Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

AYB-dən Səməd Vurğunla bağlı ittihamlara CAVAB: “Cavidlə Müşfiq də sosializmi tərənnüm edib”



Gənc şair Şəhriyar del Gerani Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Səməd Vurğun haqqında tənqidi fikirlər səsləndirib. Ümumiyyətlə, son zamanlar dahi şairimiz haqqında xoşagəlməz fikirlər dəb halını alıb. Bir müddət öncə ADP sədri Sərdar Cəlaloğlu da Səməd Vurğun haqqında aşağılayıcı fikirlər səsləndirmişdi.

“O sözün kosmosudur”

Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin  sədri, əməkdar incəsənət xadimi Barat Vüsal Cebhe.info-ya açıqlamasında Səməd Vurğun haqda səsləndirilən fikirlərə münasibət bildirib. Barat vüsal deyib ki, milli dəyərlər daha çox kimin yaradıcılığında qabarıq olubsa, həmin şəxslər hər zaman hücuma məruz qalıblar: “Belə şəxslər müəyyən qüvvələr tərəfindən hər zaman təqib olunublar. Kosmik gəmini kosmosa qaldırmaq üçün daşıyıcı raketlər olur. Daşıyıcı raketlər onu kosmosa qaldırdıqdan sonra dağılıb yerə tökülür. Səməd Vurğuna hücum edənlərə yalnız bu cür bənzətmə vermək olar. Səməd Vurğundan əl çəksinlər, o sözün kosmosudur. Hər bir sənətkar dövründə gördüyünü, duyduğunu yazır. Səməd Vurğun da həmçinin. Onun sənətkarlığından danışmaq lazımdır. Şair kimi Səməd Vurğundan yalnız sənətkar kimi söz açmaq olar. Kimdir Səməd Vurğundan danışanlar? Onların nə adı bəllidir, nə dövlətə, millətə məhəbbəti. Hər bir sənətkarın həyatında bir şəxs olaraq səhv buraxması, istəmədiyi mövzuda şeir qələmə alması da mümkündür. Əlbəttə, şair haqqında söylənilən bu fikirlər paxıllıqdan, həsəddən irəli gəlir”. 

“İnsanları kiçiltmək, alçaltmaqdan əl çəkməliyik”

Barat Vüsal şairin 30-cu illərdəki fəaliyyətinə toxunub: “Şair yazır ki, yerində sayanlar sənətkar ola bilməz. Yerində sayanlar Səməd Vurğuna nə qədər hücum edəcəklər? 1938-ci ilin 7 fevralında Səməd Vurğun 6-7 şeir yazıb. Həmin ildə “Xeyirə, şərə yaramaz” və bu tipdə müxtəlif şeirlər yazıb. Şairə iki həftə ərzində çoxlu hücumlar olmuşdu. Məhz bu səbəbdən şair bu cür şeirlər yazdı. Bir toyuq bir həftə qaqqıldayır, deyirlər ki, deyəsən yumurtalayır. Nəvə gəlib nənəsinə sevincək deyir ki, toyuq yumurtalayıb. Nənə baxanda görür ki, sərçə yumurtası boydadır. Səməd Vurğuna hücum edənlər sərçə yumurtası boyda şeylər ortaya qoyurlar. Azərbaycanın mənəvi pasportu olan bir şairdən əl çəksinlər. Bizim üçün Hüseyn Cavid, Mikayıl Müşfiq, Səməd Vurğun dəyərlidir. İnsanları kiçiltməkdən, alçaltmaqdan əl çəkməliyik”.
Barat Vüsal bildirib ki, Səməd Vurğun üçün milli dəyərlər hər zaman üstün olub. Ona qarşı hücum əxlaqi naqislikdir: “O deyir ki, insan azadlıqdır, azadlıq insan. O, hələ 1930-cu illərdə yazdığı “Aslan qayası”poemasında bu haqda yazırdı. Dövlət kimi azad olsaq da, içini paxıllıq dağıdan bu insanlar hələ də azad deyillər”. 

“Müşfiqə görə başı ağrımışdı”

O həmçinin şairlə Mikayıl Müşfiq və Hüseyn Cavid arasındakı münasibətlərə də aydınlıq gətirərək bu fikirlərin əsassız olduğunu bildirib: “Cavid və Müşfiq haqqında səsləndirilən bu fikirlər əsaslı deyil. İnsanlar savadsızlıqdan bu cür yazırlar. O zamanlar, təxminən 6-7 il öncə Azərbaycanın baş prokuroru olmuş İlyas İsmayılov böyük bir məqalə ilə çıxış edərək bildirdi ki, vəzifədə olduğu dövrdə Mikayıl Müşfiqlə bağlı məsələni araşdırıb.  Milli Təhlükəsizlik Nazirliyinin arxivində çalışan bir nəfərlə tanış olmuşdum. Ondan xahiş etdim ki, Mikayıl Müşfiq və Səməd Vurğunla bağlı o dövrə aid sənədlərlə tanış olmaq üçün şərait yaratsın. Bu sənədlərdə heç bir neqativ halla rastlaşmadım. İlyas İsmayılov da deyirdi ki, baş prokuror kimi cavab verirəm ki, belə hal olmayıb, ola da bilməzdi. Səməd Vurğun Mircəfər Bağırovdan Mikayıl Müşfiqin buraxılmasını istəyəndə, nəinki o, heç kim bilmirdi ki, o çoxdan öldürülüb. Bu məsələyə görə də onun başı ağrımışdı. Deyirdilər ki, niyə sənə aidiyyəti olmayan məsələlərə qarışırsan. Şair bütov şəxsiyyət olub. O böyük adam olub. Ustadımızın üzünə ağ olmamalıyıq. Neqativ hallar axtarmaq lazımdırsa, hər birinin yaradıcılığında belə nüanslar tapmaq olar”. 

“Mikayıl Müşfiq də sosializmi tərənnüm edib”

Barat Vüsal deyir ki, Səməd Vurğun sosializmi tərənnüm edibsə,  Mikayıl Müşfiq yaradıcılığında da bu halları görə bilərik. Məsələn: “Hüseyn Cavidin “Azər” poemasında oktyabr inqilabı baş qəhrəmanın dili ilə təriflənir. Bu şairlər milliyyətçi olub, xalqını sevib. Səməd Vurğun rus əlifbasındakı “myakiyznak” və bir neçə hərfin əlifbamızdan çıxarılması üçün xeyli cəhd etdi. Bu özü millət uğrunda mübarizə deyilmi? Belə bir şəraitdə yaşamaq nə idi? Təsəvvür edirsinizmi? 1953-cü ildən onun 8 ay ev dustağı olduğunu, onun sürgünü ilə bağlı sənəd hazırlandığını bilirdilərmi? Stalin vəfat etdiyindən sürgün planı baş tutmadı. Bağırov o vaxtlar demişdi ki, sən kommunizmin əlifbasını təzədən öyrənməlisən. Ona görə Səməd Vurğunu 8 ay dustaq etdilər. Sovet dövründə o kifayət qədər cəsarətli şeirlər yazıb. Məsələn, 

Elə düşünmə ki, ağırlaşmışam, 
Ayağı sarıqlı şikəst bir quşam.
Şair bununla sətiraltı fikirlərini çatdırırdı”. 

“Hüseyn Cavid onu özünə şagird seçmişdi”

Barat Vüsal deyir ki, “Bəsti” poeması isə şairi həbs olunmaqdan xilas edib: “İsmayıl Şıxlı deyirdi ki, Səməd Vurğunun həbsi ilə bağlı xəbərlər yayılırdı. Əgər onun “Bəsti” poeması çap olunmasaydı, o həbs olunacaqdı. O qəzet nömrəsini əldə etdikdən sonra dedi ki, qoy görsünlər ki, adamın anasını necə ağladırlar, əməllə, əsərlə. Belinski deyirdi ki, istedada qurtaran yerdə böhtan və yalan başlayır. İnana bilmirəm ki, bir ingilis Şekspirə qarşı bu cür mövqe sərgiləyə. Dünya ədəbiyyatında o qədər mövzulara toxunulub ki. O zaman gərək Bayronu ingilis ədəbiyyatından silsinlər ki, öz bacısı ilə intim əlaqədə olub. Mikayıl Müşfiqin 1928-ci ildə yazılan, “26-lar”poemasının olduğunu oxucular bilirmi? Səməd Vurğun eyniadlı poemanı 1935-ci ildə yazıb. Müşfiqin Stalinə gizlin əsər həsr etdiyini, pambıq görmədən poema yazdığını bilirlərmi? Mikayıl Müşfiq də bizim böyük şairlərimizdəndir. Lakin onun da yaradıcılığında sovet dövrünün tərənnümünü görə bilərik. Hüseyn Cavid Səməd Vurğunla, Mikayıl Müşfiqi özünə şagird seçmişdi. O deyirdi ki, yanıma bu iki nəfərdən başqa heç kim gəlməsin”. 

Nigar Məhərrəm

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений