Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycan iqtisadiyyatına sanksiya zərbəsi



Dünyanın ən böyük konteyner daşımaları şirkəti olan “Maersk” ABŞ-ın sanksiyaları səbəbindən İranda işlərinə son verib.

Şirkət ABŞ-ın sanksiyaları İranda iş görməyi imkansız edir, deyə açıqlama yayıb. Mərkəzi Danimarkada yerləşən dünyanın ən böyük konteyner nəqliyyat şirkəti olan “A.P. Moller-Maersk”, İranla nüvə razılaşmasından çəkilən ABŞ-ın rəsmi Tehrana tətbiq etdiyi embarqonu yenidən gündəmə gəlməsindən sonra bu ölkədəki fəaliyyətlərini sona çatdıracağını açıqlayıb: “Amerikalıların tətbiq etdiyi sanksiyaların qarşısında, əgər ABŞ-da da iş görürsüzsə, eyni vaxtda İranda da işləyə bilməzsiz. Vaxta dair məlumat verməyəcəyik, amma İranda fəaliyyətimizi dayandırırıq”.

Qeyd edək ki, Fransa şirkəti "Total" da İrana qarşı sanksiyaların verilməsi qərarının yenidən qüvvəyə gəlməsilə İrandakı təbii qaz layihəsini davam etdirə bilməyəcəyini açıqlayıb. “Total”ın 4 milyard 200 milyon avroya çatan müqaviləsi, İranın nüvə razılaşmasından sonra Qərb ölkəsi ilə imzaladığı ilk razılaşma idi.

ABŞ-ın sanksiya tətbiq etdiyi fiziki və hüquqi şəxslər sıyahısında İran Mərkəzi Bankının sədri Vəliyullah Seyfin də adı var. O, İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) dəstək verdiyinə görə "qara siyahı"ya düşüb. Bundan əlavə, siyahıda üç ölkə - İran, İraq və Livan vətəndaşlarının da adları var. Onlardan ikisi SEPAH-a, biri isə "Hizbullah" təşkilatına dəstək verdiyi üçün sanksiyaya məruz qalıb. Eyni zamanda mərkəzi qərargahı Livanda yerləşən Al Bilad İslam Bankının rəhbərliyindəki bəzi şəxslər də ABŞ-ın sanksiyaları ilə üzləşiblər.
Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın 2015-ci ildə Tehranla imzalanmış sazişdən çıxmaq qərarını elan etməsinin ardınca Avropa liderləri öz ölkələrinin İranda maliyyə maraqlarını müdafiə etməyə söz verib.

Rusiya və Çində sazişdə qalacaqlarını bildirib. Vaşinqton 2015-ci il sazişinin Tehranın nüvə və ballistik raket proqramının qarşısını ala bilmədiyini iddia edərək, qarşıdan gələn aylar İrana qarşı sanksiyaların mərhələli şəkildə tətbiqinə başlayacağını elan edib. 2015-ci il nüvə sazişi qlobal diplomatiyanın zəfəri hesab edilirdi. Yeddi il aparılan razılaşmanın əldə edilməsi ilə nüvə silahlarının yayılmasının qarşısının alınması nəzərdə tutulurdu. Artıq ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə dair ABŞ Dövlət katibi Mayk Pompeoya da göstəriş verib. Yeni sanksiyalar orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı imzalanan müqavilənin şərtləri pozulduğu üçün tətbiq olunacaq.

Ağ Evin yaydığı məlumata görə, Rusiya orta və yaxın məsafəyə uçan raketlərin ləğv edilməsi ilə bağlı Moskva müqaviləsinin şərtlərinin pozduğu üçün bu ölkəyə yeni sanksiyalar tətbiq ediləcək.

Pompeo Rusiyaya qarşı yeni sanksiyaların hazırlanması üçün maliyyə, müdafiə, ticarət nazirlikləri və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru ilə birgə işləməlidir. Bu, Konqresin 2018-ci ilin hərbi büdcəsində nəzərə alınıb. Konqres Trampdan rusiyalı məmurların Moskva müqaviləsinin şərtlərini pozması haqqında məruzə tələb edib. Hazırlanacaq məruzədə sanksiyaları şərtləndirən amillər də öz əksini tapmalıdır.

Maraqlıdır, həm Rusiyaya, həm də İrana qarşı olan sanksiyalar Azərbaycan iqtisadiyyatına, eləcə də dövlətlərarası münasibətlərə necə təsir göstərəcək?

İqtisadçı-alim Vüqar Bayramov “Cümhuriyət” qəzetinə bildirib ki, hər iki dövlət Azərbaycan üçün vacib ölkələrdən biridir: “Nəzərə alsaq ki, Rusiya Azərbaycanın qeyri-neft ixracatının təxminən 34 faizinə sahib olan bir ölkədir. Azərbaycan il ərzində Rusiyaya 533 milyon dollarıq qeyri-neft məhsulları göndərir. Azərbaycanın aqrar məhsullarının 90 faizi Rusiya bazarına idxal edilir. Bu baxımdan Rusiyaya sanksiyaların tətbiq edilməsi, Azərbaycana birbaşa təsir göstərir. Rusiyaya Azərbaycanın strateji tərəfdaşlarından biri olduğu üçün tətbiq edilən sanksiyalar rəsmi Bakı üçün arzuolunan deyil.

Moskvaya tətbiq edilən sanksiyalar genişlənərsə, təsirləri Azərbaycan iqtisadiyyatında özünü büruzə verəcək. Belə ki, ilk növbədə Rusiyada yaşayan vətəndaşlarımızın iqtisadi fəaliyyətinə və gəlirliliyinə təsir göstərə bilər. Bu isə Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin həcminin azalmasına səbəb ola bilər. İl ərzində Rusiyadan ölkəmizə təxminən 2 milyard dollara yaxın remitens (pul köçürmələri) həyata keçirilir. Dərinləşən sanksiyalar pul köçürmələrinin həcminin əvvəlki dövrlərə nisbətən azalmasına səbəb ola bilər. Bundan əlavə, Rusiyaya ixrac imkanlarımıza da təsir göstərə bilər. Belə ki, Rusiyada alıcılıq qabiliyyətinin aşağı düşməsi, həmin ölkəyə ixracın azalması ilə nəticələnə bilər. Birbaşa təsirlər olmasa da, dolayı təsirlərin olacağı gözləniləndir”.

İran ətrafında gedən gərginliyə gəlincə, analitik bildirib ki, rəsmi Tehrana qarşı sanksiyaların ilk təsiri dünya bazarlarında neftin qiymətinin artmasına səbəb olub: “Neftin qiymətinin artması isə, Azərbaycanın neft satışından əldə etdiyi gəlirlərinin çoxalmasına gətirib çıxarır. Qonşu ölkələrə tətbiq olunan sanksiyalar neft ölkələrinin gəlirlərinin artmasına səbəb olur. O cümlədən Azərbaycanın gəlirlərinin artması baxımından vacib məqamlardan biridir.

Sanksiyalar iki ölkə arasında birgə layihələrə mənfi təsir göstərə bilər. Son iki ildə İranla Azərbaycan arasında emal sənayesində əməkdaşlıq güclənmişdi. Azərbaycan İran birgə avtomobil istehsalı zavodu və eləcə də dərman emalı zavodlarının qurulması da bundan xəbər verirdi. Hesab edirəm ki, mövcud geosiyasi gərginlik birgə layihələrə mənfi təsir göstərəcək və xüsusən gələcəkdə iki ölkə arasında birgə layihənin icrası baxımından müəyyən çətinliklər yarada bilər. Artıq bank transfertlərində çətinliklər var. Əgər sanksiyalar qalarsa və genişlənərsə, təbii ki, bu, növbəti illərdə Azərbaycan-İran arasında ticarət dövriyyəsinin azalmasına gətirib çıxarda bilər”.

Yeganə Oqtayqızı

Cebhe.info

 

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений