Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

AXCP sədrinin təşəbbüsü parlamentdə



Deputatlar ölüm hökmünün  bərpasını tələb edir

Vüsal Qarayev: “Təkcə dövlətə xəyanət deyil, eyni zamanda narkobiznesə qarşı da ölüm hökmünün tətbiqinin tərəfdarıyam”

Tural Abbaslı: “Hər bir cinayətə adekvat cavab verilməlidir”

Taliyət Əliyev: “Dünyanın ən demokratik ölkəsi olan ABŞ-ın da bəzi ştatlarında ölüm hökmü var”

Vətənə xəyanət edən hərbçilərin ifşa edilməsindən sonra ölüm hökmünün bərpası yenidən gündəmə gəlib. Milli Məclisin son iclasında deputat Qüdrət Həsənquliyev ölüm hökmünün bərpasının vacibliyini vurğulayıb. Qeyd edək ki, bir müddət öncə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev dövlətə, vətənə, millətə qarşı törədilən cinayətlərə görə ölüm hökmünün bərpasını və tətbiq olunmasını təklif etmişdi. Bu gün Azərbaycanda ölüm hökmünün bərpası mümkündürmü? 

“Dövlətə xəyanət bağışlana bilməz”

AXCP mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, dövlətə xəyanət heç bir halda bağışlana bilməz: “Bu olduqca həssas məsələdir. Dini baxımdan “Allahın verdiyi canı, Allahdan başqa kimsə ala bilməz” prinsiplərinə ziddir. Dünyəvi baxımdan da beynəlxalq insan hüquqları anlayışı ilə uyğun gəlmir. Lakin insan bəzən elə hadisələrlə qarşılaşır ki.. Düşünür ki, bu hadisəni törədəni özüm əllərimlə parça-parça edərdim. Mən bir insan olaraq ölüm hökmünə qarşıyam. Lakin hakimiyyətə gəlməyə hazırlaşan bir partiyanın mətbuat katibi olaraq dövlətçilik nöqteyi-nəzərindən ölüm hökmünün zəruri olduğunu düşünürəm. Baş verən son xəyanət olayları hamımızı sarsıtdı. Demək, düşmən sıralarmıza sıza bilib. Ümumilikdə dövlətə xəyanət bağışlana bilməz. Ömürlük həbs isə sənə xəyanət edən birini ömür boyu bəsləməkdir ki, bu da mənə absurd görünür. Mən yalnız dövlətə xəyanət deyil, eyni zamanda narkobiznesə qarşı da ölüm hökmünün tətbiqinin tərəfdarıyam. Çünki, bir ölkənin gəncliyini zəhərləmək dövlətə, dövlətçiliyə xəyanətdir”.

“Məsələ referenduma çıxarılmalıdır”

Ağ Partiyanın sədri Tural Abbaslı da həmçinin ölüm hökmünün tərəfdarı olduğunu deyib. Onun sözlərinə görə, bu məsələnin referenduma çıxarılması daha doğrudur: “XXI əsrdə dünya siyasətində ölüm hökmü yığışdırılmağa başlanıldı. İnsan haqlarına, humanizminə zidd olduğu əsas gətirilərək bir sıra dövlətlər ölüm hökmünü ləğv etdi. Ancaq praktika onu göstərdi ki, ölüm hökmünün ləğvi bir sıra bəlli cinayətlərin sayının artmasına gətirib çıxardı. Hesab edirəm ki, ölüm hökmü ilə bağlı qərarı hər bir dövlət özü verməlidir. Bu məsələ Avropa təşkilatlarının basqısı ilə qiymətləndirilməməlidir. Hər bir dövlətin öz şəxsi yanaşması olmalıdır. Mən isə ədalətli, müstəqil məhkəmə sistemi olan mühitdə ölüm hökmünün olmasının tərəfdarıyan. Hesab edirəm ki, hər bir cinayətə adekvat cavab verilməlidir. Burada söhbət təkcə vətənə xəyanətdən getməməli, digər amansızlıqla törədilən cinayətlərə də ölüm hökmü tətbiq olunmalıdır”.

Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin müavini Taliyət Əliyev isə ölüm hökmünə qarşı çıxıb. Onun sözlərinə görə, ölüm hökmünün bərpası cinayətlərin qarşısını almağa xidmət edən amil deyil: “Bu gün dünyanın ən demokratik ölkəsi hesab olunan Amerikanın da bəzi ştatlarında ölüm hökmü var. Amma təcrübə göstərir ki, qanunları sərtləşdirməklə baş verən cinayətlərin qarşısını almaq müşkül məsələdir. Məsələn, bu gün demək olar ki, hər həftə İranda insanları edam edirlər. Buna baxmayaraq yenə də İranda cinayətkarlığın qarşısını almaq mümkün olmayıb. Bu baxımdan Azərbaycanda ölüm hökmünün bərpa olunmasını yanlış hesab edirəm. Bununla baş verə biləcək dövləti cinayətlərin qarşısını almaq mümkün olmayacaq. Yəni, məqsəd əgər budursa, hesab edirəm ki, ölüm hökmü buna adekvat deyil.

Ölüm hökmünün bərpasındansa, cinayətlərin artmasının səbəbləri haqqında müzakirələr aparılsa, təkliflər verilsə daha doğru olar. Cəmiyyətdə təhsil səviyyəsi, sosial durum nə qədər aşağı olursa, cinayətkarlıq da o, qədər çox olur. Bu gün görürük ki, kimsə 5 manata görə gedib anasını, bacısını, qardaşını öldürür. Bunların başlıca səbəbi isə ehtiyacdır. İlk öncə bu səbəbləri aradan qaldırmaq lazımdır. Orduda yaşanan olay isə onu göstərdi ki, bu gün vətənpərvərlik, dövlət, millət anlayışının aşılanmasına ehtiyac var. Sosial baxımdan təmin olunmuş Azərbaycan vətəndaşı 5 manata görə vətənini satmaz. Bu səbəblərin qarşısının alınması ağır cinayətlərin azalmasını təmin edən əsas amil olardı”.

Vilayət Muxtar

Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений