliğatın az qala şou səviyyəsinə düşməsi, din alimi adlananların eyşi-işrətdə olması, harınlıqla pul qazanması, Quran ayələrini və hədisləri məsxərəyə qoyanlara tutarlı arqumentlərlə cavab verilməməsi, ən nəhayət, bütün müsəlman coğrafiyalarında baş qaldıran zülmlər, məhəlli münaqişələr və müharibələr həyat mahiyyətini anlamayan kəsimlər üçün “Allahın olmaması” anlamına gəlir.

Fikrimin sonunda ateistlər haqqında dəfələrlə eşitdiyim bir frazanı diqqətinizə çatdırmaq istəyirəm. Bir ateistə deyirlər ki, Allahın yoxluğuna bizi necə inandıra bilərsən? Cavabında ateist deyir: “Allaha and olsun ki, Allah yoxdur!”

Səbuhi RƏHİMLİ








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений