Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycan ordusu - 100: Paradda görəcəyimiz İLKLƏR: Həm də əcnəbilərin gözü qarşısında



Axırıncı dəfə Azərbaycanda hərbi paradın keçirilməsi 5 il öncə 2013-cü ilə təsadüf etmişdi. Azərbaycan Cümhuriyyətinin yaranmasının 95 illiyi ilə bağlı keçirilmiş hərbi parad ölkəmizdə çox böyük marağa, düşmən Ermənistanda isə qorxuya səbəb olmuşdu. 

26 iyun tarixi Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyidir. Bu münasibətlə Bakının Azadlıq meydanında çox möhtəşəm və genişmiqyaslı hərbi parad olacaq. Artıq bir neçə gündür ki, bu paradın möhtəşəmliyi sadə insanından tutmuş məmuruna kimi hamının dilindən düşmür. Hətta, bir neçə gündür parada hazırlaşan hərbiçilərimizin Bakı səmasında uçuşlarının videogörüntüləri də yayılıb. Ekspertlər bildirir ki, bu dəfəki parad bir sıra məqamları ilə indiyənə kimi keçirilənlərdən seçilir. İddia olunur ki, həm Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının yubileyi ili olması, həm də bir müddət əvvəl Müdafiə naziri Zakir Həsənovun jurnalistlərə verdiyi müsahibəsində bəzi aspektləri açıqlaması, həmçinin hərbiçilərimizin çox ciddi hazırlığı bir daha paradın möhtəşəm keçiriləcəyindən xəbər verir. Bu hələ hamısı deyil. 

Qardaş ölkənin “Türk şahinləri”nin paradda iştirakı tədbirə xüsusi rəng qatacaq. Bununla yanaşı ilk dəfə Türkiyə hərbçiləri paradda keçid edəcəklər. Bu, iki ölkənin aralarındakı isti münasibəti, strateji müttəfiqliyi göstərməklə yanaşı, həmçinin dünyaya da bir mesaj rolunu oynayır. Bununla hər iki ölkə bir-birlərinin daim yanında olduğunu, beynəlxalq ictimaiyyətə isə iki qardaş dövlətin ortaq güc nümayişini göstərmiş olacaq.  

Sonuncu dəfə keçirilmiş paradda 5 min əsgər, 300-dən çox hərbi texnika və silah, 100-dən çox hərbi hava aparatı, helikopter, 40-a yaxın gəmi və qayıqlar nümayiş etdirilmişdi. Həmçinin ilk dəfə olaraq, yerli istehsal olan pilotsuz qırıcı təyyarə, zenit raket sistemləri, minaatan sistemlər və “U” zenit-raket kompleksləri göstərilmişdi. Sabahkı 26 iyunda keçirilməsi planlaşdırılan parad şübhəsiz ki, Azərbaycanın xeyli dərəcədə böyümüş hərbi arsenalının və qüdrətinin göstəricisi olacaq. Hərbi paradda Azərbaycan öz hərbi parkındakı ən müasir döyüş maşınlarını və silah sistemlərini parada çıxarmaqla öz gücünü nümayiş etdirəcək.

Bir neçə gün əvvəl müdafiə naziri Zakir Həsənovun jurnalistlər qarşısında bəzi alınan silahlarla bağlı açıqlama verməsi bu dəfəki paradda xeyli yeni hərbi texnikanın ictimaiyyətə göstəriləcəyinin mesajıdır. O, bütün döyüş maşınlarının yeniləndiyini söyləyərək yeni tanklar, piyadaların döyüş maşınları, döyüşlərdə istifadə olunan zirehli maşınların alındığını vurğulayıb. Həmçinin, sadalanan texnikaların iyunun 26-da keçiriləcək hərbi paradda nümayiş etdiriləcəyini qeyd edib. Nazir jurnalistlərlə görüşündə ordumuzun hazırda ən müasir texnikalarla idarə olunduğunu bildirib və qeyd edib ki, artıq Azərbaycan ən müasir, uzaq vuran raket və artilleriya sistemlərinə malikdir. Bu isə Azərbaycana sözügedən raketlərlə Ermənistanın istənilən yerüstü və hava hədəfini məhv etməyə imkan verir. Sözügedən texnikalar da paradda nümayiş etdiriləcək. Daha bir nümayiş olunacaq yeni texnika isə raket hücumu əleyhinə qalxan sistemidir. Nazir Z.Həsənov bildirib ki, çoxları elə bilir ki, Azərbaycanda belə sistemlər ola bilməz, ancaq paradda görəcəksiniz ki, onlar nədir. Zakir Həsənov qeyd edib ki, bu yalnız alınan yeni silahların bir qismidir.  

Müdafiə naziri qalxan sisteminin hansı olduğunu konkretləşdirməsə də ekspertlər hesab edir ki, söhbət İsrail istehsalı olan “Dəmir günbəz” raket (havadan) müdafiə sistemlərindən gedir. Yüksək dəqiqliyi ilə seçilən bu texnikalar hazırda çox az ölkədə var ki, onlardan biri də Azərbaycandır. 

Keçiriləcək hərbi paradda nə kimi yeniliklər olacağı ilə bağlı fikirlərini Cebhe.info-la bölüşən ekspert Üzeyir Cəfərov bildirdi ki, istənilən bu cür tədbirlər böyük əhəmiyyətə malikdir. Bu dəfəki paradın ötənkilərdən xeyli fərqlənəcəyini istisna etməyən Ü.Cəfərov hesab edir ki, sürprizlər də az olmayacaq: 

"Nümayiş etdiriləcək silahlar içərisində elələri var ki, indiyə kimi heç vaxt paradlarda göstərilməyib. Son illərdə Azərbaycan Silahlı Qüvvələri ayrı-ayrı ölkələrdən ən müasir, yəni, 4-cü nəsil silah-sursat alıb. Amerika istehsalı olan ”Bell-412" helikopterləri ilk dəfə nümayiş olunacaq. Bu texnika Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına bu yaxınlarda verilib. Parada ilk dəfə cəlb olunacaq texnikalar sırasında dəniz əməliyyatları üçün “K-27" və ”Mİ-17" nəqliyyat helikopterləri də var. O cümlədən, “Mİ-24", ”Mİ-24C", “Mİ-35" döyüş helikopterləri, İsraildən alınan yeni hərbi avadanlıq, Belarusdan alınan texnikanın da paradda nümayişi gözlənilir”.

26 iyunda keçiriləcək hərbi parad təkcə yeni texnikaların nümayişi ilə deyil bir başqa özəlliyi ilə də yaddaşlarda qalacaq. Belə ki, bu dəfəki parada çox böyük miqyasda xarici qonaqlar dəvət olunub. İddialara görə, xarici qonaqların arasında Azərbaycanın ən çox hərbi texnika aldığı İsrailin Müdafiə naziri Aviqdor Libermanın da adı olsa da, ən son anda o Bakıya gəlməkdən imtina edib. Ehtimallara inansaq buna səbəbin İranın müdafiə naziri Əmir Hatəminin də Bakıya dəvət edilməsidir. Amma bu İsraildən heç bir nümayəndə heyətinin parada qatılmayacağı demək deyil. Belə ki, Müdafiə naziri Aviqdor Liberman Azərbaycana gəlməsə də, İsraildən böyük nümayəndə heyəti paradda zabit qrupu ilə təmsil olunacaq.

Ekspertlərin fikrincə, parada xeyli xarici qonağın dəvət olunması məqsədli şəkildə olunub. Çünki təbiri izləyəcək xarici qonaqlar, ölkələrinə qayıdar-qayıtmaz parad və gördükləri texnikalarla bağlı fikirlərini öz dövlətlərinin rəhbərliyinə çatdıracaq. Bununla yanaşı paradı heç şübhəsiz ki, Ermənistan rəhbərliyi də canlı yayım zamanı izləyəcək. Təbii ki, parad zamanı Ermənistana da veriləcək mesajı Yerevan hökuməti götürmüş olacaq. 

Ekspertlərin sözlərinə görə, Azərbaycanın son illər hərbi xərclərini artırması, olduqca müasir döyüş sistemləri, dağıdıcı silahlar alması, həmçinin ölkəmizdə yeni hərbi zavodların fəaliyyətə başlaması və bir sıra silahların istehsalını təşkil etməsi Ermənistanda ciddi qorxu yaradıb. Bununla yanaşı strateji müttəfiqimiz, qardaş Türkiyə ilə müntəzəm ortaq təlimlər keçirən Azərbaycan Silahlı Qüvvələri döyüş qabiliyyətini dəfələrlə artıraraq artıq dünyanın 50 ən güclü orduları sırasında yer alır. Bu sırada qonşumuz Gürcüstan 64-cü yerdə qərarlaşsa da, düşmən Ermənistan bu ölkələrin siyahısına düşə bilməyib. Siyahıda Azərbaycan ordusunun 50-ci yerdə olması bir daha rəsmi Bakının istənilən zaman işğal altındakı torpaqlarımızı azad edə bilcəyinin sübutudur. 

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений