Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Azərbaycan-İsrail: Münasibətlər yeni mərhələdə



Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın dəvəti ilə Təl-Əviv şəhərinə yola düşüb. Rəsmi səfər çərçivəsində general-polkovnik Zakir Həsənovun İsrailin müdafiə naziri ilə görüşü, Silahlı Qüvvələrin Komanda və İdarəetmə Mərkəzini, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi və digər tədbirlərdə iştirakı nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycan müdafiə naziri ilk dəfədir İsrailə rəsmi səfərə gedir və bu səfərin geniş rezonans doğuracağı şübhəsizdir. Bu səfər İsrailin Azərbaycana "Orbiter 1K" pilotsuz zərbə aparatlarını satması ətrafında yaranmış qalmaqaldan sonraya təsadüf edib. Xatırladaq ki, Azərbaycan tərəfi həmin PUA-ların cəbhə xəttində sınaqdan keçirilməsi barədə istəyinə istehsalçı şirkətin operatorları rədd cavabı verib. Nəticədə şirkətin yüksək vəzifəli meneceri sınağı özü keçirib və hədəfi dəqiq vura bilməyib.

Hərbi ekspert Ramil Məmmədli  “Cümhuriyət” qəzetinə bildirib ki, bu, Azərbaycan müdafiə nazirinin İsrailə ilk səfəridir: “Baxmayaraq ki, indiyə qədər İsrail-Azərbaycan hərbi-texniki əməkdaşlığı ən yüksək səviyyədə olub. Birgə hərbi avadanlıqların, texnologiyaların istehsalından tutmuş, modernləşmə və satınalma proseslərinə qədər İsrail-Azərbaycan hərbi-texniki əməkdaşlığı mövcud olub və inkişaf edib. Ermənistan Azərbaycan münaqişəsində də İsraillə əməkdaşlıq nəticəsində əldə etdiyimiz silahlardan çox yüksək səviyyədə istifadə etmişik”.

Səfərin indi reallaşmasına gəlincə, ekspert qeyd edib ki, Azərbaycan yerləşdiyi coğrafi mövqe bəzi hərbi-siyasi tələblərinə görə heç də hər zaman öz maraqlarına uyğun olmur:

“Açıq etiraf etmək lazımdır ki, həm Rusiya, həm İran, həm də Türkiyə Azərbaycanın İsraillə hərbi-texniki əməkdaşlığında heç də maraqlı deyil. Sözün əsil mənasında Türkiyə Azərbaycan-İsrail hərbi əməkdaşlığının inkişaf etməsində o qədər də maraqlı görünmür. Çünki o, özü də istehsalçı ölkədir və burda rəqabət amili də var. Amma göründüyü kimi Azərbaycanın hərbi rəhbərliyi bu məsələdə siyasi iradə nümayiş etdirərək İsrailə səfəri reallaşdıra bildilər. Hesab edirəm ki, səfərin əsas hissəsini müdafiə nazirlərinin görüşləri təşkil etməklə yanaşı, həm də paralel olaraq İsrailin Azərbaycanla birgə əməkdaşlıq etdiyi şirkətlərdə istehsal müəssisələrində tanışlıq da olacaq. Bu səfər birmənalı olaraq İsrail-Azərbaycan hərbi-texniki əməkdaşlığını daha da inkişaf etdirəcək. Bu isə Azərbaycanın maraqlarına uyğundur. Çünki ən yüksək hərbi-texniki istehsal və uzun illər müharibə təcrübəsinə malik olan bir ölkə kimi Azərbaycan İsraildən çox şey öyrənməlidir. Bu baxımdan səfərin davamı münasibətlərin inkişaf etməsinə və son nəticədə Azərbaycanın yeni hərbi-texniki ləvazimatlarla təchiz olunmasına səbəb olacaq. Bir müddət əvvəl Azərbaycanın İsraildən yeni pilotsuz uçuş aparatı alacağı barədə anonslar getmişdi. Artıq bu proses başlayıb. Yəqin ki, bu səfər də həmin prosesin davamı olacaqdır. Hesab edirəm ki, İsrailin Azərbaycanda da maraqları var. Yəni, Azərbaycanla uzunmüddətli işbirliyində olmağı düşünür. Müharibə olan ölkələrə Amerika və onun müttəfiqləri tərəfindən hücum silahlarının verilməsinə embarqo qoyulub. Buna baxmayaraq İsrail bu günə kimi Azərbaycana dəstək olub və bundan sonra da proses davam etdiriləcək”.

İranın reaksiyası...

Ramil Məmmədli qeyd edib ki, bəzən regionda baş verən proseslərdə iri dövlətlər bir çox şeyi anlayışla qarşılayır: “İranın dini icması İsrail-Azərbaycan münasibətlərinə qısqanclıqla yanaşa bilər. Amma İranın hərbi təhlükəsizlik qurumları vəziyyəti çox yaxşı anlayır. Azərbaycan İranla da hərbi-texniki əməkdaşlıq çərçivəsində müəyyən fəaliyyət göstərir. Yəni, Azərbaycan İrandan silah alır. Bunu ötən il aprel döyüşləri zamanı Azərbaycan qeyri-rəsmi şəkildə bəyan etmişdi. Söhbət artilleriya qurğularından gedir. Təbii ki, digər açıqlanmayan sahələrdə də əməkdaşlıq var. Azərbaycan İsraillə olduğu kimi İranla da hər hansı istiqamətlərdə əməkdaşlıq göstərir. Bu baxımdan bu məsələdə İranın Azərbaycana irad tuta biləcəyi məqam yoxdur. Burda söhbət biznesdən gedir. Biz İsraildən silah almaqla bu ölkənin siyasi və hərbi-siyasi nəzarətinə düşmürük. Yəni, İranın hər hansı iddiası bununla bağlı ola bilməz. Burada söhbət tək İrandan yox, həm də Rusiyadan gedir. Bildiyimiz kimi Rusiya postsovet ölkələrində baş verən hərbi-texniki irəliləyişdə öndə özünü görmək istəyir. Rusiya çalışır ki, köhnə sovet ölkələrinin ordularının modernləşməsi prosesində ilk olaraq öz istehsalı olan hərbi avadanlıqlar alınsın. Amma göründüyü kimi tələb tamamilə başqa cürdür. Ona görə burda İsrailə tək İran yox, Rusiya da rəqib ölkədir.

Bəzən məsələləri çox siyasiləşdirirlər. Əslində bu, o qədər də siyasi deyil. Əlbəttə, İranla İsrail düşmən ölkələrdir və ciddi problemləri var. Amma İran yaxşı bilir ki, Azərbaycanın ərazilərini Ermənistan işğal edib və biz hərbi əməliyyatlarda İsrail istehsalı olan hərbi məhsullardan istifadə edirik. Amma o məhsulları İran istehsal edə bilməz və yaxud da həmin hərbi məhsulları yüksək səviyyədə istehsal edə bilmir. Zənnimcə, bu, İran siyasi rəhbərliyinin əsaslı iddiası ola bilməz. İranın dini icması İsraili düşmən ölkə olaraq bəyan edib. İranın dövlət siyasəti İsrailə qarşı aksiyalara yönəlib. Ola bilsin ki, bu, hansısa aksiyalarla qarşılana bilər və yaxud da Azərbaycanda İrana bağlı olan qüvvələr İsrail səfirliyinin və ya Müdafiə Nazirliyinin qarşısında hər hansı etiraz aksiyası keçirməyə cəhd edə və yaxud da hansısa bəyanatlar verə bilərlər. Amma bu heç də hər şeyi həll etmir. Əsas Azərbaycanın siyasi iradəsidir. Ölkəmiz də bu iradəni nümayiş etdirərək bu gərgin regionda öz hərbi-texniki imkanlarının inkişaf etdirmək üçün İsraillə əməkdaşlıq edir. Bu  da birbaşa Amerika silahlarına malik olmaq deməkdir. Türkiyənin özündə İsrail-Azərbaycan hərbi-texniki əməkdaşlığına ciddi şəkildə qısqanclıqla yanaşanlar var. Hətta Türkiyə dövlətinin rəsmi dairələri səviyyəsində bu əməkdaşlığa müdaxilə etmək istəyənlər də var. Amma Azərbaycan siyasi iradə nümayiş etdirərək bu məsələdə İsraillə birgə layihələrin həyata keçirilməsində israrlıdır”.

“Vəfa Quluzadə İsrailə gizli səfər etmişdi ki, cənub qonşumuz qıcıqlanmasın”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Müdafiə naziri Zakir Həsənovun Polşanın ardından İsrailə getməsi, Azərbaycan-İsrail münasibətləri tarixində yeni səhifədir: “İsrailin prezidenti, baş naziri və xarici işlər naziri dəfələrlə Azərbaycanda rəsmi səfərlərdə olublar, ancaq eyni səfərləri Azərbaycan rəsmiləri İsrailə həyata keçirməyiblər. Hətta Heydər Əliyevin hakimiyyəti dövründə mərhum müşavir Vəfa Quluzadə İsrailə gizli səfər etmişdi ki, cənub qonşumuz qıcıqlanmasın”.

Politoloq onu da qeyd edib ki, Azərbaycan İsraildən milyardlarla dollar dəyərində silah-sursat alır, üstəgəl, erməni lobbisi son zamanlar iki ölkə arasındakı hərbi əməkdaşlığa kölgə salmaq üçün İsrail mətbuatında saxta faktlara əsaslanan məqalələr yayımlayır: “Demək istər-istəməz Azərbaycan rəsmilərindən kimsə İsrailə səfər edib əməkdaşlığın mövcud durumunu və bu prosesə mane olmaq istəyən qüvvələrin qarşısının alınması mövzusunu müzakirə etməli idi. 

İki ölkə arasında əməkdaşlığın hərbi hissəsi ağır gəldiyindən müdafiə nazirinin səfərinə üstünlük verilib. Bu səfər prezident İlham Əliyevlə razılaşdırılıb. Ən maraqlısı odur ki, İlham Əliyev Astanada İran prezidenti Həsən Ruhani ilə görüşüb onun gələn ay Azərbaycana səfərini müzakirə edərkən, müdafiə nazirini İsrailə göndərdi. Düşünürəm ki, İrandakı mollaların nə deməsindən asılı olmayaraq rəsmi Bakı bu yolla İsraildə səfirliyin açılması prosesini də sürətləndirə bilər. Onsuz da Tehran Azərbaycanla əməkdaşlığın miqyasını azaltmayacaq, bu onun da xeyrinədir, ortada çox böyük regional layihələr var”.

Yeganə Oqtayqızı
Cebhe.info

 

 

 

 

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений