Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

ATƏT Azərbaycanı Rusiyaya doğru itələyir



ATƏT Azərbaycanı Rusiyaya doğru itələyir

ATƏT-in müşahidə missiyasının Azərbaycanda prezident seçkilərinin nəticələri barədə rəyi rəsmi Bakının Qərblə münasibətlərində növbəti siyasi gərginlik yarada bilər. Bu isə seçkidən sonra Avropa və ABŞ-la münasibətlərdə yaxınlaşmanın baş verəcəyinə dair ehtimalları aradan qaldırır. Belə ki, bir sıra siyasi müşahidəçilər seçkilərdən sonra Azərbaycanda geniş siyasi və iqtisadi islahatların olacağını proqnozlaşdırırdı. Həmin rəylərə görə, Azərbaycan hökumətində uzun illər işləmiş və yaşlı vəzifə sahibləri cavan, texnokrat kadrlarla əvəz oluna bilər. 

Eyni zamanda, rəsmi Bakının demokratiya və insan hüquqları sahəsində Qərblə bir müddətdir davam edən fikir ayrılığını aradan qaldırmaq üçün real addımlar atacağı deyilirdi. Xüsusilə də siyasi məhbusların azad olunması ilə bağlı Qərbin tələbləri may ayında verilməsi gözlənilən Amnistiya Aktı ilə təmin oluna bilər. Yəni münasibətlərdəki “buzların əriməyə” başladığı bir vaxtda ATƏT-in seçkilərin nəticələrini şübhə altına alan açıqlama ilə çıxış etməsi prosesə mənfi təsir göstərir. Qərb Azərbaycandan demokratik islahatlar və Avrointeqrasiya kursu tutmağı tələb etdiyi halda ikitərəfli münasibətlərin pozulmasına səbəb olan addım atıb.

Halbuki, bunun tam əksi olaraq, Avropa qurumları və ABŞ Azərbaycandakı seçkilərin nəticəsini müsbət qiymətləndirməklə qarşılıqlı münasibətlərdə yumşalmaya nail ola bilərdi. Bu isə öz növbəsində, Azərbaycanın Rusiyanın təsir zonasından uzaqlaşmasında maraqlı olan Qərbin geostrateji maraqlarına uyğun gəlir. Əgər Qərblə münasibətlərdə gərginlik yenidən artan xətt üzrə gedərsə, Rusiya yaranmış vəziyyətdən istifadə edərək Azərbaycanı özünün siyasi orbitinə daxil etmək üçün yenidən fəallaşacaq. Ona görə də Rusiya müşahidəçilərinin müsbət rəy verdiyi seçkilərdə Qərbin tam alternativ mövqe sərgiləməsi Azərbaycanı əks geosiyasi qütbə tərəf uzaqlaşdırır.   

 

Politoloq Tofiq Abbasovun sözlərinə görə, Azərbaycan Qərbin münasibətlərində əsas anlaşılmazlıqlar insan haqları və demokratiya məsələləri ilə bağlıdir. Hətta bəzi vaxtlarda bu fikir ayrılığı gərginlik mərhələsinə çatıb. Lakin ekspert hesab edir ki, mövcud narazılıqlar əlaqələrin kəsilməsinə səbəb olacaq səviyyədə deyil. Bununla yanaşı, Qərbdə Azərbaycan qarşı sistemli şəkildə fəaliyyət göstərən qüvvələr də var. Bununla da həmin qurumlar və tənqidi dairələr Azərbaycandakı vətəndaş cəmiyyətinə özünün mövcudluğunu nümayiş etdirməyə çalışır: “Həmin institutlar və onların nümayəndələri Azərbaycanın dediyini eşitmək istəmirlər, eyni zamanda çalışırlar ki, Azərbaycana qarşı tənbehedici, sanksiyalaşdırıcı tədbirlər görsünlər. Məncə biz Avropa institutlarının, onların siyasi müşahidəçilərinin belə mövqedən çıxış etməsinə adət etmişik. Əslində, Qərbin başlıca məqsədi Azərbaycanı Rusiyadan uzaqlaşdırmaqdır. Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində də Azərbaycana təzyiqləri artırmaqda davam edirlər. Bununla da Azərbaycanı Qərb standartlarına yaxınlaşdırmağa çalışırlar və Rusiyanın orbitindən çıxartsınlar.

Belə demək mümkünsə, Qərb Azərbaycanı öz çənginə almaq istəyir. Artıq Moldova, Ukrayna və Gürcüstan ilə artıq Avropa Birliyi ilə Assosiasiya Sazişini imzalanmasına nail olublar. Hətta bu yaxınlarda Ermənistan da Şərq Tərəfdaşlığı Proqramı şərşivəsində Avropa Birliyi ilə “Genişlənləndirilmiş və Hərtərəfli Saziş”ə natamam şəkildə qol çəkdi. Assosiasiya Sazişi”ni imzaladıqdan sonra Gürcüstan, Ukrayna və Moldovada köklü surətdə hər hansı dəyişiklik baş vermədi. Məqsəd altı post-sovet ölkəsini Rusiyadan ayırmaqla, onların tranzit infrastrukturunu ələ keçirməkdir. Hətta keçmiş SSRİ-nin üç Baltikyanı ölkəsi, xüsusilə də Latviya və Litva Avropa Birliyinə üzv olduqdan sonra böyük problemlərlə üzləşdilər. Bir az çevik mövqeyə üstünlük verən Estoniyanın xarici siyasəti balanslaşdırılıb. İstehsalatda baş verən inkişaf da Estoniyanın özünün xidmətidir. Avropa Birliyi Sovetdən qalmış sənaye və istehsal infrastrukturunu dayandırmadı. Ancaq investisiyalar gəlib çıxmadı. 

Yəni Azərbaycanı, Ukraynanı, Gürcüstanı, Moldovanı, Belarusu da Rusiya bazarından ayırmağa və özlərinə bağlamağa çalışırlar. Bunu da Avropa standartlarının qat-qat üstün olması ilə izah edirlər. Bu yolla Rusiyanı təkləmək istəyirlər. MDB ölkələrində müəyyən qədər bazar var. Amma Qərb bildirir ki, gərək biz deyənlə hərəkət edəsən. Bunlar isə volyuntarist gedişlərdir. Çünki Azərbaycanın hər bir ölkə ilə əlaqələri, ticarət dövriyyəsi var. Həmin əlaqələri qırmaqla heç nə əldə etmək olmaz. Bu zaman-zaman gedən prosesdir. Azərbaycanın enerji daşıyıcıları Avropa bazarlarına çıxır, hərbi sahədə NATO standartlarına yiyələnmişik, menecmentdə Avropa standartlarını tətbiq edirik və sairə. Yəni Azərbaycan onların diktəsi ilə deyil, öz yolu və planı ilə hərəkət etməlidir.

Əgər Azərbaycan düşünmədən Assosiasiya Sazişinə imza atsa, bu indiki şəraitdə əlverişli sayıla bilməz. Rəsmi Bakının ehtiyatlı mövqe sərgiləməsi Qərb dairələrinin xoşuna gəlmir. Ona görə də son mərhələdə bu proseslərin hamısı siyasi müstəviyə keçir. Onlar qarşı tərəfi dinləməyə deyil, yalnız əməl etməsinə razıdırlar. Bu münasibətin özü nə dərəcədə demokratikdir? Bu baxımdan, hesab edirəm ki, Azərbaycan prinsip etibarı ilə düzgün mövqedədir və kortəbii şəkildə Qərbin dediyinə əməl etmir, özünün iqtisadi, maliyyə institutlarını prioritetlərimiz səviyyəsində inkişaf etdirir”. 
Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений