Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycan Gürcüstana milyonlar uduzur



Gürcüstan bu ilin ilk 5 ayı ərzində xarici turizmdən 1 mlrd. 36 mln. dollar məbləğində gəlir əldə edib. Bu barədə Gürcüstanın Milli Bankının hesabatında bildirilir. Hesabat dövründə ən çox gəlir 246 mln. dollar olmaqla may, ən az gəlir isə 157 mln. dollar olmaqla yanvar ayının payına düşüb.

Qeyd edək ki, yanvar-may aylarında Gürcüstana 2 834 576 nəfər əcnəbi ziyarətçi səfər edib. Bu da ötən ilin eyni göstəricisindən 13,6% çoxdur. Qonşu ölkəyə səfər etmiş əcnəbilərin 485 733 nəfərini Azərbaycan vətəndaşları təşkil edib. Gürcüstanda bu il əcnəbi ziyarətçilərin sayının 8 mln. nəfər, turizmdən əldə olunacaq gəlirin isə 3 mlrd. dollardan çox olacağı proqnoz olunur. Hər ötən il turizm potensialını daha da inkişaf etdirən qonşu Gürcüstan artıq bəzi turizm ölkələrini belə geridə qoymağı bacarıb. Hətta vaxtilə turizm ölkəsi kimi tanınan Türkiyənin  özündən də Gürcüstana hər il xeyli turist axın edir. Təbii ki, bunun bir səbəbi Gürcüstanın əsrarəngiz təbiətidirsə, digər səbəbi də adıçəkilən ölkədə hökumətin uğurlu turizm siyasətidir. Bununla bağlı çox misallar çəkmək olar. Məsələn, biri Gürcüstanın turizm potensialının xarici ölkələrdə təbliğidir ki, bunu da sözügedən ölkənin Turizm Administrasiyası yaxşı bacarıb. 

Dünyanın ən böyük və nüfüzlu telekanallarında Gürcüstanın turizm zonaları haqqında videoçarxlar yayımlanır, əcnəbilərin bu ölkəyə səfər etmələri üçün maraqlı çağırışlar edilir. Gürcüstana üz tutan turistlərin hər il artmasında ikinci amil qiymətlərin ucuzluğudur. Bu ölkəyə turist kimi gedənlərə mehmanxana və istirahət zonalarında şişirdilmiş rəqəmlər deyilmir. Çünki Gürcüstan Turizm Administrasiyası da sahibkarla qarşılqlı əməkdaşlıq şəraitində çalışır. Həm turistlərin, həm də sahibkarların maraqlarına xələl gətirməyəcək proqramla işləyir. Gürcüstan hökumətinin hər il turizm sahəsindən böyük qazanc götürməsinin səbəbləri bu işə ürəkdən yanaşmaları, həvəslə işləmələiridir. Təbiətinin füsunkarlığına görə Gürcüstandan heç də geri qalmayan, hətta bəzi məqamlarda üstün olan Azərbaycanda isə turizmin inkişafı ürəkaçan deyil. Bunun səbəblərini çoxlarımız bilsək də, həlli üçün çalışanlar azdır. İlk növbədə əvvələr bu sahəyə nəzarət Mədəniyyət və Turizm Nazirliyinin yarıtmaz fəaliyyətindən başlayaq.

Qurumun turizm siyasəti zaman-zaman həm mətbuatda, həm də sosial şəbəkələrdə tənqid atəşinə tutulub, xarici ölkələrdə Azərbaycanın turizm potensialının kifayət qədər təbliğ olunmadığı vurğulanıb. Turizm sahəsi üzrə fəaliyyət göstərən mütəxəssislər də nazirliyin siyasətindən razı olmayıb. Hətta böyük həcmdə maliyyə vəsaiti cəlb edərək müxtəlif adlarla Azərbaycanda yeni kampaniyalar, festivallar təşkil etməsinə baxmayaraq, nazirliyin bu ideyaları ciddi nailiyyətlər əldə etməyə imkan verməyib. Nəhayət, turizm sektoru nazirlikdən alınaraq ayrıca qurum- Dövlət Turizm Agentliyi yaradılıb. Ümid var ki, yeni qurum bu sahədə illərlə yığılan problemləri aradan qaldıracaq. Bu, həm də ölkəyə valyuta gətirilməsi, məşğulluq deməkdir. Düzdür, hazırda Azərbaycana yaxın və ərəb ölkələrindən müəyyən sayda turist gəlir. Amma gələnlər də buradakı bahalılığı və Gür-cüstandakı ucuzluğu görüb bir daha ölkəmizə gəlmək istəmir. Bunun özü də Azərbaycan üçün anti-reklam rolunu oynayır. Çünki Azərbaycana gələn bir ərəb, ölkəsinə qayıdarkən qohum-əqrəbasına da burada gördüklərindən mütləq danışır. Yaxşı görəndə, yaxşı, pis nəsə görəndə, pis... Nəzərə alsaq ki, Azərbaycandakı mehmanxanaların qiymətləri kəllə-çarxdadır, onda çətin ki, ölkəmizə gələn bir də gəlmək istəsin. 

Bəs  Azərbaycana daha çox turist cəlb etmək üçün nə edilməlidir? 

1. Agentlik  qonşu Gürcüstan kimi Azərbaycanın turizm potensialını dünya mediasında uğurla təbliğ etməli, bu istiqamətdə bir sıra böyük telekanallarla müqavilələr bağlayıb, orada əcnəbilərin ölkəmizə istirahət etməyə səsləyən videoçarxlar nümayiş olunmalıdır. 
2. Xəzər dənizi boyunca yeni və ucuz turizm zonaları tikilməli, qiymətlərin ucuzluğuna fikir verilməlidir. 
3. Mövcud turizm obyektlərinin rəhbərləri və iş adamları ilə mütəmadi görüşlər təşkil olunmalı, qiymətlərə nəzarət edilməlidir. 
4. Turizm sahəsində çalışan kadrların maarifləndirilməsi üçün işlər aparılmalı, kurslar təşkil edilməlidir.
5. Turizm və Menecment Univeristetində təhsil alan tələbələr xarici ali məktəblərə göndərilməli, Türkiyə və Gürcüstanın təcrübələri öyrənməlidir. 
Mütəxəssislər hesab edir ki, bu tövsiyyələrə əməl olunarsa, ən qısa zamanda Azərbaycan regionun turizm mərkəzinə çevrilə bilər. Azərbaycanın turizm mərkəzinə çevrilməsi isə ölkəmizə təkcə turistlərin gəlməsi deyil, həm də yeni iş yerlərinin açılması və büdcəyə maliyyə vəsaitinin daxil olmasıdır. Büdcəyə gələn yeni valyuta isə həm də əhalinin yaşayış şəraitinin yaxşılaşmasıdır. Ona görə də mütəxəssislər hesab edir ki, Azərbaycan Cənubi Qafqaz regionunun qüdrətli ölkəsi olsa da, turizm sahəsində Gürcüstana uduzur. Mütəxəssislərin sözlərinə görə, nazirlik Azərbaycana turist axınını artırmaq istəyirsə, mütləq Gürcüstan və Türkiyənin təcrübəsindən yararlanmalıdır.

Elmir Murad

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений