Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

AXC-100: ”Cümhuriyyət kompleksi”nin yaradılması təklif edilir



Bu il Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100-cu ildönümüdür.

Qeyd edək ki, prezident İlham Əliyev 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyət ili” elan olunması ilə bağlı sərəncam imzalayıb. AXC-nin 100 illiyi ilə bağlı müxtəlif işlər görülür, müxtəlif təkliflər verilir. Bununla bağlı Milli Məclisdə də müxtəlif təkliflər səslənib. Ümumiyyətlə, Cümhuriyyətin 100 illiyini öncəki illərlə müqayisədə daha böyük formatda keçirilməsi nəzərdə tutulur. Bütün bunlara baxmayaraq ölkə ərazisində Cümhuriyyəti tam şəkildə ehtiva edən, onun qurucularının xatirəsini əbədiləşdirən abidə yoxdur. Maraqlıdır, AXC-nin 100 illiyində abidələr kompleksi yaradıla bilərmi?

“Böyük Cümhuriyyət muzeyinin qurulmasına ehtiyac var”

“Borçalı” cəmiyyətinin sədri, politoloq  Zəlimxan Məmmədli “Cümhuriyət” qəzetinə açıqlamasında belə bir kompleksin yaradılmasını vacib hesab edib: “Azərbaycanın Cümhuriyyət tarixi müsəlman şərqi ilə bağlıdır. Yəni, Azərbaycan müsəlman Şərqinə örnək olan bir prosesin, konstitusiyalı, demokratik prinsiplərə əsaslanan Cümhuriyyətin əsasını qoydu. Bu tarixi təqdim etməklə Azərbaycan xalqının gücünü, çağdaş zamana uyğun təfəkkürünü çatdıra bilərik. Hesab edirəm ki, təkcə abidə ilə yox, həm də Məhəmməd Əmin Rəsulzadənin “Azadlıq” meydanında abidəsi qoyulmalıdır. Əslində Rəsulzadənin abidəsinin Bakının ən görkəmli yerində qoyulması haqq işidir. İstəyərdik ki, Cümhuriyyətin 100 illiyində Rəsulzadə öz layiq olduğu yerdə qərar tutsun. Bu gün bir sıra davranışlar var ki, bunlar bizə yaraşan deyil. Rəsulzadə bir sütundur, türklüyün, dövlətçiliyin simasıdır. 

Çağdaş dünyaya təqdim olunacaq böyük demokratdır. Azərbaycan dövlətçiliyinin memarıdır. Hətta cümhuriyyətçilərin abidəsinin qoyulması vacibdir. Hesab edirəm ki, bunlarla yanaşı Azərbaycanın bu istiqlalı qazanmasında yardımçı olan Nuru Paşa və əsgərlərinin şərəfinə möhtəşəm adibə qoyulmalıdır. Doğrudur, Şəhidlər Xiyabanında türk şəhidliyi var, amma Nuru Paşanın adına parkın salınması yaxşı olardı. Böyük Cümhuriyyət muzeyinin qurulmasına ehtiyac var. Cümhuriyyətin 100 illiyində öyünə biləcəyimiz işlərlə yadda qalmalıyıq. Milli demokratiya, keçid sistemi, insan haqları ilə bağlı ciddi addımlar atılmalıdır. Düşünürəm ki, bu cür addımlar gəncliyin yetişməsində də önəmli rol oynaya bilər”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev abidələr kompleksinin yaradılmasının zəruri olduğunu deyib: “Biz Məhəmməd Əmin Rəsulzadənin abidəsinin paytaxtın ən hündür, ən gözəl yerində ucaldılmasının vacibliyini bildirmişik. Amma inanımıram hökumət bunu edə. İllərdir, Bakı Dövlət Universitetinin həyətinə bir heykəli qoymurlarsa, belə bir kompleksi də yaradacaqlarına ümid etmirəm. Rəsulzadə ilə yanaşı onun silahdaşlarının, AXC-nin qurulmasında böyük əməyi olan şəxslərin də adları əbədiləşdirilməli, küçələrə, prospektlərə, metro stansiyalarına verilməlidir. Bu gün güclü dövlət olmaq istəyiriksə, dövlətçilik ənənələrimizi qorumalı, yaşatmalıyıq. AXC 2018-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli, qadınlara ilk dəfə seçim hüququ verən demokratik respublika idi. Bu dəyəri əbədiləşdirmək üçün qeyd etdiyiniz abidələr kompleksi vacibdir”.

Ağ Partiyanın sədri Tural Abbaslı da Cümhuriyyətlə bağlı xüsusi tədbirlər planının hazırlanmasını vacib hesab etdiyini deyib: “Hakimiyyətin özü də bu ili “Cümhuriyyət ili” elan edib. Bu il görüləcək işlər tək “Cümhuriyyət kompleksi”nin yaradılması ilə bitməməlidir.  Bu kompleks şəhərdə və ya hansısa bir məkanda ola bilər. Amma hesab edirəm ki, Cümhuriyyəti yaradanların daha geniş təbliği üçün tədbirlər planı hazırlanmalıdır. Cümhuriyyəti quran şəxslərin nəşi Azərbaycana gətirilməlidir. 100 illiklə bağlı çoxlu sayda tədbirlər keçirilməlidir ki, tarixi yaddaşlara yazmaq mümkün olsun, unudulmasın. İdeya müəllifinin kim olmasından asılı olmayaraq Cümhuriyyəti, onun ideyalarını yaşadacaq təkliflərin verilməsi və həyata keçirilməsi çox yaxşı haldır”.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений