Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

AŞPA-Azərbaycan gərginliyi: İtirən kim olacaq?



Son vaxtlar Azərbaycana  kənardan, xüsusilə, Qərb mediasından edilən təzyiqlərin arxasındakı sirr pərdəsi aralanmağa başlayıb. Kampaniyanın görünməyən tərəfini açan ilk açıqlama Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-spikeri Arpina Ovanessiyandan gəldi. O, AŞPA-nın bu ilin dekabrın 8-də keçiriləcək payız sessiyasında Azərbaycanın bu qurumdakı səsvermə hüquqlarının dondurulacağını istisna etməyib. Erməni spiker bu məsələdə son zamanlarda Qərb KİV-lərində Azərbaycan əleyhinə yayılmış məlumatların əsas götürüləcəyini bildirib.

Azərbaycanlı ekspertlər də aparılan kampaniyada əsas məqsədin Azərbaycanın AŞPA-da fəaliyyətinin dayandırılması olduğunu deyirlər. Hesab olunur ki, Rusiyada Azərbaycana qarşı kampaniya başlatmaq cəhdləri baş tutmayan erməni lobbisi və diasporu bu planlarını Qərb mediası və bir sıra siyasi institutları üzərindən reallaşdırmağa cəhd edirlər. 

“AŞPA-da Azərbaycana qarşı birmənalı mövqe yoxdur, amma...”

Politoloq Zaur İbrahimli “Cümhuriyət” qəzetinə açıqlamasında xarici KİV-lərdə Azərbaycan əleyhinə başladılan kampaniyanın arxasında bütövlükdə Qərb dövlətlərinin dayandığı barədə fikir yürüdərkən ehtiyatlı olmağı vacib sayıb. Təfərrüatların hələ tam aydın olmadığını diqqətə çatdıran politoloqun sözlərinə görə, hansısa dairələr bu cür təzyiq və təsir metodu seçiblər: “Amma bunu bütövlükdə Qərb ölkələri kimi ifadə etmək doğru olmazdı. Azərbaycan hökuməti bununla bağlı rəsmi cavab verib. Bu cavab kifayət qədər aydın şəkildə, Azərbaycanın mövqeyini ortaya qoyub. Aparıcı Qərb ölkələri - ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya Azərbaycanla kifayət qədər sıx əməkdaşlıq edirlər. Azərbaycanın son illər həyata keçirdiyi beynəlxalq nəqliyyat dəhlizləri layihələri, Cənub Qaz Dəhlizi layihəsi bu ölkələr tərəfindən dəstəklənir. Beynəlxalq maliyyə institutları bu layihələrin maliyyələşdirilməsində fəal iştirak edirlər. Eyni zamanda bu ilin fevral ayından Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında yeni sazişın imzalanması ilə bağlı danışıqlar başlayıb”.

AŞPA məsələsinə gəlincə, Zaur İbrahimli Azərbaycanın səsvermə hüququndan məhrum ediləcəyinə inanmadığını deyib: “Azərbaycan AŞPA-nın fəal üzvlərindən biridir və rəsmi Bakı bu müstəvidə hər zaman yeni təşəbbüslərlə çıxış edir. AŞPA-nın məruzəçiləri müntəzəm olaraq Azərbaycana səfərlər edirlər. Son səfər iki ay əvvəl baş tutub. Şübhəsiz ki, AŞPA-da da Azərbaycana yanaşmada birmənalı mövqe yoxdur. Bəzi qruplar hesab edir ki, insan haqları, demokratiya məsələlərində Azərbaycana qarşı daha sərt mövqe tutmaq zəruridir. Digər qruplar düşünürlər ki, bu məsələlərdə əməkdaşlıq, dialoq yolu daha məqsədəuyğundur. AŞPA-da dəfələrlə bu məsələlər müzakirə olunub və ikinci yanaşma üstün gəlib. Düşünürük ki, bu dəfə də istisna olmayacaq”.

“Bu, ermənilərin arzusudur”

Politoloqun sözlərinə görə, ermənilər arzu edirlər ki, Azərbaycan AŞPA müstəvisində zəifləsin: “Bunun üçün əllərindən gələni edirlər. Qarabağ münaqişəsi ilə bağlı AŞPA Azərbaycanın mövqeyini dəstəkləyib və bu, İrəvanda qıcıq doğurur. Bütün lobbi və şantaj cəhdlərinə baxmayaraq, Azərbaycan fəallığını davam etdirib. Əgər AŞPA-da Azərbaycanın səsvermək hüququnun alınması ilə bağlı çağırışlar səslənəcəksə, bu ikili standartın nümayişi olacaq. Hər halda Azərbaycanda Ermənistandakı kimi prezidentliyə namizəd güllələnməyib, parlament gülləbaran edilməyib, dinc nümayişçilərə pulemyotlardan atəş açılmayıb. Azərbaycan heç bir ölkənin torpaqlarını işğal etməyib. AŞPA belə prinsipiallığı ermənilərə münasibətdə göstərməlidir. Ən azı Azərbaycan torpaqlarının 20%-ni işğal etdiyinə görə, dinc sakinləri qətlə yetirdiyinə, Xocalı soyqrımını törətdiyinə görə AŞPA bu illər ərzində səhv olaraq balans siyasətinə üstünlük verib. Ermənistana qarşı daha təsirli tədbirlər görməyib. Bütün bunların müqabilində AŞPA-da Azərbaycana qarşı adekvat olmayan qərarlar veriləcəksə, bu, qurumun özünəgüvəni sarsılacaq. Şübhəsiz ki, Azərbaycan hökuməti də AŞPA-nın tövsiyyələrinə daha diqqətlə yanaşmalı və konstruktiv əməkdaşlığın davam etməsi üçün səy göstərməlidir. AŞPA kifayət qədər effektiv işlədiyimiz bir platformadır və Azərbaycan mövcud imkanlardan daha çox yararlanmaq üçün işini davam etdirməlidir”.

“Bizi hansı adla oradan çıxaracaqlar?”

Siyasi analitik Azər Həsrət “Cümhuriyət” qəzetinə açıqlamasında bu təzyiqlərin birbaşa AŞPA ilə bağlı olduğunu düşünmədiyini deyib. Amma o, istisna etməyib ki, Azərbaycanın beynəlxalq imkanlarının əngəllənməsi üçün bəlli mərkəzlər hərəkətə keçiblər: “Bu, davamlı prosesdir və ilk dəfə deyil ki, belə hallar yaşanır. Amma həmin qüvvələr istəklərinə nail ola bilməyəcəklər. Çünki Azərbaycanı AŞPA-dan hansı adla çıxara bilərlər? Azərbaycanla konkret hansısa problemlərin həllini müzakirə etmək istəyirlərsə, biz həmişə müzakirələrə açıq olmuşuq, AŞPA-nın tribunasından da bunu dilə gətirmişik. Ümumiyyətlə, bu hücumları təşkil edən qüvvələr Azərbaycanın möhkəmlənən beynəlxalq mövqelərini sarsıtmaq istəyirlər. Çünki Azərbaycan sabit və dayanıqlı dövlətdir. Belə məqamlar Qərblə yanaşı, Ermənistanı da narahat edən məsələlərdir. Həmin qüvvələr əl-ələ verərək, Azərbaycanda sabitliyi pozmağa cəhd edirlər. Başqa sözlə, təkcə AŞPA-dakı yox, Azərbaycanın bütün beynəlxalq mövqelərinin zəiflədilməsinə çalışılır. Əlbəttə, bu cəhdlər nəticə vermir”.

Mənsur Rəğbətoğlu
Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений