Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Avro bazarı silkələyir: Küləyi dolları da vuracaq?



Dünya birjalarında baş verən dalğalanmalar avronun xeyrinə işləyir. Belə ki, ekspertlər avronun məzənnəsinin yaxın günlərdə dollara nisbətən güclənəcəyini bildirirlər.

Dünya birjalarında avro-dollar məzənnəsi keçən həftə olduğu kimi 1.2320 dolların üzərində təklif edilməkdədir. Lakin avronun yenidən 1.2430 dollar və 1.2550 dollara kimi bahalaşa biləcəyi proqnozları güclü olaraq qalır. Ümumiyyətlə, son günlərdə birjalarda avronun digər dövriyyəli valyutalara görə möhkəmlənməsi diqqətləri cəlb edir. Maraqlıdır, avronun güclənməsi dollara necə təsir göstərəcək?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə şərhində avro-dollar münasibətlərinə FED-in iclasından sonra aydınlıq gələcəyini deyib:

“Əslində dollarla bağlı ən vacib məqamlara yaxın 1 həftədə aydınlıq gətiriləcək. Çünki yaxın günlərdə Federal Ehtiyatlar Departamentinin (FED) növbəti iclası gözlənilir. Bu toplantıda səslənən fikirlər, veriləcək qərarlar çox önəmli olacaq. Son 2-3 gündə dollar indeksində azalmaların müşahidə olunmasının əsas səbəbi siyasidir. Çünki ABŞ prezidenti Donald Trampın “ticarət müharibəsi”nə başlaması ilə bağlı açıqlamaları oldu. Xüsusilə də dəmir qiymətli metalların ölkəyə giriş qiymətlərinin yüksəldilməsi, öz istehsalçılarının hüquqlarını qorumaq adı altında Ümumdünya Ticarət Təşkilatının qaydalarına uyğun olmayan məsələlərin gündəmə gəlməsi dolların zəifləməsi ilə nəticələndi. Yəni, dollara daha çox siyasi ritorika təsir etməyə başladı. Ona görə də avronun məzənnəsində yüksəlmə qeydə alındı. Burada çarpaz asılılıq var. Dollar ucuzlaşanda həm yapon yeni, həm də avronun bahalaşması müşahidə olunur. Yaxın bir həftədə isə bu prosesin istiqaməti bəlli olacaq. Əgər FED toplantısı gözləntiləri qarşılaya bilməsə və bazarlarda formalaşan fikirlərə tam cavab verməsə, faiz artımı ilə bağlı qərar verilməsə və ya çox yumşaq bəyanatlar verilsə, dolların yenidən dəyərdən düşməsi prosesi baş verə bilər. Ancaq düşünürəm ki, faiz artımı mütləq olacaq və bu il ərzində FED bir neçə dəfə dolların uçot dərəcəsini artıracaq. Bundan sonra dolların məzənnəsinin sabitləşməsi və hətta möhkəmlənməsi prosesi başlaya bilər. Dolların dünya ticarətində rolu o, qədər böyükdür ki, təxminən dünya ticarətinin 70-75 faizi məhz dollarla aparılır. Bu baxımdan dolların qısa zamanda zəifləməsi mümkün görünmür. Buna illərlə zaman lazımdır”.

Ekspert avronun dəyər qazanmasının Azərbaycana təsirinə toxunaraq vurğulayıb ki, bu Avrozonadan gələn malların bahalaşmasına səbəb olub:

“Avronun bahalaşması artıq Azərbaycana təsir göstərib. Əsasən Avrozonadan Azərbaycana gətirilən neçə növ məhsullar var ki, artıq onların qiymətində artım müşahidə olunur. Dərman, avtomobil və ehtiyat hissələri, uşaq yeməkləri və bezləri, bəzi ərzaq məhsulları var ki, Avrozonadan gətirilir və artıq onların qiyməti bahalaşıb. Azərbaycan Mərkəzi Bankı çox qəribə mövqe tutub. Dollar-manat məzənnəsini inzibati qaydada sabit saxlayır və dolların dəyər itirməsindən asılı olmayaraq onu avro üzərindən məzənnəyə yansıdır. Son 1 il ərzində avronun Azərbaycanda  20 faizdən çox bahalaşması müşahidə olunub. Bu da Avrozonadan gələn məhsullara ciddi təsir göstərir”.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений