Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycan SSRİ-nin sonuncu marşalından şikayət edəcək? - 20 yanvara görə Yazova cəza  - MÜSAHİBƏ



SSRİ-nin sonuncu marşalı Dmitri Yazova qarşı məhkəmə iddiası qaldırılıb. Yazov 1991-ci il yanvarın 13-də Vilnüsdə 15 nəfər dinc insanın qətlinə əmr verməkdə ittiham edilir.  Vilnus məhkəməsində Yazova qarşı qaldırılan iddiada Yazovun əmri ilə öldürülən litvalıların 500-dən çox yaxını iştirak edir. Keçmiş müdafiə nazirinin ömürlük həbsi tələb edilir.  Əgər məhkəmə qərar çıxarsa, bu, Yazovla bağlı yanvar qırğınlarına görə ilk hüquq presedenti olacaq. Hazırda Yazovun 93 yaşı var və Rusiyada yaşayır.

Xatırladaq ki, Yazovun əmri ilə 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakı şəhərində də milli-azadlıq  hərəkatını yatırmaq üçün qırğın törədilib. Nəticədə 136 nəfər dinc insan həlak olub,  744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib. Yanvarın 25-də Neftçalada, yanvarın 26-da isə Lənkəranda daha 8 nəfər qətlə yetirilib. 

Bundan başqa, D.Yazovun müdafiə naziri olduğu dövrdə  Sovet ordusu Tiflisdə və Alma-Atıda  da qırğınlar törədib. 

Əgər Litva məhkəməsi Yazov barəsində həbs qərarı çıxartsa, bu, həmin cinayət işinin  hüquqi cəhətdən tanınması olacaq.  Bəs  Azərbaycan da analoji iddia qaldıra bilərmi? 

Bununla bağlı  Cebhe.info-nun suallarını cavablandıran Azərbaycan “20 Yanvar”  Cəmiyyətinin sədri Sultan Əzimzadə maraqlı faktlar açıqlayıb: 

-Dmitri Yazovun cinayət əməli törətməsi  danılmaz faktdır. Biz 2010-cu ildə “20 Yanvar” Cəmiyyətinin adından Mixail Qorbaçova qarşı iddia qaldırmışdıq. Onun “Nobel” mükafatından məhrum edilməsi, barəsində cinayət işinin açılmasını tələb edirdik.  Biz bu iddiamızla bağlı müraciətimizi  şəhid ailələrinin imzası ilə bütün beynəlxalq təşkilatlara göndərmişdik. Sözsüz ki, heç bir nəticə olmadı və imtina cavabı gəldi. Söhbət yalnız Yazovdan getmir. 20 yanvar cinayətinin baş verməsində  Dmitri Yazovla bərabər başqa insanların da əli var. Bu qərarı Yazov verməyib. Həmin qərarı vermək səlahiyyəti o vaxt hökumət sayılan Nazirlər Sovetinə  və qanunverici orqan olan Ali Sovetə məxsus idi.  Qorbaçov isə siyasi cəhətdən Mərkəzi Komitənin katibi idi və qanunvericilik baxımından, qərar vermək hüququ yox idi.  Yazov isə icraedici məmur olub.  Mən hələ 1990-cı ilin noyabr ayında “Aydınlıq” və digər  qəzetlərdə yazmışdım ki, Qorbaçov, Yazov, Bakatin, Ayaz Mütəllibov, Əfran Daşdəmirov  cinayət məsuliyyətinə cəlb olunmalıdır.  Sadəcə olaraq, o zaman müəyyən sənədlər əlimizdə olmadığına görə bəzi reallıqları dərk etmirdik. Sonradan bir sıra sənədlər, faktlar əlimizə keçdi. Məlum oldu ki, Azərbaycanda törədilən qırğınlar  Litvadan və Gürcüstandan fərqlidir. 

- Fərq nədədir? Əgər Litva məhkəməsi  Yazovun  cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar çıxarsa, Azərbaycan da qanlı yanvar cinayətinin 28 ildən sonra da olsa layiqli qiymətini alması üçün əlavə iddia qaldıra bilərmi?   
- Məsələ burasındadır ki, nə Litvada, nə də Gürcüstanda kimsə öz xalqını qırdırmaq üçün qoşun göndərmək barədə Moskvaya müraciət edib. Amma Azərbaycana qoşun göndərilməsi üçün hökumətin adından Moskvaya rəsmi müraciət edilib.  Əgər Azərbaycan da Litva kimi iddia qaldırsa, Yazov da həmin sənədləri çıxarıb ortalığa qoyarsa, o zaman biz nə cavab verəcəyik?  Sovet ordusunun Bakıya yeridilməsi ilə bağlı müraciətə Artur Rəsizadə, Ayaz Mütəllibov və Həsən Həsənov müəmması var. Həmin teleqramı mən 1991-ci ildə Ali Sovetin  Deputat İstintaq Komissiyasında  gözümlə görmüşəm.  27 yanvar 1990-cı ildə Daxili İşlər Nazirliyindən rus qoşunlarının Bakıya girib milləti qanına qəltan eləməsində fəallıq göstərdiyinə görə orden-medal  və paqon yüksəlişi alanların siyahısını istəsəniz,  görün kimlərin adı çıxacaq.  Bu millətə xəyanət edənlər görün ki, hansı yüksək vəzifələrə yüksəliblər. Onların arasında “Qızıl ulduz” ordeni, vaxtından əvvəl rütbə alanlar var. Onlar yenə milləti satmağa hazırdırlar.  

-Litva Avropa Birliyinin üzvü olduğuna görə Yazovun barəsində həbs qərarının çıxarılması bu cinayət əməlinin digər ölkələr  tərəfindən və  beynəlxalq  səviyyədə tanınmasına imkan yaradır. Azərbaycan bu imkandan istifadə edib  20 yanvar hadisələrinə real qiymət vermək imkanına malik deyil? 
- Əgər bu prosesə qoşulsaq, bizə ilk növbədə,  ən azı qeyri-rəsmi şəkildə dövlət dəstəyinin göstərilməsi lazımdır.  Bizim səsimiz cənab prezidentə çatsa, inanıram ki, dəstək olacaq. Amma təəssüf ki, səsimizi cənab prezidentə çatmağa qoymurlar. Aşağıda isə bizə  bu dəstəyi verən yoxdur. 29 ildir biz yazırıq. 12 ildir mən təşkilatın sədri kimi cənab prezidentə müraciət edirəm ki, 20 yanvar əlili  damdan, ağacdan yıxılan əlillə eyni statusa malikdir.  20 yanvar əlillərinin sənədlərində “bədbəxt hadisə” nəticəsində əlil olduğu yazılıb. 20 yanvar əlilləri dəfələrlə səlahiyyətli orqanlara müraciət ediblər. Nəticəsi olmayıb. Artur Rəsizadəyə, Füzuli Ələkbərova 20-25 müraciətim var. 

Bir çox nazirlər əslində vəziyyəti yaxşı bilir və bir cavab yazıb göndərməklə öz işini bitmiş hesab edir. 2017-ci ilin yanvar ayında baş nazirin müavini Əli Əhmədovla görüşümdən  sonra göndərdiyim məktuba hələ cavab almamışam. Lazım olan bütün sənədləri təqdim etsəm də, nəticəsi olmayıb.  Bu gün qəbul olunan qanunların heç biri 20 yanvar əlillərinə şamil edilmir. Faktiki olaraq, bu gün 20 yanvar əlilinin sənədində “əmək zədəsi” yazılır. Mən bunu vitse-spiker Bahar Muradovaya dedim.  O, isə Dini Qurumlar üzrə Dövlət Komitəsinin təşkil etdiyi tədbirdəki çıxışında bildirdi ki, başqa dövlətlər  20 yanvara qiymət vermir.  Mən də dedim ki, Bahar xanım, Azərbaycanda 20 yanvara hansı qiymət verilir ki, başqa dövlətlərdən də qiymət gözləyirsiniz?  O da dedi ki, mənə müraciət elə, həll edərik. Üstündən dörd il keçib, cavab gəlməyib. Mənim ümidim prezidentimizədir.  

- Böyük ehtimalla, Litva məhkəməsi Yazovun həbs edilməsi barədə qərar çıxartsa, Gürcüstan da eyni iddia ilə çıxış edəcək. Belə çıxır ki, Azərbaycanda törədiən 20 yanvar qırğınına hüquqi qiymət verilməyəcək? 
- Biz şəxsi büdcəmiz hesabına Gürcüstanla müəyyən əlaqələr yaratmışıq və gedib-gələ bilirik. Amma Qazaxıstana, Litvaya gedib-gələ bilmirik. Dəfələrlə rəsmi orqanlara müraciət etmişəm ki, əlaqələrin yaradılması, bu işin gələcəkdə beynəlxalq məhkəməyə  çıxarılması üçün bizə dəstək verin, maddi yardım göstərin.  İki-üç il bundan əvvəl Qazaxıstandan dörd nəfər nümayəndə 20 yanvarın ildönümü ilə bağlı Azərbaycana  gəlmək istədi. Azərbaycanın Qazaxıstandakı səfirliyindən mənə zəng etdilər ki, bu adamlar gəlmək istəyir. Dedim onları qəbul etmək üçün mənim maddi imkanım yoxdur. Siz Xarici İşlər Nazirlıyi  və ya müəyyən dövlət strukturları ilə danışın, bu səfər baş tutsun. Heç olmasa, mehmanxana xərcini hökumət  orqanları versin, yemək xərcini mən çəkərəm.  Bizim dövlətin adından danışanlar bunu etmədilər. 

Gürcüstandan gələnlərin xərcini isə öz cibimdən ödədim. Litvadan da həmçinin. Ancaq Tiflis meriyası pul ayırdı, “9 aprel” Fondu getdi Litvada tədbirlərdə iştirak etdi. Amma bizə maliyyə ayırmadılar.  Litvanın nümayəndəsi, millət vəkili gəldi Gürcüstanda  9 aprel faciəsinin muzeyini ziyarət elədi, hadisələrin baş verdiyi yerə baxdı. Amma bizimkilər bunu etmədi. 20 yanvar Azərbaycan xalqının tarixidir. Biz  bütün tədbirləri cibimizin pulu ilə edirik. Emin Həsənlinin maliyyə dəstəyi sayəsində, bu günlərdə Türkiyəyə səfər etmişdik.  Sağ olsun Emin bəy, böyük təşkilatçılıq göstərdi.  Karandaşı belə özümüz alırıq. “Qanpulu” məsələsi  illərlə müzakirə olundu. İndi bu yardım 20 yanvarda şəhid olanlara və əlillərə şamil olunmur.  Nəyə görə?  Mən yenə də 20 yanvar faiciəsinin gerçək qiymətini alması üçün əlimdən gələni etməyə hazıram.  Amma özbaşıma iş görmək istəmirəm. Qorbaçovu məhkəməyə verəndə dövlətlə məsləhətləşmişdim. İndi də elə etmək lazımdır ki, pis vəziyyətdə qalmayaq.

Müşfiq Abdulla  
Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений