Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

AŞPA-nın “ədalət”i: Ermənistandan niyə yan keçir? 



Azər Həsrət: “Səməd Seyidova qarşı sanksiyanın qəbul olunması əsassızdır və qərəzlidir”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla bağlı tutduğu mövqe birmənalı qarşılanmır. Belə ki, bir neçə gün öncə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi korrupsiyada adı hallanan AŞPA üzvlərinə qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar Pedro Aqramunta 10 il, digər üzvlər Sezar Florin Preda, Səməd Seyidov və Cordi Xuclaya qarşı 2 il ərzində qüvvədə olacaq. Maraqlıdır, AŞPA Azərbaycana qarşı mövqeyində qərəzlidir, yoxsa ədalətli? Əgər ədalətlidirsə, öz yurd-yuvasından didərgin düşmüş 1 milyondan artıq azərbaycanlının hüquqları ilə bağlı Ermənistana niyə sanksiya tətbiq etmir? Faktiki olaraq Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən 1 milyon artıq qaçqın və məcburi köçkün var.

Bəs, AŞPA onların hüquqlarına niyə ədalətli yanaşmır?

Siyasi-şərhçi Azər Həsrət Cebhe.info-ya açıqlamasında AŞPA-nın yanaşmasının ciddi olmadığını deyib: “Baş verməkdə olan hadisəni əvvəldən izləyirəm. Orada bir məqam diqqətimi cəlb etmişdi və sona qədər gözlədim ki, bu məsələyə aydınlıq gətiriləcəkmi? Dünən Səməd Seyidovun dediyi sözlər də şübhələrimi bir daha təsdiqlədi. Səməd Seyidov dedi ki, onu 3 saat ərzində sorğu-sual ediblər, izahat istəyiblər. Sadəcə olaraq bir növ boynuna qoymaq istəyiblər ki, pozuntulara yol verib. Amma o da qeyd etdi ki, bunu təsdiq edəcək dəlillər ortaya qoymayıblar. Bu, əlbəttə ki, ciddi yanaşma deyil. Ciddi olsaydı, konkret şəxslər çıxıb dəlillərlə, faktlarla ortaya qoyardılar”. 

Ekspert hesab edir ki, AŞPA-nın cəzalandırdığı deputatlar erməni işğalını adı ilə deyənlərdir: “Digər tərəfdən burada diqqət çəkən məqam ondan ibarətdir ki, cəzalandırılan deputatlar bu və ya digər şəkildə Azərbaycana rəğbət bəsləyənlərdir. Pedro Aqramunt başda olmaqla, o deputatlara sanksiya tətbiq olunub ki, onlar Azərbaycanın ərazi bütövlüyünü, erməni təcavüzünü tanıyırlar, hadisələri öz adı ilə çağırırlar. Məhz həmin adamlar cəzalandırılıb”.

A.Həsrət sonda vurğulayıb ki, AŞPA-nın ölkəyə qarşı olan yanaşmasının səbəblərini Azərbaycan parlamenti araşdırmalıdır: “Xatırlayırsızsa, Səməd Seyidov aprel ayında AŞPA-da çıxış edərək Azərbaycana qarşı olanları sərt şəkildə tənqid etmişdi. Ermənistanda bu yaxınlarda seçki keçirildi, prezident və ardınca da baş nazir seçildi. AŞPA-da bunu bəh-bəhlə qəbul etdi. Amma nəticədə erməni xalqı ayağa qalxıb məhz seçilmiş baş naziri devirdi. Əgər doğrudan da AŞPA-nın dediyi kimi Ermənistanda keçirilən seçkilərdə xalqın iradəsi əks olunmuşdursa, necə olur ki, inqilab oldu. Halbuki Azərbaycanda da seçki keçirildi və AŞPA-nın dediyinin əksinə olaraq Azərbaycan xalqı nəticələri qəbul etdi.

Bu faktlar göz önündə varkən, Səməd Seyidova qarşı sanksiyanın qəbul olunması əsassızdır və qərəzlidir. Düşünürəm ki, Azərbaycan parlamenti bu məsələnin üzərinə gedilməsi və araşdırılması üçün konkret addımlar atmalıdır. Niyə bizim üzərimizə açıq şəkildə gəlirlər? Niyə Azərbaycana qarşı bu cür yanaşma sərgilənir? Hesab edirəm ki, bu sualların cavabı verilməlidir. Milli Məclis  çıxış yolu tapmalıdır ki, bundan sonra Azərbaycanın üzərinə bu cür gələ bilməsinlər”.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений