Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Amerika kəşfiyyatçıya tapşırılır?- GÜNDƏM



ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo dövlət katibi təyin edilə bilər. Hazırkı dövlət katibi Reks Tillersonun isə işdən çıxarılacağı bildirilir. Məlumata görə, prezident Donald Tramp artıq MKİ-də Pompeonu əvəzləyəcək şəxsi də tapıb. Bu, Arkanzas ştatından respublikaçı senator, prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Tom Kottondur. Sözügedən xəbəri “New York Times” qəzeti Ağ Evdəki məmurlardan birinə istinadən əldə edib. Qərarın cari ilin sonuna qədər veriləcəyi qeyd edilir. Xatırladaq ki, Mayk Pompeonun ABŞ-ın dövlət katibi təyin ediləcəyinə dair informasiya sentyabr ayında da yayılmışdı. Reks Tillerson bu sayaq xəbərləri təkzib etsə də dövlət başçısının onun fəaliyyətindəın narazı olduğu deyilir. 

Donald Trampın bu planın həyata keçməsinə dəstək verəcəyi hələ dəqiq məlum deyil. Amma Birləşmiş Ştatların prezidenti Dövlət Departamentinin rəhbərliyində dəyişiklik etməyə hazırdır. Bu iki dövlət vəzifəsinin dəyişdirilməsi üzrə planı Ağ Evin qərargahının rəhbəri Con Kelli hazırlayıb. Həmin sənəd digər vəzifəli şəxslərlə də razılaşdırlıb. Onun həyata keçirilməsi planı isə 2017-ci ilin sonu və ya 2018-ci ilin əvvəlinə nəzərdə tutulub. 

Ötən həftə R.Tillerson diplomatların iştirakı ilə Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitinə göndərilməyib. ABŞ nümayəndə heyətinə prezident Trampın qızı İvanka başçılıq edib. Halbuki, Barak Obamanın prezidentliyi dönəmində bu sammitə dövlət katibi Con Kerri qatılmışdı. CNN iddia edir ki, Tillerson İvanka Trampı dəstəkləmək üçün nümayəndə heyətinin tərkibini məhdudlaşdırıb. Nümayəndə heyətində ən yüksək səlahiyyətli şəxs dövlət katibinin köməkçisinin müavini olub. Bununla da hazırkı dövlət katibi prezidentlə özü arasındakı münasibətlərin kəskinləşməsi səbəbindən İvankaya etinasızlığını nümayiş etdirib. 

Qeyd edilir ki, hələ oktyabr ayının əvvəlində NBC telekanalı Tillersonla Tramp arasında mübahisə yaşandığını, dövlət katibinin prezidentə “səfeh” dediyi barədə məlumat yaymışdı. Yalnız vitse-prezident Mayk Pensin xahişindən və tövsiyələrindən sonra o, vəzifəsində qalmalı olub. 

“Mən heç vaxt çıxıb getmək barədə düşünməmişəm. Mən bu posta prezidentin istəyi ilə gəlmişəm. Mən işləyəcəyəm və faydalı ola bilərəm”-jurnalistlərə açıqlamasında dövllət katibi belə deyib. ABŞ prezidenti isə özünün “Twitter” səhifəsində telekanalın bu informasiyaya görə üzr istəməli olduğunu yazıb.

Reks Tillerson özü isə “The Wall Street Journal” qəzetinə müsahibəsində daha çox diqqət mərkəzində olmasına baxmayaraq, prezidentin qısamüddətli tapşırıqlarını yerinə yetirdiyini deyib. 

“The Washington Post” sentyabr ayında yazırdı ki, ABŞ silahlı qüvvələrinin Əfqanıstandakı sayı, həmçinin Qətərin və Kubanın blokadasına dair Tramp və Tillerson arasında fikir ayrılığı yaranıb. 

Mayk Pompeoya gəlincə, o, Tillersondan fərqli olaraq, Rusiyaya meyilli adam kimi tanınmır. Bunu Pompeonun əvvəlki bəyanatlarından da görmək mümkündür. İyul ayında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyanı Amerikaya pislik etmək məqsədilə Suriya böhranının həllində iştirak etməkdə ittiham etmişdi. Pompeonun rəhbərlik etdiyi orqan eyni zamanda, Rusiyanın Suriyada İŞİD terror qruplaşmasına qarşı mübarizə aparmasına dair ciddi dəlilə malik olmadığını və ya bunun minimum səviyyədə olduğunu bildirirdi. Bundan bir müddət öncə isə MKİ Rusiyanın Amerikadakı seçkilərə dəfələrlə müdaxilə etdiyinə dair açıqlama vermişdi. MKİ-nin verdiyi məlumatda Rusiyanın yalnız 2016-cı ildə ABŞ-da keçirlən seçkilərə deyil, bir çox məsələlərə təsir etməyə çalışdığı göstərilirdi. 

Ona görə də Mayk Pompeo dövlət katibi postuna gələrsə, ABŞ-Rusiya münaasibətlərindəki gərginlik arta bilər. 

Məsələni “Cümhuriyət” qəzetinə şərh edən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin sözlərinə görə, indiki halda Reks Tillersonun vəzifədən uzaqlaşdırılması gözləniləndir: “ABŞ-da prezident Tramp və onun ətrafındakı şəxslər barəsində araşdırma aparılır. Donald Trampa yaxın olan şəxslər vəzifədən uzaqlaşdırlıır. Bir neçə şəxs artıq işdən xaric edilib. Prezidentin ətrafında qalanlar isə onunla məsafə saxlamağa çalışır. Tillersona gəldikdə isə o, Rusiya ilə əlaqələrdə şübhəli bilinir. Tillerson hələ “Exxon Mobil” şirkətinə rəhbərlik etdiyi dövrdə Rusiyanın rəhbərliyi ilə əlaqələrə malik olması barədə xəbər yayılmışdı. Eyni zamanda, Tillersonla prezident Tramp arasında müəyyən məsələlərə baxış fərqi var. Onların şəxsi münasibətlərində problem olması barədə də mətbuata məlumatlar sızır. Bu baxımdan, yaxın “Russiageyt” işin dərinləşəcəyini düşünürəm. Tramp ya vəzifədən kənarlaşdırılacaq, ya da yürütdüyü siyasətin qarşısı alınacaq. Ona görə də Trampın siyasətinə dəstək verənlərin yaxın aylarda vəzifəsindən uzaqlaşdırlmaqla bu prosesin başa çatacağını düşünürəm”.

Mayk Pompeonun dövlət katibi postuna təyinatı ABŞ-ın xarici siyasətində hansı yeni addımlarla müşahidə oluna bilər? 

Politoloq bildirdi ki, İran, Şimali Koreya və Rusiya ilə münasibətlərin ABŞ üçün başlıca milli təhlükəsizlik təhdidi olduğu bir vaxtda MKİ rəhbərinin dövlət katibi postuna gətirilməsinə Konqres tərəfindən müsbət baxıla bilər.

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений