Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

ATƏT-in iki üzü:Seçkidəki “prinsipiallıq” Qarabağda niyə yada düşmür?



ATƏT-in Seçki Müşahidə Missiyası (SMM) aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb.

“Cümhuriyət” qəzeti xəbər verir ki, bəyanatda Azərbaycanda prezident seçkilərinin “həqiqi rəqabətin olmadığı şəraitdə” keçdiyi iddia edilir. Missiya bildirib ki, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri “hüquq və azadlıqların məhdudlaşdırıldığı mühitdə” baş tutub.

Qeyd edək ki, SMM-ın üzvləri ilkin rəylərində seçkilərin normal mühitdə baş tutduğunu bildirmişdilər. Lakin Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərlə bağlı son nəticələri elan etdikdən sonra, hansısa səbəbdən “prinsipiallıq” nümayiş etdirən ATƏT müşahidəçiləri nəticələri “qeyri-legitim” adlandırmağa cəhd edərək, növbəti dəfə Azərbaycana qarşı mövqedə ikili standartlar içində olduqlarını açıq formada bildirdilər.

Halbuki vaxtilə həmin ATƏT-in nəzdində qurulmuş Minsk qrupu 24 illik fəaliyyəti dönəmində bir dəfə də Dağlıq Qarabağ münaqişəsinin həll prosesində Azərbaycanın haqlı tələblərini müdafiə etməyib. Əksinə, keçən 24 il vaxt ərzində işğalçı tərəfin - Ermənistanın maraqlarını müdafiə edilməsi səylərini davamlı edən Minsk qrupuna üzv olan dövlətlər - ABŞ, Fransa və Rusiya ayrı-ayrı vaxtlarda işğal edilmiş Qarabağdakı erməni separatçıların liderini və “səlahiyyətli nümayəndələri”ni yüksək səviyyədə qarşılayıblar. Ermənistanın hər 3 ölkədəki səfirliklərində Qarabağ separatçılarının “nümayəndəliklərinin” fəaliyyət göstərməsi də, həmişə Azərbaycanda ATƏT-in “sülhyaratma missiyası”nın tərkib hissəsi kimi qəbul edilib.

ATƏT-in “prinsipləri”

1994-cü ildə Bişkekdə Ermənistan və Azərbaycan arasında atəşkəs sazişi imzalandıqdan sonra münaqişənin həlli Minsk qrupuna həvalə edildi. Həmin vaxt bu vasitəçilik missiyası 1 il üçün nəzərdə tutulmuşdu, amma nə həmin 1 il ərzində, nə də qarşıdakı on illiklərin heç bir ayında da münaqişənin həllinə doğru bir addım atmaq istəməyən həmsədrlər ortaya atdıqları səmərəsiz variantlarla konfliktin qarşıdurma həddinə qalxması ilə yanaşı, Ermənistan və Azərbaycan arasındakı düşmən münasibətlərin bir qədər də dərinləşməsində böyük rol oynadılar. Üstəgəl, ayrı-ayrı dönəmlərdə Ermənistan və Azərbaycanın anlaşmağa yaxın olan vaxtlarda da, müsbət irəliləyişlər əldə edilməsinə şərait yarada biləcək prosesi tormozlomaqla hazırkı status-kvonun saxlanılmasında maraqlı olduqlarını, yəni, problemin həlsiz qalmasının məqsədlərinə uyğun olduğunu nümayiş etdirdilər.

Ermənipərəst həmsədrlər

Bir tərəfdən də dəfələrlə Ermənistanın açıq təxribatlarına rəsmi cavab verməyən ATƏT-in Minsk qrupu heç bir dönəmdə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini rəhbər tutaraq, işğalçını öz adıyla çağırmayıb. Əksinə, ümumi bəyanatlar verməklə, münaqişədə haqlı tərəf olan Azərbaycanın tələblərini də gözardı edib. Amerikanın Minsk qrupundakı keçmiş həmsədri Ceyms Uorlikin Tvitter-də açıq formada qarşıdurma mühitində həlak olan erməni hərbçilərinə görə üzüntüsünə dair paylaşımlar etməsi də, uzaq tarixdə baş verməyib. Halbuki həmin vaxt təxribatçı Ermənistan idi və bu qarşıdurmada 2 azyaşlı Azərbaycan vətəndaşı öldürülmüşdü.

Üstəgəl, yaxın günlərdə separatçıların lideri Bako Saakyanın Vaşinqtona dəvət edilərək, Konqresdə dinlənilməsini də həmsədrlərdən biri təşkil edib. Digər həmsdər Fransanı desək, bu ölkə Ermənistanı özünün “kiçik bacısı” hesab etdiyi halda, Rusiya Dağlıq Qarabağın işğal edilib Ermənistanın nəzarətinə verilməsinin müəllifidir və 24 ildir öz həllini tapmayan münaqişənin həlsiz qalmasında əsas iştirakçıdır. Qarabağdakı müharibəni də Rusiya başlamışdı.

İtirilmiş vaxt

Başqa sözlə, ATƏT-in Qarabağ münaqişəsinə qol qoyması, həll prosesini dalana dirədi. Halbuki bu təşkilatın əsas missiyası Avropada təhlükəsizliyin təmin edilməsi işini həyata keçirmək və qitəni təhdid edən regional münaqişələri həll etməkdir. Ukrayna, Moldova və Gürcüstandakı münaqişələrə beynəlxalq hüquq normaları prizmasından yaxınlaşan ATƏT-in Qarabağ məsələsinə yanaşması isə İrəvanın mövqeyindən heç nəyi ilə fərqlənmir. Elə buna görədir ki, bütün dönəmlərdə ATƏT-in vasitəçiliyindən imtina edilməsi həmişə Azərbaycanda gündəmdə olub. Son hadisələr də göstərir ki, ATƏT-in buradakı fəaliyyəti vaxt itkisindən başqa heç nə deyil.

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений