Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

AMİP sədrliyinə yeni İDDİAÇI -“Əsgər general olmaq istəmirsə...”



Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) uzun müddətdir ki, sədrsiz fəaliyyət göstərir. AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifətdə təmsil olunan AMİP-in qurucusu Etibar Məmmədovdur. O,  2004-cü ilin sonunadək partiyanın sədri olub.

E.Məmmədovdan sonra AMİP-ə Əli Əliyev, sonra Ayaz Rüstəmov sədrlik edib. A.Rüstəmov 2007-ci ildə səhhətində yaranan problemlər səbəbilə sədrlikdən istefa verib. Ondan sonra partiyanın başına gələn Yusif Bağırzadə isə 2015-ci ilin oktyabrında AMİP sədrliyindən istefa verib və o gündən  partiyanın sədri postu boşdur.

Maraqlıdır, AMİP yeni sədrini nə vaxt seçəcək? Partiya sədrliyinə kimlər iddialıdır?

AMİP Siyasi Şurasının üzvü Əli Orucov Cebhe.info-ya açıqlamasında yaxın zamanlarda qurultayın keçiriləcəyini istisna etməyib:

“Bu məsələ hələ də açıq qalır. Əslində qurultayın keçirilməsində elə ciddi problem yoxdur. Çünki qurultay nümayəndələri seçilib, hesabat seçki yığıncaqları, konfranslar başa çatıb. Qurultayın keçirilməsinə çoxdan hazırıq. Lakin bir müddət öncə partiya sədrinin qəfil istefası baş verdi. Müəyyən seçki prosesləri başladı, prezident seçkiləri keçirildi. Bu amillər qurultayın keçirilməsini təxirə saldı. Hər halda yəqin ki, yaxın zamanlarda partiyanın aidiyyatı qurumları bu məsələni dəyərləndirəcək. Qurultayın keçirilməsi üçün partiyanın mərkəzi şurasının çağrılmasına ehtiyac var. Çünki nizamnaməyə əsasən qurultayı mərkəzi şura çağırımalıdır”.

Əli Orucov sədrliyə iddialı olduğunu da vurğulayıb: “Təbii ki, sədrliyə iddialı olduğumu açıq şəkildə demişəm. Partiya yaranandan Siyasi Şuranın üzvüyəm. Hələ 1995-ci ildə partiyanın mərkəzi qollarında müxtəlif vəzifələr tutmuşam. Yəni, partiyanı, üzvlərini daha yaxşı tanıyıram. Partiyanın siyasi xəttini daha yaxşı bilirəm. Əsgər general olmaq istəmirsə, deməli yaxşı əsgər deyil. Hər bir kəsin iddiası ola bilər. Xüsusilə də siyasətlə məşğul olan insanın iddiası yoxdursa, onun bu cameədə olması da qəribə səslənir. İddiasız siyasətçi ola bilməz”.

Vilayət Muxtar
Cebhe.info 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений