Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Axirəti satın almaq istəyənlər...



“"Tamah" və "hərislik" insana məxsus mənfi xüsusiyyətlərdəndir. Nəsrəddin Tusi "Əxlaqi nasiri" əsərində insanların xəstəlik sayıla biləcək mənəvi pis xüsusiyyətlərini sadalayır və bu dərdlərin dərmanını da göstərir. Zənnimcə, tamah və hərislik xəstəliyi ölkəmizdə məmurlar arasında daha çox yayılıb. O qədər yayılıb ki, nəinki pul-qızıl, mal-dövlət, ev-maşın kolleksiyaları toplamaq, hətta son zamanlar pulla şeir yazdırıb kitablar çıxartdırmaq, 20 dəfə həccə getmək belə dəbə düşüb. Tamahları o qədər güclüdür ki, bəzən cənnətin mömin kasıbların yeri olmadığı görüntüsünü belə yaradıblar”.

Bunu “Cümhuriyət” qəzetinə AXCP sədrinin dini məsələlər üzrə müavini Tural İrfan deyib.

O bildirib ki, kresloya yapışıb qopmayan məmurlar vəzifədən düşəndə aldıqları rüşvətin kəsiləcəyi ehtimalı ilə sağalmaz fiziki xəstəliklərə düçar olurlar:

“Allaha, axirətə inamsızlığın nümunəsi olaraq dünyada sanki əbədi yaşayacaqlarmış kimi var-dövləti onəlli qucaqlamaq heyvanlara da yaddır. Tamahkarlıq və hərislik xəstəlikdir. Özü də şiddətlənəndə ictimaiyyət üçün terrordan da pis nəticələr verir. Məmurların çoxu vəzifəyə rüşvət qarşılığında təyin olunurlar. Onlar yerini bərkidən kimi verdiyi rüşvəti geri “qazanmaq” üçün qaniçənliyə başlayırlar. Aza qane olmamaq, villalar eşqinə düşmək tamahın və hərisliyin ilkin əlamətidir. Tarixdə bu cür var-dövlət yığanların pulunun axırda özünə qismət olmadığının da çox şahidi olmuşuq. Allah dünyada nə qədər insan varsa, onun yaşamı üçün nə lazımsa, bərabər şəkildə bölüb verib. Ancaq harın tamahkarlar başqalarının payına düşəni də qamarlayıb seyflərə, banklara doldurduğundan dünyada bu qədər kasıb və yalavac var”.

“İndiki hacıların çoxu qonşusu ac olanlardır”...

Tural İrfanın qənaətincə, xüsusən, azərbaycanlı məmurlarda tamah son həddə inkişaf edib:

“Allaha inam itib. Ona görə də Hacı Zeynalabdin, Musa Nağıyev kimi şəxsiyyətlər yetişmir. Çox güman ki, onlardan bir daha olmayacaq. Çünki onlar malın, pulun axıra kimi insana yar ola bilməyəcəyini dərk edirdilər. Allah və xalq yolunda səxavət əllərini açmışdılar. Bu gün də onların əziz xatirələri xalqın qəlbində yaşayır. Çünki onlarda tamah və hərislik yox idi. Ancaq indiki hacıların çoxu qonşusu ac olanlardır. Varlı (əslində bu varlılar Tağıyev və Musayev kimi halal yolla yox, xalqın malını talamaqla varlanıblar.) məmurların çoxu səxavətdən məhrum olduğu üçün harınlamağa, qəddarlığa, eyş-işrətə, pozğunçuluğa, dinsiz-imansızlığa meyllidirlər. Təklif edirəm ki, ölkədə bütün icra strukturlarında, bələdiyyələrdə, nazirliklərdə və digər mühüm qurumlarda xüsusi psixoloqlar ştatı yaradılsın. Həmin psixoloqlar vəzifəli şəxslərə təlqin etsinlər ki, siz əsl hörməti rüşvət, var-dövlət toplamaqla deyil, xalqa xidmət və səxavətlə qazana bilərsiniz. Bu psixoloqlara sağlam din bilgiləri də əlavə etmək olar. Onlar da namaz qılan, oruc tutan, 16 dəfə həccə getmiş, ancaq rüşvəti Zəmzəm suyu kimi başına çəkən, hər ay maşınını dəyişən, qonşusu ac və işsiz olan məmurlara etdikləri "ibadətin" əsl mahiyyətini anlatsınlar”.

“Rüşvət ictimai günahdır”...

İlahiyyatçı bəzi məmurların dinə meyilləndiyini, oruc tutub, həccə dəfələrlə getdiyini də vurğulayıb: “Elə zənn etməyin ki, bu xüsusiyyət onların saflaşdığından xəbər verir. Xeyr. Ona görə ki, onlar Məkkəyə Allaha rüşvət təklif etməyə gedirlər ki, o biri dünyada cənnət kefindən də məhrum olmasınlar. İstər-istəməz televizorun kanalını dəyişəndə, yasda-hüzndə mollalardan eşidirlər ki, o dünya var, orada da Cənnət var, eyş-işrət olacaq və s. Bu tamah və hərislik ağıllarını tərpədir ki, hə, o dünyanı da əldən vermək olmaz. Bu dünyada o qədər rüşvətə öyrəşiblər ki, bəlkə də düşünürlər axirətdə də rüşvətlə cənnətə getmək olacaq, tapşırıq və "yuxarıdan xahişlə" cəhənnəmdən xilas olmaq olacaq... Amma yanılırlar, bu belə deyil. Axirətdə ilahi ədalət təzahür edərək belələrinin əl-ayaqlarına dolaşdıracaq və nəfəsini kəsəcək. (Qiyamət surəsinə bax.) Həccə gedən bu cür harın adamlar bəlkə də orada rüşvət verməyə "müqəddəs" axtarırlar və arzulayırlar ki, nə olaydı burda da rüşvət olaydı, verib indidən cənnətə talon alardıq... Harın və pul yığmağa həris olanlar tamahlarının gücündən saxta ibadətlər edirlər ki, öz aləmlərində axirəti də satın alsınlar. Mötəbər bir hədisdə Məhəmməd peyğəmbər (s.a.v) buyurur ki, peyğəmbərlərdən cənnətə ən axırıncı daxil olan Süleyman peyğəmbər olacaq. Ona görə ki, onun var-dövləti çox olduğundan nəyi hara xərclədiyi, israf edib-etmədiyi, halal, ya haram topladığı haqda uzun-uzadı mühakimə və sorğu-sual oluncaq, varının hesabatını verəcək... Süleymanın halı belə olanda, dilənən qonşusunun yanından “CİP”lə toz qopardaraq keçən, illərdir aldığı rüşvətin və etdiyi günahların bağışlanacağını zənn edərək “Boing 700”lə Məkkəyə uçanlar cənnətə uça bilməyəcəklər, arxayın olsunlar. Çünki rüşvət ictimai günahdır. Onun əfvi üçün heç Allah da zamin deyil. Çünki haqqun-nasa aiddir. Rüşvət aldığın minlərlə, bəlkə də milyonlarla şəxs səni bağışlaya (o da bağışlasa) və haqqından vaz keçə ki, sonda Allahın öhdəsinə qala sənin aqibətin.

Cəhənnəm 7 mərtəbədən ibarətdir. Bu mərhələlər sizi gözləyir, rüşvətxor məmurlar! Qeyd etdiyim psixoloqlar məmurları tamahdan və hərislikdən çəkindirsələr müsbət nəticələr olacaq. Kasıblıq qorxusu, xüsusən, ölkədəki kasıbların acı və dəhşətli yaşamı bəzi məmurları elə qorxudur ki, onlar da haçansa o kasıbların gününə düşmək qorxusu ilə rüşvəti bol alırlar ki, kasıblıqdan sığortalansınlar.Hər bir halda kökdə tamah durur.Bu da sırf psixoloji problemdir.Tamah ən ağır xəstəlikdir.Bu xəstəlik xərçəngdən də betərdir.Xərçəng bir adamı öldürür.Tamah isə başqalarını da yoluxdurur və başqalarının qanı hesabına çoxalır.Rüşvətin kökündə tamah dayanır”.

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений