Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

AXCP sədri Razi Nurullayev: "Hasarın o tayından gəlib kömək edəcəklər?"



"Seçkidən sonrakı Azərbaycanı öz idarəçiliyimdə görmək üçün çalışıram"

11 apreldə Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı imzatoplama kampaniyası davam edir.

Seçki hazırlığı və digər məsələlərlə bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Razi Nurullayev Qafqazinform.az saytına müsahibə verib.

Cebhe.info həmin müsahibəni təqdim edir:

-Razi bəy, prezident seçkilərinin növbədənkənar keçirilməsi labüd idimi?

Bizim üçün seçkinin labüd olub-olmaması böyük fərq etmir. Siyasi partiyaların ən fəal dövrü seçki mərhələsində olur, varlıqları xalq üçün seçki zamanında daha aydın görünür. İqtidar partiyasından başqa yerdə qalan və hakimiyyətə iddialı olan siyasi partiyalar seçkilərin tez-tez keçirilməsində maraqlı olur. Biz də bu fürsətdən istifadə edərək seçkidə iştirak edirik. 

Əslində, seçkilərin irəli çəkilməsi bizim üçün daha yaxşı. Guya altı ay bundan sonra nə fərqliliklər yaranacaqdı ki? Eyni vəziyyət, eyni seçki məcəlləsi, eyni iqtidar, eyni beynəlxalq şərait. Əksinə, seçkilərin yazda keçirilməsi gözəl və münbit şərait yaradır ki, daha rahat siyasi mübarizə aparılsın. Xalqımız da hava haqqında məlumata çox həssasdır. Daha niyə narazı olaq? Məgər demirdik ki, xalq payızda, qışda mübarizə etmir ki, soyuqdir. İndi, iqtidar seçkini isti zamanlara saldı, bir çox ənənəvi müxalifət təmsilçilərinin arzusunda olduğu kimi. 

-Seçkinin vaxtından erkən keçirilməsinin səbəbini hakimiyyət açıqladı. Amma bunun hakimiyyətdaxili ziddiyətlər səbəbindən olması fikirlərini də səsləndirənlər var. Sizin fikrinizi bilmək istərdik.

Suala görə sağ olun. Amma, mən axı siyasi ekspert kimi çıxış etmirəm. Prezidentliyə namizədəm və seçkidə iştirakımın düz-qoşu ilə məşğulam. Seçkinin erkən keçirilmə səbəbinin nə olub-olmaması mənə nəsə qazandırmır, əksinə başımızı qatır. Seçki təyin edilib və biz də iştirak edirik. Qoy hakimiyyət narahat olsun. Öz aralarında problem var, çəkişmə var, ziddiyyətlər var, hər nə varsa özləri bilər. Bu bizə maneçilik etmir, əksinə, stimul yaradır.

-İmzatoplama mərhələsi necə keçir? Hazırda, bu proses aldığımız məlumata görə elə də asan keçmir. Vətəndaşlar bəzən müəyyən səbəblərdən çəkinirlər. 
Yeri gəlmişkən, seçki hazırlığınız nə yerdədir?

Təbii ki, asan keçmir. İnamsızlıq, qorxu, çəkinmə, əsəb və gərginlik var. Lakin, idarə etməyə çalışırıq. Seçki hazırlığımızı günü-gündən gücləndiririk. Hələ ki, fokus imzaların toplanmasıdır. Bərabər olaraq, seçki platforması da, görüşlərin regionlar üzrə planlaşdırılması üzərində də işlənilir. Biz 2018-ci ili siyasi dəyişiklik ili elan etmişdik, sözümüzdə qalırıq. Sadəcə, xalqın dəstəyinə ümid edərək bunu demişik, xalq gəlib mənə səs versə və səsini qorusa, o zaman təbii ki, dəyişiklik ili olacaq!

-Qeydə aınıb-alınmayacağınız məlum olmasa da, kağız üzərində iddiası olanlardan sizə ciddi rəqib görürsünüzmü? Hakimiyyətə necə?

Bütün namizədlər rəqibimzidir və hər birinə potensial “təhlükə” kimi yanaşırıq. Əgər kimsə prezidentlik yarışına qoşulmağa qədər gəlib çıxıbsa, bunun özü kiçik siyasət deyil. O baxımdan, hər bir namizədə ehtiyatla və ciddi rəqib kimi yanaşmağa borcluyuq. O ki, qaldı iqtidarın namizədinə, təbii ki, əsas hazırkı prezident İlham Əliyevdir.

-Müxalif qurumlardan seçkini boykot edən az olmadı. Bunun seçkilərə nə kimi təsiri olacaq?

Siyasi partiya seçki prosesindən kənarda qalırsa, bunu siyasətə uyğun hərəkət saymıram. Boykot düzgün taktika o zaman olardı ki, 11 aprel seçki prosesini pozmaq və hakimiyyətlə masa arxasına oturub yeni şərtləri müzakirə etmək imkanları olsun. Belə bir imkan yoxdur, o cümlədən seçki qanunumuza görə 10 nəfər də gəlsə seçki baş tutmuş hesab edilir. Boykot taktikasının məntiqi, gördüyünüz kimi yoxdur.

Boykotun iqtidar partiyasına heç bir ziyanı yoxdur, amma müxalifətə ciddi ziyanı var. Özlərinin 30 il yerində saymaqları bəs deyil, yenilik gətirmək və fərqli siyasi gedişlər edənlərə də mane olurlar. Ümid edirəm ki, qeydə alınaramsa, onların boykot taktikasının mənasızlığını televiziya çıxışlarımda darmadağın edəcəm və xalqı gəlib müxalifət namizidinə dəstək olmağa inandıra biləcəm. Xalq mənə inanacaq, çünki, 30 illik çürük siyasət ənənəvi boykotçuları çürüdüb, yaşlanıblar və düzgün qərar verə bilmirlər.

-Seçkiöncəsi keçiriləcək mitinqlər beynəlxalq qurumların Azərbaycana qarşı əllərinə nə kimi fürsət verə bilər?

Nə fürsəti? Heç nə. Bizim mitinqlərdən beynəlxalq aləmə nə düşüb? Yanlış fikirdir ki, hasarın o tayından gəlib kömək edəcəklər? Necə? Ancaq və ancaq bu kömək inqilablara dəstək ola bilər. Xalq da bunu istəmir. Bizə Suriya lazımdır? Azərbaycanda dəyişikliklər ancaq və ancaq seçki yolu ilə mümkündür və bundan qeyri yol qəbuledilməzdir. Biz azad və şəffaf seçki keçirilməsinə nail olmaq üçün mübarizə aparmalıyıq və bunu da mümkün edəcəyik. 
Mitinqlər isə həmişəki kimi olacaq. Odlu-alovlu çıxışlar, eyni simalar, eyni cümlələr və eyni taktikalar. Öz varlıqlarını sübut etməyə çalışacaqlar. Hər şey yenə də sönəcək. Sönmüş közü körükləyən və alovlandıran isə biz olacağıq. Allahın köməkliyi və xalqımızın bizə olan inamı ilə.

-Seçkidən sonrakı Azərbaycanı necə görürsünüz? Əgər İ.Əliyev yenidən prezident olarsa, iqtidarda nə kimi dəyişikliklər ola bilər?

Seçkidən sonrakı Azərbaycanı öz idarəçiliyimdə görmək üçün çalışıram. İqtidar namizədi qalarsa, nə dəyişməlidir ki? YAP komandasını müəyyən edib və onilliklərdir ki, rəhbərlik edirlər. Niyə də dəyişsinlər ki. 

-Azərbaycanda həm siyasi, həm də sosial-iqtisadi dəyişikliklərin olması üçün iqtidarda kadr dəyişikliyi kifayətdirmi? Yoxsa mütləq şəkildə İlham Əliyevin hakimiyyətdən getməsi lazımdır?

Kadr dəyişikliyi də vacib amildir, amma idarəetmə sistemi dəyişmirsə çətin ki, effektiv olsun. Biz Azərbaycanda təkamül yolu ilə inkişafın tərəfdarıyıq. Onun üçün də hakimiyyətin idarə edilməsində müxalifət də iştirak etməli və Avropada olan siyasi mədəniyyət oturuşmalıdır. Əgər dövlət və xalq naminə bu məsələdə razılıq olarsa, o zaman bu tip məsələləri müzakirə edə bilərik.

-Prezident seçkilərindən sonra növbədənkənar Parlament seçkilərinin keçiriləcəyi barədə iddialar səslənir. Siz necə düşünürsünüz?

Heç nə düşünmürəm. Bütün fikirlərim və düşüncələrim 11 aprelə köklənib. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений