Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

AXCP sədri Razi Nurullayev: "Azərbaycan gec-tez bütövləşəcək"



 “İranda baş verən hadisələrə liderimiz Əbülfəz Elçibəyin mövqeyi necə olardı? Elçibəy davamçısı olaraq bu mövqeyi bildirməyi özümün və partiyamızın borcu hesab edirəm. Elçibəyin İranla bağlı bəzi mübahisə doğuran fikirləri olsa da, hazırkı dövrdə İranın parçalanmasının lehinə olmazdı. Çünki İranda indi başlanan mübarizə milli-azadlıq mübarizəsi deyil, teokratik quruluşa qarşı bir dirənişdir. Azadlıq şüarları yalnız bir rejimin digəri ilə əvəzlənməsi istəyinə çalışmaq görüntüsü yaradır. Mən də bu mövqedən çıxış edərək, İran dövlətinin bu şəkildə -özündə milli azadlıqları ehtiva etməyən inqilablarla dağılmasına və yeni bi modern fəlakətin oturuşmasına qarşıyam. Biz ilk növbədə 35 milyonluq Azərbaycan türkünün orada yaşamasını və bu fəlakətlərdən nəsibini alacağını da düşünməliyik”.

Cebhe.info xəbər verir ki, bu sözləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib.

AXCP sədri qeyd edib ki, hazırda İran parçalanarsa, nə biz, nə də güneydəki azadlıq hərəkatımız Güney Azərbaycana sahib çıxmaq iqtidarında deyilik: “10 milyonluq Qüzey Azərbaycan sıxıntılar içində boğularkən, Dağlıq Qarabağ və ölkəmizin  torpaqlarının 20 faizi erməni qəsbkarlarının işğalı altında olarkən Güney Azərbaycana da sahib çıxmaq imkanımız xaricindədir. Biz bilirik ki, İranda milli azadlıq hərəkatı vüsət alacaq. Azərbaycan gec-tez bütövləşəcək. Bizim bu mübarizəmiz bir an da dayanmır və sonda biz bunu yaşayacağıq. Ancaq hələ nə tarixi şərait, nə də zaman, gedişat buna hesablanmır. Ona görə də o gün bu gün deyil! İranı demokratik ölkə hesab edənlər də var. Həmin yanaşmaların gayəsi də insanların iradəsinin seçki ilə müəyyən edilməsi, müstəqil məhkəmənin olması və digər məsələlərdir. Amma daxili qatda məsələ başqadır. Bizi məyus edən ən əsas məsələ İran dövlətinin işğalçı Ermənistanla isti münasibətlər qurmasıdır. Güneyli həmvətənlərimizin tələblərindən biri də bu əlaqələrə qarşı çağırış, İran dövlətinin bu siyasətini durdurmaq üçün ciddi siyasi təşkilatlanma olmalıdır və biz bu cür təşkilatlanmalara gücümüz daxilində dəstək verməyə hazırıq! Digər məsələlərə gəldikdə isə, İran xalqının xarici siyasi intervensiya olmadan irəli sürdükləri dəyişikliklərı dəstəkləyirik. Rejim mahiyyətini və idarəetməsini dəyişməlidir, vətəndaşların etiraz etmə hüququ, azalıq və demokratik tələbləri tanınmalıdır”.

Razi Nurullayev bildirib ki, din dövlətdən ayrı olmalıdır: “Tərəqqqi və inkişaf əsridir. Müsəlman ölkələri inkişafdan geri qalarkən, başqa ölkələr texnoloji inkişafın carçısına çevriliblər. Mövcud şəriət idarəçiliyi inkişafa yox, geriliyə aparır. İranda da dinin dövlət idarəçiliyindən tam ayrılmasının tərəfdarıyıq. Güney Azərbaycanlıların siyasi və mədəni hüquqlarının genişlənməsi, Güneydə Azərbaycan türk dilinə dövlət dili statusu veriməsi hər zaman tələbimiz olub və bu gün də gündəmdədir. Amma, Azərbaycan türklərinin İran dövlətinin fəlakətə sürüklənməsində alət kimi istifadə olunmasına qarşıyıq və həmvətənlərimizi çox ehtiyatlı olmağa, proseslərə diqqətli yanaşmağa səsləyirik”.

Mənsur

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений